• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanda nasizm tüğyan edir

Ermənistanda nasizm tüğyan edir

Beynəlxalq Mətbuat Mərkəzində “Ermənistan: nasizmin tüğyan etdiyi ölkə” mövzusunda mətbuat konfransı keçirilib.
Rusiyalı tarixçi və hüquqşünas, professor Oleq Kuznetsov konfransda SSRİ Xalq Daxili İşlər Komissarlığının (XDİK) 1930-cu illərdəki arxivində erməni daşnaklarına aid faktlarla bağlı məlumat verib. Bildirib ki, 1930-cu illərin əvvəllərində bolşevik Rusiyasında daşnaklara xüsusi rəğbət olub. 
Məxfi hesabatlarda qeyd olunub ki, daşnaklar özlərini bolşeviklərə ideoloji tərəfdaş kimi göstərməyi bacarıblar.  Rusiyalı alimin fikrincə, 1930-cu illərin ortalarında Adolf Hitler Almaniyada iqtidara gəldikdən sonra Daşnak partiyasının liderlərindən olan Qaragen Nijde ABŞ-ın Boston ştatında irqçi təşkilat yaradıb.
 O.Kuznetsov SSRİ Xalq Daxili İşlər Komissarlığının 1935-ci il arxiv materiallarını konfrans iştirakçılarının diqqətinə çatdıraraq deyib ki, Nijde ermənilərin dünyanın əksər millətlərindən üstün olduğunu bəyan edirmiş. Hətta onun ideologiyasına görə, ermənilər ali irqin nümayəndələri kimi digər xalqları məhv etmə səlahiyyətinə malikdir. Q.Nijdenin bu cür sərsəm fikirlərindən sonra o, ABŞ-dan qovulub.
Məxfi sənədlər əsasında danışan Kuznetsov diqqətə çatdırıb ki, daha sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşıb. Məhz irqçi fikirlərinə görə, 1936-cı ildə Hitler hakimiyyəti tərəfindən himayə olunub. Həmin dövrlərdə faşizmin təbliği ilə bağlı çoxlu sayda məqalənin yazılması barədə faktların SSRİ XDİK-nin arxivlərində yer aldığını deyən rusiyalı qonaq bildirib ki, erməni faşizmi XX əsrin ortalarında tam şəkildə formalaşmışdı.
Oleq Kuznetsovun sözlərinə görə, SSRİ XDİK-i 1930-cu illərin sonlarında artıq bundan narahat olmağa başlayıb. Bu səbəbdən SSRİ-dəki daşnaklara qarşı kütləvi repressiyalar aparılıb. Rusiyalı tarixçinin araşdırmalarına görə, hətta SSRİ təhlükəsizlik orqanları siyahı tərtib edərək daşnakları 3 qrupa bölüb. Bu qruplardan ən təhlükəliləri Daşnaksutyun partiyasının üzvləri, sonra 1921-ci ildə daşnak üsyanında iştirak edən şəxslər və üçüncüsü daşnak ideologiyasına meyil göstərənlər idi.
Tarixçi alim deyib: “DTK-nın İkinci Dünya müharibəsi ilə bağlı arxiv sənədlərindən aydın görmək olur ki, erməni daşnakları həmin dövrlərdə xüsusi qəddarlıqla kütləvi qırğınlar törədiblər. Alman faşistləri ilə birlikdə əsir düşərgələrindəki insanlara işgəncələr verilməsində və sovet ordusuna qarşı döyüş əməliyyatlarında iştirak ediblər”. 
O.Kuznetsov Nijdenin Birinci Dünya müharibəsi illərində də xüsusi vəhşiliklər törətdiyini bildirib. 1912-1913-cü illərdə Balkan müharibəsində bir sıra Avropa ölkələrinin xüsusi xidmət orqanlarının hazırladığı hesabatda Nijdenin Bolqarıstan dövləti ərazisində türk kəndlərində törətdiyi amansız qırğınlar faktlarla göstərilib.
Yeri gəlmişkən,  bu günlərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) erməni terrorçu-daşnak qüvvələrinin terror əməllərini sübut edən nadir arxiv sənədlərini yayıb. Bu sənədlər bir daha əyani şəkildə göstərir ki, erməni-daşnak qüvvələri son iki yüz il ərzində Azərbaycan xalqının məhv edilməsi və onun torpaqlarının qəsb olunması istiqamətində qəddar və məkrli siyasət aparıblar və acı təəssüf ki, bu gün də Ermənistanda azərbaycanlılara, bütövlükdə, türklərə qarşı ağır terror və təxribatlar davam etdirilir. 
Nəzərə almaq lazımdır ki, dünya erməniliyinin  türklərə və azərbaycanlılara  qarşı qatı millətçi davranışlarının təməlində Q.Nıjdenin düşüncələri yer alır. Bu faşist ideoloqu bütün həyatı boyu türklərə düşmən mövqedə olmuşdur. O, öncə savaş meydanında türklərə divan tutmağa çalışmışdır. Qəddarlıqda Andranikdən geri qalmayan bu şəxsin tökdüyü qanın, qətlə yetirdiyi günahsız insanların sayı-hesabı yoxdur. O.Kuznetsov bu istiqmətdə elmi-publisitik tədqiqatlarını davam etdirəcəyini bildirdi.  
Nəhayət, Ermənistanda iki il əvvəl belə bir adama heykəl qoyulması, onun haqqında filmlər çəkilməsi, kitablar yazılması o deməkdir ki, nasizm bu ölkədə hələ də tüğyan edir. 

Məsaim ABDULLAYEV, 
“Xalq qəzeti” 

21 2018 00:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin