Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Sənaye Korporasiyası” ASC-də işgüzar görüş

“Azərbaycan Sənaye Korporasiyası” ASC-də işgüzar görüş

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin və Britaniya Standartlar İnstitutunun Azərbaycandakı nümayəndəliyinin əməkdaşları arasında işgüzar görüş keçirilib.

ASC-dən verilən məlumatda bildirilir ki, görüş zamanı Korporasiyanın baş direktoru Kamran Nəbizadə və nümayəndəliyin ölkəmizdəki rəhbəri Səlim Səlimzadə iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın inkişafı, beynəlxalq standartların biznes əlaqələrinə verə biləcəyi tövhələr və Britaniya Standartlar İnstitutunun “Azərbaycan Sənaye Korporasiyası” ASC üçün səmərəli ola biləcək xidmətlər haqqında daha ətraflı məlumatlar hazırlaması barədə müzakirələr aparıblar.

Ölkəmizdə qonaq olan Britaniya Standartlar İnstitutunun Standartların inkişafı şöbəsinin müdiri cənab Çarlz Korri öz növbəsində təmsil etdiyi qurumun fəaliyyəti və göstərdiyi xidmətlər haqqında danışıb.

Korporasiyanın strukturu, fəaliyyəti, tərkibində olan törəmə müəssisələr barəsində ətraflı məlumat verən baş direktor Kamran Nəbizadə qeyd edib ki, ölkədə qeyri-neft sektorunun inkişafına öz töhvəsini vermək, bu sektorda bəlli yerə və çəkiyə malik olmaq Korporasiyanın əsas məramlarından biridir. Korporasiyanın rəhbəri çıxışı zamanı onu da əlavə edib ki, fəaliyyət müddəti ərzində “Azərbaycan Sənaye Korporasiyası” ASC sənaye məhsulları istehsalının həcminin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə, ölkədə, əsasən də regionlarda yeni iş yerlərinin açılması yolu ilə əhalinin maddi rifahının yüksəldilməsinə yönəlmiş silsilə tədbirlər həyata keçirib.

Görüşün sonunda “Azərbaycan Sənaye Korporasiyası” ASC və Britaniya Standartlar İnstitutunun Azərbaycan nümayəndəliyinin əməkdaşları arasında birgə müzakirələrin davam etdirilməsi haqqında razılaşma əldə olunub.

Britaniya Standartlar İnstitutu ilə yaxından əməkdaşlıq çərçivəsində Korporasiya səmərəli biznes əlaqələri qurmaq və işgüzar münasibətləri genişləndirmək  imkanı əldə edəcəkdir.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

16 Dekabr 2019 14:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə