Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AKTİB-in ilk toplantısı keçirilib

“Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”na uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və əhalinin ərzaq  məhsulları ilə təminatının yaxşılaşdırılmasına töhfələr  vermək məqsədilə  bir neçə ay öncə ölkəmizdə ilk dəfə Azərbaycan Keçi Təsərrüfatçılarının İctimai Birliyini (AKTİB) yaratmaq təşəbbüsü irəli sürülüb. Qurum təsis edildikdən sonra ilk toplantısını keçirib.

Bildiyimiz kimi, ölkədə ərzaq təminatı sahəsində risklərin idarə olunmasını təmin etmək, bu sistemin institusional inkişafını həyata keçirmək və sahibkarlıq mühitini yaxşılaşdırmaq kimi hədəflər müəyyənləşdirilib. Heyvandarlığın inkişafı istiqamətində də işlər sürətlənməkdədir. Xaricdən cins mal-qaranın alınması, modern üslublu komplekslərin yaradılması, süni mayalanma yolu ilə alınan hər buzova görə dövlət tərərfindən subsidiyaların verilməsi, eləcə də süd zavodlarının açılışı əhalinin süd və süd məhsulları ilə təminatında mühüm rol oynayır. Kərə yağı və pendirlə təminatda yaranan problemlər də artıq aradan qaldırılır.

Toplantıda ictimai birliyə üzv  olan fermerlər illik fəaliyyət planı ilə tanış olublar. Eyni zamanda fermerlərə marketinq, subsidiya, lizinq, baytarlıq dəstəyi məsələlərdə köməklik göstəriləcəyi bildirilib.

 AKTİB-in təşəbbüs qrupunun sədri Elşən Süleymanov çıxışında deyib ki, başlıca hədəf ölkənin bütün keçi təsərrüfatçılarını bir yerə toplamaqla onların problemlərinə yardımçı olmaq, təsərrüfatlara saf qanlı cins südlük və ətlik keçilər gətirmək, əhaliyə keyfiyyətli, müalicəvi əhəmiyyəti olan keçi əti, südü və süd məhsullarının satışını təşkil etməkdən ibarətdir. Məlum olduğu kimi, Azərbaycanda ət və süd istehsalında keçiçiliyin xüsusi yeri var. Bu, qədim təsərrüfatçılıq növü olsa da, daha da inkişaf etdirilməsinə ciddi ehtiyac duyulur. Belə ki, bütün dünyada intensiv heyvandarlıq inkişaf etdiyindən, ölkəmizdə də daha məhsuldar keçi cinslərinin artırılması vacibdir. Azərbaycana xaricdən gətirilmiş zaanen, alp, hələb və s. keçi cinslərinin burada yetişdirilməsinin öz spesifik xüsusiyyətləri vardır. Bunu nəzərə alaraq, keçiçilik təsərrüfatlarının təşkili və mövcud problemlərə baxışla bağlı konkret tezislər də hazırlanır. Bunlar keçiçilik məhsullarının satışında hüquq tənzimləmələri və qanunvericiliyin təmin olunması, zootexnologiyaların yeni üsullarının tətbiqi, cinslərin rayonlaşdırılması və adaptasiyası, seleksiya-damazlıq işlərinin düzgün aparılması, keçiçilik məhsullarının (süd, ət, dəri və s.) gigiyenası, baytarlıq (peyvəndləmə və s.) və sanitariya tədbirlərinin görülməsi, həmçinin keçiçilikdə marketinqdir.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

16 Dekabr 2019 14:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə