Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-oktyabr aylarında Azərbaycan 190 ölkə ilə xarici ticarət əlaqələri saxlamışdır

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 117 ölkəyə məhsul ixrac olunmuş, 180 ölkədən idxal olunmuşdur.

Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 27 milyard 436,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15 milyard 981,4 milyon dollar, idxalın dəyəri 11 milyard 455,3 milyon dollar təşkil etmiş, nəticədə 4 milyard 526,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,4 faiz artmışdır. Bu dövr ərzində ölkədən 1 milyard 572,9 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə isə 11,3 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 29,4 faizini İtaliyaya, 13,8 faizini Türkiyəyə, 6,9 faizini İsrailə, 5,7 faizini Hindistana, 4,9 faizini Almaniyaya, hər biri 4,2 faiz olmaqla Çin və İspaniyaya, 3,4 faizini Rusiyaya, 3,2 faizini Fransaya, 2,9 faizini Gürcüstana, 2,8 faizini Çexiyaya, 2,3 faizini Birləşmiş Krallığa, 2,1 faizini Portuqaliyaya, 1,9 faizini Ukraynaya, 12,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

 Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiya (33,9 faiz), Türkiyə (20,6 faiz), İsveçrə (9,4 faiz), Gürcüstan (8,4 faiz), Ukrayna (2,5 faiz), İtaliya (2,3 faiz), Çin (2,2 faiz), Yunanıstan (2,2 faiz), Niderland (1,4 faiz) və İrana (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,3 faizi Rusiya, 11,6 faizi Türkiyə, 10,6 faizi İsveçrə, 9,4 faizi Çin, 6 faizi ABŞ, 5,1 faizi Almaniya, hər biri 3,4 faiz olmaqla Kanada, İran və Ukrayna, 2,7 faizi İtaliya, 2,6 faizi Avstraliya, 1,9 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Yaponiya, 20,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2019-cu ilin yanvar-oktyabr aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 20,1 faiz, şəkər – 45,6 faiz, tütün – 1,8 dəfə, meyvə və tərəvəz şirələri – 30,6 faiz, çay – 7,1 faiz, meyvə və tərəvəz konservləri – 2,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 42,2 faiz, pambıq lifi – 52,4 faiz, emal olunmamış alüminium – 29,1 faiz, polietilen – 10,1 faiz, pambıq ipliyi – 34,9 faiz, bentonit gili – 12,9 faiz artmış, təzə tərəvəz ixracı isə 7,3 faiz, kartof – 7,2 faiz, bitki yağları – 18,1 faiz azalmışdır.

2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2019-cu ilin yanvar-oktyabr aylarında buğda idxalı 46,0 faiz, xam şəkər və şəkər – 1,7 dəfə, təzə meyvə – 2,2 faiz, bitki yağları – 2,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 16,6 faiz artmışdır.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

16 Dekabr 2019 14:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə