Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Laçın” tankeri Xəzərdən kənar hövzələrə yükləri daşıyacaq

“Laçın” tankeri Xəzərdən kənar hövzələrə yükləri daşıyacaq

Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi əsasında “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunan ilk tankerin istismara verilməsi, RoPax tipli “Azərbaycan” bərə-gəmisinin tikintisinin növbəti mərhələsinin davam etdirilməsi üçün suya salınması mərasimi keçirilib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən verilən məlumata görə, mərasimdən sonra bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələrinin Bakı Gəmiqayırma Zavoduna media-turu təşkil olunub.

Jurnalistlərə məlumat verilib ki, özünəməxsusluğu ilə seçilən “Laçın” adlı gəmi Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib. Gəminin uzunluğu 141, eni 16.9 metrdir. 15 nəfərlik heyətə malik bu gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kubmetr olan 6 yük tankına malikdir. Dedveyti dənizdə 7,875 ton olan tanker Iki ədəd “Wartsila” istehsalı mühərriklə təchiz edilib.

“Laçın” tankeri nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin Volqa-Don və Volqa-Baltik kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək. Hazırda Bakı Gəmiqayırma Zavodunda ASCO-nun sifarişi əsasında bu tip daha üç tankerin tikintisi aparılır.

Sonra jurnalistlər inşasının növbəti mərhələsinin davam etdirilməsi məqsədilə yeni suya salınan RoPax tipli “Azərbaycan” bərə-gəmisi ilə tanış olublar.

Media nümayəndələrinə məlumat verilib ki, bu gəminin gövdə hissəsinin inşası 100% başa çatıb. Qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə gəmi-bərə zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlarla suya salınıb.

Qeyd olunub ki, unikal RoPax tipli gəmi-bərənin uzunluğu 154,50, eni 17,7 metr, sürəti 14 uzelə bərabərdir. Gəmi 56 vaqon-çən, 50 yük maşını və 100 sərnişin daşımaq imkanına malikdir. Heyət sayı 30 nəfərdən ibarət olacaq bu tipli gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb.

“Azərbaycan” RoPax tipli bərə gəmisi, eləcə də hazırda inşası davam edən daha 1 ədəd eyni tipli bərə gəmisi Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcək.

Son illər ölkədə nəqliyyat-logistika və tranzit yükdaşımaları sahəsinin inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən irimiqyaslı layihər və vacib islahatlar həyata keçirilir. Bu tədbirlər nəticəsində nəqliyyat-logistika və tranzit yükdaşımaların ən önəmli sahələrindən olan gəmiçilikdə də müsbət nəticələr əldə edilib.

Təkcə son 6 ildə Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ASCO tərəfindən 20 gəmi alınıb.

ASCO gəmilərin inşasında yerli gəmiqayırma sənayesinin dəstəklənməsi məqsədi ilə regionda ən müasir və unikal gəmi tikintisi potensialına malik Bakı Gəmiqayırma Zavodunun imkanlarından geniş istifadə edir. İndiyədək sözügedən zavodda ASCO-nun sifarişi ilə 1 liman-yedək və 3 sərnişin gəmisi tikilərək təhvil verilib. Bundan əlavə, 2016-cı ilin sonunda vaqon-TİR və sərnişin daşınması üçün nəzərdə tutulan 2 ədəd RoPax/Bərə tipli gəmilərin və maye yüklərin daşınmasını təmin edən 2 ədəd tankerin inşası üzrə ASCO ilə Zavod arasında müqavilə imzalanıb. 2019-cu ilin fevralında daha 2 ədəd eyni tipli tankerin tikintisi üzrə ASCO tərəfindən Bakı Gəmiqayırma Zavodunda sifariş yerləşdirilib.

Bu gəmilərin tikintisinin 70 faizi ASCO-nun mənfəəti, digər 30 faizi isə dövlət investisiyası hesabına maliyyələşir.

ASCO-nun donanması üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı Gəmiqayırma Zavodu ilə danışıqlar aparılır. Onların arasında quru yük, konteyner daşıyan, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri var.

 

“Xalq qəzeti”

16 Dekabr 2019 14:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə