Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qafqaz arxeologiya elminin ağsaqqalı

Rauf Munçayev – 90

Qafqaz arxeologiya elminin ağsaqqalı

Yaxın Şərq və Avropa mədəniyyətlərinin qovşağında yerləşən Qafqaz bəşər tarixinin bütün mərhələlərinə aid abidələrlə zəngindir. Qafqaz abidələrinin arxeoloji tədqiqinə hələ XIX əsrdə başlanmışdır. Bütün bu uzun tədqiqat tarixində ən layiqli yerlərdən birini tutan və çox sanballı kəşflərə imza atan alimlərdən biri də dünya şöhrətli arxeoloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Rauf Məhəmməd oğlu Munçayevdir. Bu günlərdə görkəmli alimin 90 yaşı tamam olur.
Rauf Munçayev 1928-ci il sentyabrın 23-də Azərbaycanın ən gözəl guşələrindən biri olan Zaqatalada anadan olmuşdur. Onun uşaqlıq və yeniyetməlik illəri bu şəhərdə keçmişdir. Zaqatalada rus məktəbində orta təhsil almışdır. Orta təhsilin son illərində – erkən yaşlarında rayonun ictimai işlərində çalışmışdır. Zaqatala mühiti, xüsusilə də İkinci dünya müharibəsinin ağır illəri Rauf Munçayevin bir insan kimi şəxsi keyfiyyətlərinin formalaşmasında mühüm rol oynamışdır. 
1945-ci ildə orta məktəbi bitirdikdən sonra Rauf Munçayev Dağıstan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuş və 1949-cu ildə ali təhsili uğurla başa çatdırmışdır. 1949-1953-cü illərdə Moskvada SSRİ EA Maddi Mədəniyyət İnstitutunun (indiki Arxeologiya İnstitutu) aspiranturasında arxeologiya ixtisası üzrə təhsil almışdır. 1953-cü ildə “Dağıstanın tarixində mis və tunc dövrü (e.ə. III-II minilliklər)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1955-ci ildən bu günə qədər REA Arxeologiya İnstitutunda işləyir.
R.Munçayevin bütün bu illər ərzində elmi fəaliyyətinin, çöl tədqiqatlarının əsas istiqamətlərindən birini Dağıstan, Şimali Osetiya, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz, Stavropol və Şimali Qafqazın digər ərazilərində e.ə. IV-III minilliklərə aid arxeoloji abidələrin öyrənilməsi təşkil etmişdir. Məhz R.Munçayevin bu ərazilərdə arxeoloji qazıntılarla tədqiq etdiyi abidələr Şimali və Şərqi Qafqazın göstərilən minilliklərə aid qədim tarixini əks etdirən etalon abidələr kimi dəyərləndirilir.
Gərgin elmi axtarışların nəticəsi olaraq R.Munçayev 1971-ci ildə “Qafqaz eneolit və ilk tunc dövründə” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1975-ci ildə R.Munçayev doktorluq dissertasiyasını son elmi materialları da əlavə etməklə “Qafqaz tunc dövrü ərəfəsində” adlı çox sanballı bir kitab şəklində nəşr etdirmişdir. Bu monoqrafiya bu günə qədər, bütövlükdə, Qafqazın neolit, xalkolit və ilk tunc dövrlərinə aid abidələrinin qazıntılarının yekunlarının bir kitabda ümumiləşdirildiyi yeganə əsər olaraq qalmaqdadır. Bu kitab Qafqazın e.ə. VI-III minilliklər mədəniyyətlərinin tədqiqatları ilə məşğul olan qafqazşünas alimlərin ən çox müraciət etdikləri mühüm elmi informasiya mənbəyidir. 
Əlbəttə, Rauf Munçayevin elmi fəaliyyətinin əsasını e.ə. IV-III minilliklərə aid Şimali Qafqazın Maykop mədəniyyəti və Yaxın Şərqin bu mədəniyyətlə bağlı arxeoloji komplekslərinin araşdırılması təşkil edir. Abidələrinin ilk dəfə qazıntılarına hələ XIX əsrin sonlarından başlanmış Maykop mədəniyyəti görkəmli qafqazşünas arxeoloqlar A.A.İyessen və Y.İ.Krupnov tərəfindən XX əsrin 60-cı illərinə qədərki mövcud elmi informasiyalar əsasında araşdırılmışdır. Lakin, bütövlükdə, Avrasiya arxeologiyasında mühüm əhəmiyyət kəsb edən, Rusiya alimləri ilə yanaşı Avropa alimlərinin də diqqət mərkəzində olan Maykop mədəniyyətinin məhz R.Munçayevin arxeoloji qazıntıları, təhlilləri əsasında Qafqaz arxeologiyasında yeri daha dəqiq müəyyənləşdirilmiş, bu mədəniyyətin Mesopotamiya mənşəli olması barədə məsələyə daha ətraflı aydınlıq gətirilmişdir.
Maykop mədəniyyətinin onilliklər ərzində tədqiq edilməsinə baxmayaraq, onun kökləri olan ənənələrin Yaxın Şərqdən Şimali Qafqaza hansı istiqamətlərlə necə gedib çatdığı məsələsi Qafqaz arxeologiyasında həllini tapmamış mühüm elmi problem olaraq qalmaqda idi. XX əsrin 80-ci illərində görkəmli Azərbaycan arxeoloqu,  R.Munçayevin yaxın dostu olmuş mərhum İdeal Nərimanov Qarabağda Leylatəpə adlı yaşayış məskənində apardığı qazıntılarla eyni adlı mədəniyyəti kəşf etmiş oldu. Bu abidənin də arxeoloji materialları Maykop mədəniyyətində olduğu kimi, Mesopotamiya ənənələri ilə tam səsləşirdi. 
Son 15 ildə Azərbaycanda – ­Ağstafa, Qəbələ, Ağdam, Cəlilabad və s. rayonlarda  Leylatəpə mədəniyyətinə aid çoxsaylı abidələrin aşkar edilərək qazılması e.ə. IV minilliyin birinci yarısında Şimali Mesopotamiya – Şərqi Anadoludan Cənubi Qafqaza, xüsusilə də Azərbaycan ərazisinə kütləvi axınların – miqrasiyaların baş verdiyini və bunun nəticəsində indi elmdə Leylatəpə adlandırılan mədəniyyətin yarandığını, onun daşıyıcılarının müəyyən qisminin Şimali Qafqaza köçməsi nəticəsində orada Maykop mədəniyyətinin təşəkkül tapdığını göstərmişdir. Məhz bu səbəbdən R.Munçayev Yaxın Şərq – Qafqaz mədəni ənənələrinin bağlılığı tarixinə dair  son on ildəki tədqiqatlarında Leylatəpə mədəniyyəti problemlərini geniş təhlil etmişdir.
Məlumdur ki, Yaxın Şərq, o cümlədən indiki İraq və Suriya ərazilərindəki mədəniyyətlər dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biri hesab edilir. Məhz bu səbəbdən qədim Mesopotamiya mədəniyyətləri ABŞ və Avropa dövlətlərinin maraq dairəsində olmuşdur. Həmin ölkələrin alimləri hələ XIX əsrdən bu regionda tədqiqatlar aparmağa başlamışlar. Əlbəttə, bu qədim mədəniyyət ocağında digər qüdrətli dövlətlər kimi, SSRİ-nin də elmi və bununla yanaşı, siyasi maraqları da var idi. Ötən əsrin 60-cı illərində R.Munçayev ardıcıl olaraq Əfqanıstan, Bolqarıstan, Hindistan və Monqolustanda arxeoloji qazıntılarda iştirak edirdi. O, 1969-cu ildən 2010-cu ilədək Mesopotamiyada çalışan ilk Sovet-Rusiya arxeoloji ekspedisiyasının rəhbəri olmuşdur. Bu ekspedisiya 1985-ci ilə qədər İraqda, 1988-2010-cu illərdə isə Suriyada e.ə. VIII-III minilliklərə aid abidələrdə arxeoloji qazıntılar aparmışdır. Qeyd etmək lazımdır ki, ekspedisiyanın rəhbəri olan R.Munçayevin səyləri nəticəsində onun Azərbaycandan olan yaxın dostu və həmkarı İdeal Nərimanov da bu ekspedisiyanın tərkibinə daxil edilmişdir. 
R.Munçayevin rəhbərliyi ilə aparılmış Mesopotamiya tədqiqatları bu qədim sivilizasiyanın ənənələrinin Qafqazda yayılması, neolit-tunc dövrlərində Yaxın Şərq–Qafqaz mədəni-iqtisadi əlaqələrinin tarixinin öyrənilməsi işinə böyük töhfələr vermişdir. Bütün bu mədəni-tarixi proseslərdə Azərbaycan abidələrinin xüsusi yeri vardır və həmin abidələrlə bağlı elmi problemlər R.Munçayevin əsərlərində ətraflı işıqlandırılmışdır.
Uzun illər ərzində Suriyada apardığı tədqiqatlar R.Munçayevin elmi fəaliyyətinin böyük bir dövrünü təşkil edir. Buradakı e.ə. IV-III minilliklərə aid I Tell-Xəznə yaşayış yerində 1988-2010-cu illərin çöl mövsümlərində R.Munçayevin rəhbərliyi ilə aparılmış arxeoloji qazıntılar Rusiya arxeologiya elminin Mesopotamiya tədqiqatları tarixinin ən parlaq səhifələridir. Tell-Xəznədə aparılmış arxeoloji qazıntıların nəticələrinə dair 2004-cü ildə və 2016-cı ildə nəşr olunmuş ikicildlik “I Tell-Xəznə. Şimali-şərqi Suriyada e.ə. IV-III minilliklərə aid dini-inzibati mərkəz” («Телль Хазна I. Культово-административный центр IV-III тыс. до н.э. в Северо-восточной Сирии») adlı fundamental əsər qeyd edilən minilliklərə aid Şimali Mesopotamiyanın, eyni zamanda Mesopotamiya – Qafqaz əlaqələrinin tarixinin öyrənilməsi üçün əvəzedilməz elmi informasiya mənbəyidir.
Azərbaycan arxeologiyası mövzusu R.Munçayevin elmi yaradıcılığında müəyyən yer tutur. Əlbəttə, e.ə. VI-III minilliklərə aid Yaxın Şərq və Qafqazın bir sıra mədəniyyətlərini, bu regionlar arasındakı mədəni-iqtisadi əlaqələrin tarixini Azərbaycan ərazisindəki abidələri cəlb etmədən tam dolğun şəkildə öyrənmək mümkün deyildir. Bu baxımdan Azərbaycanın onlarca arxeoloji abidələri, bu abidələrdən aşkar olunmuş çoxsaylı maddi mədəniyyət qalıqları R.Munçayevin əsərlərində təhlil edilmişdir.  Keçən əsrin 70-ci illərinin əvvəllərinə qədərki qazıntıların nəticələrinin ümumiləşdirildiyi, 1975-ci ildə nəşr olunmuş “Qafqaz tunc dövrü ərəfəsində”  adlı əsərində görkəmli alim Azərbaycan abidələri barədə də geniş məlumatlar vermişdir. Həmin abidələrə əvvəllər də çoxsaylı əsərlər həsr edilmişdir. Lakin ədalət naminə qeyd etmək lazımdır ki, R.Munçayevin haqqında bəhs edilən monoqrafiyasında digər əsərlərdən fərqli olaraq intrepretasiya məsələlərinə geniş yer verilmiş, ilk dəfə olaraq Azərbaycanın neolit-ilk tunc dövrü arxeoloji abidələrinin Qafqaz-Yaxın Şərq mədəniyyətləri kontekstində təhlili aparılmış, onların bu nəhəng tarixi-mədəni arealda yeri müəyyən edilmişdir.
Ümumiyyətlə, R.Munçayevin elmi yaradıcılığında Azərbaycan abidələrinə çox tez-tez müraciət edilmişdir. Naxçıvan, Qarabağ, Gəncə-Qazax, Muğan, Quba-Xaçmaz bölgələrində yayılmış neolit-tunc dövrü mədəniyyətləri R.Munçayevin əsərlərində dəfələrlə işıqlandırılmışdır. Hələ sovet dövründə nüfuzlu nəşr olan Böyük Sovet Ensiklopediyasında R.Munçayevin Azərbaycanın arxeoloji abidələri barədə məqalələri nəşr edilmişdir. O illərdə R.Munçayev tez-tez Azərbaycana elmi ezamiyyətlərə gəlir, burada aparılmış arxeoloji qazıntıların nəticələri ilə yaxından maraqlanır və Azərbaycandan olan həmkarları ilə birgə elmi məqalələr nəşr etdirirdi.
Doğma Vətəni Azərbaycanla sıx bağlı olan R.Munçayev yaşının az olmadığına baxmayaraq təkcə son  illər 5 dəfə (2011, 2012, 2013-cü illərdə və 2016-cı ildə iki dəfə) Azərbaycana gəlmiş, burada keçirilən beynəlxalq konfranslarda və digər elmi tədbirlərdə iştirak etmiş, arxeoloji abidələrdə aparılan qazıntılarla yaxından tanış olmuşdur. 
Azərbaycanın arxeoloq kadrlarının yetişməsində də R.Munçayevin böyük xidmətləri vardır. O, hələ keçən əsrin 50-ci illərinin sonlarında özünün yaxın dostları olan İdeal Nərimanov, Cabbar Xəlilov və Teymur Bünyadovun Moskvada keçirilən namizədlik dissertasiyalarının müdafiələrində opponentlik etmişdir. Sonralar bu alimlərin hər biri Azərbaycan arxeologiya və etnoqrafiya elmlərində məktəblər yaratmış görkəmli tədqiqatçılar oldular. 2016-cı ildə isə R.Munçayev bu sətirlərin müəllifinin doktorluq dissertasiyasına opponentlik etmiş, dəyərli elmi tövsiyələr vermişdir. Bundan əlavə, R.Munçayev bir neçə Azərbaycan aliminin dissertasiyalarının elmi rəhbəri olmuşdur. 
R.Munçayev görkəmli alim olmaqla yanaşı, həm də çox bacarıqlı, yorulmaz elm təşkilatçısı olduğunu əməli fəaliyyəti ilə sübut etmişdir. O, 20 ildən artıq bir müddətdə (1968-1991) SSRİ kimi nəhəng bir ölkənin Elmlər Akademiyasının Arxeologiya İnstitutu  direktorunun elmi işlər üzrə müavini vəzifəsində çalışmışdır. 1991-1994-cü illərdə artıq Rusiya EA-nın Arxeologiya İnstitutunun direktoru vəzifəsini icra etmiş, 1994-2003-cü illərdə isə həmin institutun direktoru vəzifəsində işləmişdir. R.Munçayev bu vəzifələrdə çalışdığı  uzun illər ərzində Sovet-Rusiya arxeologiya elminin inkişafında, tədqiqatların genişlənməsində, elmi kadrların yetişməsində müstəsna xidmətlər göstərmişdir. Eyni zamanda, onu da qeyd etmək vacibdir ki, çox ağır dövrdə – keçən əsrin 90-cı illərində R.Munçayev bu institutun elmi potensialını qoruyub saxlamağı bacarmışdır.
 Dünya şöhrətli arxeoloq R.Munçayev gərgin və məhsuldar elmi fəaliyyətinə görə Rusiya Federasiyasının bir sıra mükafatlarına layiq görülmüşdür. Bunlardan yalnız bəzilərini qeyd etmək yerinə düşər. Belə ki, o, 1998-ci ildə “Dostluq” ordeni, 2005-ci ildə “Kazanın 1000 illiyi xatirəsinə” medalı, 2009-cu ildə “Şərəf” ordeni ilə təltif edilmişdir. R.Munçayev 1982-ci ildə Dağıstan Respublikasının, 1989-cu ildə Rusiya Federasiyasının, 2008-ci ildə İnquşetiya Respublikasının Əməkdar elm xadimi fəxri adlarına layiq görülmüş, 2013-cü ildə isə Çeçenistan Respublikasının Elmlər Akademiyasının fəxri akademiki seçilmişdir. Görkəmli alim Qədim Mesopotamiyanın tədqiqində göstərdiyi xüsusi xidmətlərə görə 1999-cu ildə Rusiya Federasiyasının elm və texnika üzrə Dövlət Mükafatına layiq görülmüşdür. R.Munçayev 1985-ci ildən Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü, 1990-cı ildən isə İtaliyanın Afrika və Şərq İnstitutunun müxbir üzvüdür.
Əlbəttə, bütün bunlar Rusiya EA-nın müxbir üzvü, professor R.Munçayevin əməyinə verilən yüksək qiymətin göstəriciləridir. Həmyerlimiz, görkəmli alim, Qafqaz arxeologiya elminin ağsaqqalı Rauf Munçayevi 90 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür və cansağlığı arzulayırıq.

Nəcəf Müseyibli,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru

21 2018 00:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin