Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Tarixi şəxsiyyətlər”in din mədəniyyətinə töhfələri

Beynəlxalq ictimai-siyasi “Tarixi Şəxsiyyətlər” jurnalının kollektivi Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə və Moskva və bütün Rusiya patriarxı  II Aleksi  barədə də xüsusi buraxılış hazırlamışdır.

Jurnalın Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70 illiyinə həsr olunmuş  sayı  tanınmış din xadiminin həm yubileyi, həm də şeyxülislamlıq fəaliyyətinin 40-cı ildönümü ilə əlaqədar prezident sərəncamı və Ümummilli liderin hələ 1999-cu ildəki təbrik məktubu ilə açılır. Peşəkar dizayna malik, diqqətçəkən materiallar, gözoxşayan fotoşəkillər və mötəbər sənədlər əsasında hazırlanmış dərgidə dünyanın söz və  mövqe sahibləri – Vladimir Putin, II Abdullah, Ekmeleddin İhsanoğlu, Yusif bin Əhməd əl-Üseymin, II İlya, Talqat Tacuddin və digər siyasət, mədəniyyət, din xadimlərinin də  Şeyxlə bağlı  fikirləri yer alır. 

1992-ci ilin sentyabrında Qroznı şəhərində keçirililən din xadimlərinin ümumi toplantısında yaradılmış Qafqaz xalqlarının Ali Dini Şurasının strukturu, məramı, məqsədləri, eləcə də şeyxülislamlıq tarixi,  Şeyxülislam Hacı Allahşükür Paşazadənin həyat və fəaliyyəti haqqında görkəmli şərqşünas alim  Vasim Məmmədəliyevin, yazıçı, millət vəkili Hüseynbala Mirələmovun, müfti Salman Musayevin, ilahiyyatçılar Hacı Sabir Həsənlinin, Hacı Fuad Nurullahın, alimlər dən Anar İsgəndərovun, Qəmər Cavadlının və başqa ziyalıların qələmindən çıxan məqalələr toplunu daha da maraqlı edir.

“Tarixi Şəxsiyyətlər”in axtarışları bununla məhdudlaşmır. Jurnalın yaradıcı kollektiv böyük  zəhmət hesabına paralel şəkildə digər nüfuzlu din xadiminə - Moskva və bütün Rusiya patriarxı  II Aleksi barədə də xüsusi buraxılış hazırlamışdır. Bakı və Azərbaycan eparxiyasının Arxiyepiskopu Aleksandrın elmi məsləhətçiliyi və  tarixçi Vyaçeslav Radionovun layihə rəhbərliyi ilə işıq üzü görən jurnal oxuculara pravoslav din xadiminin sülh, dialoq, mənəviyyat, dəyərlərə ehtiram ruhlu müraciəti ilə açılır. Qafqaz Müsəlmanları İdarəsi ilə Rus Pravoclav Kilsəsi arasında dostluq və əməkdaşlıq münasibətləri, Kiril Atanın istər ölkəmizə səfəri çərçivəsində, istərsə də müxtəlif beynəlxalq tədbirlərdə Ulu öndər Heydər Əliyev və prezident İlham Əliyevlə görüşləri, rus və Azərbaycan xalqlarının əminamanlıq, anlaşma və əməkdaşlıq şəraitində yaşamasında dinlərin və din xadimlərinin rolu barədə fikir mübadilələri yaxın keçmişin tarixililiyi baxımından da faydalıdır.

Sankt-Peterburqda 20 noyabr 1946-cı ildə ruhani ailəsində doğulmuş II Aleksinin (Vladimir Mixayloviç Qundyayev) uşaqlıq, gənclik illəri, dini təhsilə sonsuz həvəsi və aldığı elmi dərəcələr, Leninqrad Ruhani Akademiyasının tələbəsini  rektor kürsüsünə qədər yüksəlişi, missiyasını təkcə Rusiyanın daxilində (Smolensk, Kalininqrad, Bryansk və s.) deyil, sərhədlərindən kənarda (Moskva Patriarxlığının Cenevrədəki Ümumdünya Kilsələr Şurasında nümayəndəsi) da məsuliyyətlə yerinə yetirməsi, çalışdığı ali dini vəzifələr nəzərdən keçirilir.

Jurnalda Müqəddəs Patriarxın 2009-cu ilin 6 noyabrında və 2010-cu ilin 24-26 aprelində respublikamıza səfəri çərçivəsində dövlətimizin başçısı, Heydər Əliyev Fondunun rəhbərliyi və şeyxülislamla görüşləri, dinlərarası müzakirə mövzusunda tədbirlərə qatılması, rus dini-mədəni mərkəzlərini ziyarəti, sonakı dönəmlərdə Mehriban xanım Əliyevanı və Allahşükür Paşazadəni nüfuzlu mükafatlarla təltifi haqqında materiallar da verilir.  Azərbaycanın yaxın dostu,   tarixçi alim Vyaçeslav Aleksandroviçin “Odlar və tolerantlıq ölkəsi” sərlövhəli yazısı və insanların mehribanlıq, təhlükəsizlik şəraitində yaşayıb çalışdıqları Azərbaycan haqqında təkzibolunmaz faktların toplandığı digər məqalələr yer alır.  Məcmuəni geniş oxucu kütləsi üçün maraqlı edən nüanslardan biri də qədim və zəngin pravoslav arxitekturası, bayramları və mətbəxi barədə geniş məlumatlardır.

“Tarixi şəxsiyyətlər” beynəlxalq ictimai-siyasi jurnalının təsisçisi və baş redaktoru Hacı Xəlil Qarəhmədovun  sivilizasiyalararası dialoqa çağırışı, cəmiyyətdə barış, vətəndaş həmrəyliyi, münaqişələrin fikir mübadiləsi və qarşılıqlı anlaşma əsasında həllinə çalışması, eləcə də  Azərbaycanıın qlobal problemi olan  Qarabağ düyününün açılmasında mühüm  rol oynayan liderlərə geniş tribuna imkanı yaratması təqdirəliq hadisədir. Bu dəyərli nəşrə gələcək təqdimatlarında da uğurlar arzulayırıq.

 

Qurban Cəbrayıl,
“Mədəniyyət.az” jurnalının redaktoru

16 Dekabr 2019 15:47 -

Köhnə versiyamızdan xəbərləri izlə