• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

“İki sahil” qəzetinin 20 Sentyabr - Neftçilər Gününə həsr olunmuş növbəti xüsusi buraxılışı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, 84 səhifəlik xüsusi buraxılış Azərbaycanın neft-qaz sənayesinin 24 ildə keçdiyi inkişaf yolunu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinə davamlı töhfələr verən SOCAR-ın və onun struktur bölmələrinin fəaliyyətini əks etdirən maraqlı yazıları, foto şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.
Xüsusi buraxılışda Ümummilli Liderin bugünkü uğurlarımıza inam və əminliyi ifadə edən bir tezisi qeyd olunur: “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmləndirilməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq”.
Azərbaycan bu gün neft strategiyasının davamlı uğurlarını yaşayır. Prezident İlham Əliyevin xüsusi buraxılışda yer alan bu fikri Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dünyanın enerji təhlükəsizliyinin təminatında artan roluna, regional əməkdaşlıqdan beynəlxalq əməkdaşlığa doğru atılan addımlara işıq salır: “Azərbaycan qazı yeni mənbədir və “Cənub Qaz Dəhlizi” yeni enerji damarıdır. Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir.”
SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin “SOCAR öz inkişafının yeni mərhələsinə qədəm qoyur” sərlövhəli yazısında Azərbaycanın enerji sektorunda qazandığı uğurlar təhlil edilərək, xüsusi vurğulanır ki, dövlətimizin başçısı İlham Əliyevin uzaqgörən strateji kursu və qarşımızda qoyduğu vəzifələr SOCAR-ı qlobal brend səviyyəsinə qədər yüksəltdi. Bu uğurlar, eyni zamanda, Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır. SOCAR və Azərbaycan üçün taleyüklü olan cari ildə əsas layihələrin tamamlanması inkişafın son nöqtəsi deyil, məhz dönüş nöqtəsidir ki, qarşıda yeni üfüqlər açır və yeni çağırışlar gətirir. Odur ki, əvvəlki layihələr hələ tamamlanmamış yeni layihələrin təməlini qoymaq SOCAR-ın qarşısında duran ən mühüm vəzifədir.
Məqalədə qeyd edilir ki, müstəqiliyimizin ilk illərində SOCAR-ın qarşısında duran əsas vəzifələri ölkə iqtisadiyyatının dirçəlməsi, bu məqsədlə neft hasilatını artırmaq və dənizin dərinsulu hissəsində yeni yataqların işlənməsi üçün xaricdən investisiya və  texnologiyalar cəlb etmək idisə, artıq hədəflər dəyişib. SOCAR indi daxili imkanları hesabına müasir dərin dəniz özülləri inşa edir, quraşdırır, istismar edir, dənizin böyük dərinliklərində qazma işlərini yerinə yetirir, ən müasir standartlar səviyyəsində sənaye müəssisələri qurur, böyük transmilli layihələrdə operator qismində iştirak edir, xarici bazarlara sərmayə yatırır.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin “Azərbaycanın neft və qaz strategiyası: genişlənən üfüqlər” sərlövhəli yazısında isə qeyd edilir ki, ulu öndər Heydər Əliyevin qısa müddətdə işləyib hazırladığı neft və qaz strategiyası müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı iqtisadi böhranın aradan qaldırılmasında lokomotiv rolunu  oynadı. Xarici ölkələrin məşhur neft şirkətləri ilə 1994-cü ilin martında Bakıda başlanmış, may ayında İstanbulda və iyulun 21-dən sentyabrın 4-dək Amerika Birləşmiş Ştatlarının Hyüston şəhərində davam etdirilmiş gərgin danışıqlar həmin il sentyabrın 20-də Bakıda  “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında, sonralar dünyanın neft ictimaiyyəti və mediasının haqlı olaraq “Əsrin müqaviləsi” adlandırdığı məşhur sazişlə nəticələndi.
Yazıda “Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövr ərzində əldə olunan uğurlara, həyata keçirilən layihələrə bir daha diqqət yönəldilərək, ötən ilin sentyabrında  “Azəri-Çıraq-Günəşli” yataqlarının  birgə işlənməsinə dair 1994-cü ildə 30 il müddətinə bağlanmış sazişin, yəni “Əsrin müqaviləsi”nin vaxtının uzadılması haqqında müqavilənin imzalanmasından geniş bəhs edilir. Vurğulanır ki, yeni müqavilədə Azərbaycan üçün olduqca sərfəli şərtlər müəyyən edilib. 2050-ci ilədək AÇG-dən daha 500 milyon tona qədər neft hasil ediləcək və o vaxtadək bu yataqlara indiyədək qoyulduğu qədər, yəni daha 43 milyard dollar sərmayə qoyulacaq.
Xüsusi buraxılışda SOCAR-ın ayrı-ayrı sahələrdə tətbiq etdiyi yeniliklər, təcrübələr, qazandığı uğurlar ətraflı şəkildə ictimaiyyətə çatdırılır. “Korporativ idarəetmə prinsiplərinə xüsusi önəm verilir”, “Qabaqcıl texnologiya və  idarəetmənin tətbiqində yeniliklər”, “SOCAR istiqrazları: təkrar bazar əməliyyatlarının həcmi 160 milyon ABŞ dollarını ötüb”, “Milliləşdirmə siyasəti: Əmin addımlarla qarşıdakı  hədəfə doğru”, “SOCAR  xaric ölkələrdəki  fəaliyyətini uğurla davam etdirir”, “Neft-qaz  sənayesinə sərmayə qoyuluşu 100  milyard ABŞ dollarına yaxınlaşır”, “SOCAR-ın təsisçiliyi ilə  yaradılan müəssisələrin fəaliyyəti neft və  qaz sənayesinin əksər sahələrini əhatə edir”, “Neft-qaz emalı: keyfiyyət  yüksəlir”, “STAR” NEZ, Karbamid Zavodu və “SOCAR Polymer”: milli sərvətimizə  əlavə dəyər”, “Strateji inkişaf layihələri gələcək üçün təminatdır”, “Xəzər hövzəsindəki yeni yataqlar gələcək perspektivlərdən xəbər verir”, “Yenidənqurma və modernizasiya: keyfiyyət göstəriciləri yüksəlir”, “Yeni texnologiyalar, yeni əməkdaşlığa açılan imkanlar”, “Nəqliyyat sisteminin stimullaşdırılması  günün əsas tələblərindəndir”, “Neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması  sosial məsuliyyətin tərkib hissəsidir”, “Yüksək səviyyəli iş şəraiti, uğurlu istehsalat göstəriciləri”, “Sağlamlığın təminatı uğurlar üçün əsasdır”, “Müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı  fəhlə kadrlar hazırlanır”, “İnsan kapitalının idarə edilməsində beynəlxalq təcrübə”, “Neft-qaz sektorunda İKT-nin inkişafı prioritet sahələrdəndir”, “Bakı Ali Neft Məktəbi təhsildə yeni rekordlara imza atır”, “Qarşıdakı hədəf: ölkə üzrə qazlaşdırma 95 faizə çatdırılmalı”, “Ekologiya sahəsində  beynəlxalq əməkdaşlıq və  qazanılan uğurlar”, “Lay suları və tullantıların idarə edilməsi, torpaqların təmizlənməsi, ekoloji monitorinqlər”, “Ekologiyanın və təbiətin  mühafizəsinə böyük dəstək”, “Geoloqların əsas vəzifəsi: yeni sahələri öyrənmək, perspektivliliyi və riskləri qiymətləndirmək və qazmaya hazırlamaq”, “Yataqların səmərəli işlənməsi üçün müasir geoloji və hidrodinamik modellərdən istifadə olunur”, “İstehsal sahələrinin fasiləsiz istismarı cari  və əsaslı təmir tələb edir”, “Asudə vaxtın təşkili, aztəminatlı ailələrə dəstək”, “Neftin qiymətinin  artmasında  müsbət dinamikanı şərtləndirən amillər”, “Neft  məhsullarının ixracı artıb”, “SOCAR-ın reytinq proqnozu stabil inkişaf edir”, “Əsrin müqaviləsi”ndən başlanan yolun uğurları”, “Qazmada tətbiq edilən  müasir texnologiyalar, əldə olunan yüksək göstəricilər” sərlövhəli  yazılar Neftçilər Günü ilə bağlı son bir ildə görülən işlərin qısa hesabatını və növbəti ilin hədəflərini açıqlayan dəyərli mənbələrdir.

21 2018 00:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin