Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Köln şəhərində “Qara Qarayev – ölməz düha” adlı tədbir keçirilib

Almaniyanın Köln şəhərinin məhşur "Sankta Klara" kamera musiqi zalında, görkəmli  Azərbaycan bəstəkarı Qara Qarayevin xatirəsinə həsr olunmuş "Qara Qarayev - ölməz düha" adlı konsert proqramı keçirilib.

Tədbir Köln şəhərinin mədəniyyət şöbəsinin, Alman - Azərbaycan Forumunun dəstəyi və Avropa Əməkdaşlıq Forumunun təşkilati yardımı ilə baş tutmuşdur.

Tədbirdə Alman-Azərbaycan Forumunun mədəniyyət və incəsənət şöbəsinin rəhbəri Samira Patzer-İsmailova giriş sözü ilə çıxış edərək, dahi bəstəkar Qara Qarayevin yaradıcılığından geniş məzmunda bəhs edib.

Tədbirdə iştirak edən Azərbaycan və Alman müsiqiçiləri  - Azərbaycan Respublikasının Əməkdar artisti Elnarə İsmayılova (piano), Anar İbrahimov (skripka),  Martin Lindsej (vokal) Qara Qarayevin kamera-instrumental əsərlərini ifa etmişlər. Konsert çərçivəsində Qara Qarayevin seçilmiş prelüdləri, "Don Kixot" simfonik qravüralarından parçalar, skripka və fortepiano üçün sonata, "Yeddi gözəl" baletindən səhnələr, rus ədəbiyyatının görkəmli nümayəndəsi olan  Aleksandr Puşkinin sözlərinə bəstələnmiş iki romansı, həmçinin başqa əsərləri səsləndirilib.

Tədbir zamanı Köln şəhərinin mədəniyyət şöbəsinin rəisi Dr.Kristof Müller, WDR  radio və televiziya şirkətinin nümayəndəsi, Qara Qarayev musiqisinə yazılan disklərin prodüseri  Bernhard Valerius, Köln Musiqi Akademiyasının prorektoru - professor Tilman Klaus,  qiraətçi sənətkar Peter Tonqer, Köln Musiqi Akademiyasının dekanı Brigitte Lindner, Azərbaycan diasporun və Alman ictimaiyyətinin  üzvləri iştirak etmişlər.

Eyni zamanda, tədbirdə Köln şəhərində yaşayan rəssam Margarita Kərimova-Sokolovanın Qara Qarayev musiqisinə həsr etdiyi  rəsm əsəri,  pianoçu Elnarə İsmayılovanın Qara Qarayevin fortepiano əsərlərindən ibarət olan və Almaniyanın WDR şirkətinin dəstəyi ilə yazılmış diski, daha sonra Almaniyanın "Bellman" nəşriyyatında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş "Qara Qarayevin fortepiano üçün  seçilmiş əsərləri" nümayiş etdirilib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 Dekabr 2019 11:10 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə