Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ölkəni müasirləşdirib

Prezident İlham ƏLİYEV: Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ölkəni müasirləşdirib

Böyük infrastruktur layihələri icra edilib və bu gün ölkəmizdə qazlaşdırmanın səviyyəsi 96 faizdir. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı dünya miqyasında ikinci yerə layiq görübdür. Bu, çox böyük nailiyyətdir. 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 13-də “Laçın” adlı ilk neft tankerinin istismara verilməsi və “Azərbaycan” gəmi-bərəsinin suya salınması mərasimində iştirak edib. Mərasimdə dövlətimizin başçısına məlumat verilərək, bildirilib ki, tanker “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin ­sifarişi və Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında Bakı gəmiqayırma zavodunun yerli mütəxəssisləri tərəfindən inşa olunub.Özünəməxsusluğu ilə seçilən və Azərbaycan tarixində bir ilk olan bu tankerin uzunluğu 141 metr, eni 16,9 metr, ağırlığı isə 7875 tondur. ­Başqalarından fərqli olaraq, 4-5 min tondan artıq yüklə Volqa-Don ­kanalından keçmək imkanına malikdir.

Mərasimdə, həmçinin qeyd edilib ki, bu gün Azərbaycanda 20 tanker var. Dövlət başçısının dəstəyi ilə hazırda sifariş olunan dörd tanker də inşa edilir.
Azərbaycan Prezidentinə verilən məlumatda daha sonra vurğulanıb ki, “Laçın” tankeri nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin Volqa-Don və Volqa-Baltik kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək. Yeni nəsil tankerin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayan Bakı gəmiqayırma zavodunun növbəti uğurudur. 
Hazırda zavodda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanması üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı danışıqlar aparılır. Onların arasında quru yük, konteyner daşıyan, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri də vardır.
Mərasimdə dövlətimizin başçısına “Azərbaycan” gəmi-bərəsi haqqında da məlumat verilib. Bildirilib ki, “Ro-Pax” tipli bu gəmi-bərənin layihəsini də Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb. Bu, Xəzərdə ən çox avtomobil və TIR götürən gəmi olacaq. Başqa sözlə, “Azərbaycan” gəmi-bərəsi 56 vaqon, 50 TIR, həmçinin 100 sərnişin götürəcək. 
Hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzər dənizində yeganə bərə operatorudur. Qurumun bərələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirir, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılmasına xidmət edir.
Bütün bunlar deməyə əsas verir ki, hazırda Azərbaycanda infrastruktur layihələri uğurla həyata keçirilir. Bu isə ölkəmizin müasirləşdirilməsinə, qeyri-neft sektorunun, xüsusən də regionların inkişafına mühüm təsir göstərir, işsizlik probleminin həllində, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasında böyük rol oynayır. 
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçıları ilə görüşündə infrastruktur layihələrindən danışarkən deyib: “Böyük infrastruktur layihələri icra edilib və bu gün ölkəmizdə qazlaşdırmanın səviyyəsi 96 faizdir. Elek­trik enerjisinin əlçatanlıq əmsalına görə Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı dünya miqyasında ikinci yerə layiq görübdür. Bu, çox böyük nailiyyətdir. Yolların tikintisi – 15 ildə 15 min kilometr yol çəkilib, o cümlədən magistral, şəhərlərarası, kənd yolları çəkilib. Digər infrastruktur layihələri, o cümlədən sosial infrastrukturla bağlı layihələr uğurla icra edilib, 3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikilib, yenidən qurulub, yaxud da ki, təmir edilib. Yəni, əldə edilmiş bütün bu nəticələri sadalamaq üçün saatlarla vaxt lazım olacaq”.
Dövlət başçısı, həmin çıxışında bir sıra beynəlxalq layihələrin də uğurla reallaşdırıldığını diqqətə çatdırıb. Bildirib ki, son illər ərzində energetika, nəqliyyat sahələrində qarşıya qoyulan bütün vəzifələr uğurla yerinə yetirilib. Çox mürəkkəb geosiyasi vəziyyətdə həm Bakı-Tbilisi-Ceyhan, həm də Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri istismara buraxılıb. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinə artıq start verilib. Cənub Qaz Dəhlizinin icrasının yekunlaşmasına, demək olar ki, bir il vaxt qalıb. 
Xatırladaq ki, regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramının icra olunduğu 2004–2018-ci illərdə dövlətimizin başçısı 1800-dən çox infrastruktur obyektinin açılış və təməlqoyma mərasimlərində iştirak edib, rayon və şəhərlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində 650-dək sərəncam imzalayıb. 
Dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri infrastruktur layihələr reallaşdırılıb. Aqrar sektorun innovativ əsaslara keçirilməsi, o cümlədən aqroparkların yaradılması da bu hədəflər arasında yer alıb. 
Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda 33 rayon üzrə 258,3 min hektar ərazidə 51 aqroparkın, o cümlədən 17 müasir cins heyvandarlıq kompleksinin və 34 iri bitkiçilik təsərrüfatlarının yaradılması üzrə işlər sürətlə davam etdirilir.
Respublikada turizmin inkişafına xidmət edən infrastruktur obyektlərinin istifadəyə verilməsi də diqqət mərkəzində saxlanılıb. Belə ki, 2003-cü ildə ölkədə mehmanxana və mehmanxana tipli müəssisələrin sayı cəmi 96 ədəd idisə, regional dövlət proqramlarının icrası nəticəsində belə obyektlərin sayı artaraq 560-ı keçib. Bunun nəticəsidir ki, son 16 ildə turizmin inkişafı sahəsində böyük artım qeydə alınıb.
Son illərdə ölkənin tranzit potensialının reallaşdırılması istiqamətində bir sıra infrastruktur layihələri gerçəkləşdirilib. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti gücləndirilib, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi uğurla davam etdirilib, Bakı-Tbilisi-Qars dəmir yolu işə salınıb. Beləliklə, görülən işlər nəticəsində Azərbaycan ərazisindən keçməklə daşınacaq yüklərin həcmləri əhəmiyyətli dərəcədə artmağa başlayıb. Bu da, öz növbəsində, qeyri-neft sektorunun inkişafını sürətləndirib. 
Son 16 ildə regionlarda 6 hava limanı tikilib və yenidən qurulub, 436 ədəd körpü və tunel tikilib və təmir olunub. Bütün bunlarla bərabər, əhalinin elektrik enerjisinə olan tələbatını daha dolğun təmin etmək məqsədilə son 16 ildə regionlarda 28 elektrik stansiyası istifadəyə verilib, 45 min kilometrdən artıq elektrik xətti çəkilib, 1650-dən çox yarım­stansiya quraşdırılıb və ya təmir olunub. Həmçinin bu dövrdə regionlarda 56,2 min kilometr qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 1800-dən çox yaşayış məntəqəsi təbii qazla təmin edilib, regionlar üzrə qazlaşdırma səviyyəsi 41 faizdən 95 faizə çatıb.
Elektrik enerjisi infrastrukturu ilə bağlı bir məqamı da qeyd etmək istərdik. Belə ki, hazırda Böyükşor gölü üzərində üzən günəş enerji sistemi reallaşdırılır. Bu, ölkənin ümumi enerji istehsalında müxtəlif bərpaolunan enerji mənbələrinin rolunu artırmağa, enerji təhlükəsizliyinin təminatına və ətraf mühitə atılan istixana qazlarının miqdarını azaltmağa töhfə verəcək. 
Sözügedən dövrdə regionlarda 2980 məktəbdə, 360 məktəbəqədər təhsil müəssisəsində və 477 səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, regionlarda 34 olimpiya idman kompleksi, 34 gənclər evi inşa olunub.
Əlbəttə, bütün bunlar dövlət proqramlarının uğurlu icrası sayəsində gerçəkləşib. Regionların sosial-iqtisadi inkişafına dair dördüncü dövlət proqramının icrası isə yarımçıq qalmış işlərin başa çatdırılmasına, rayonlarda yaşayan insanların sosial rifahının daha da yaxşılaşmasına təkan verəcək, bütövlükdə ölkəmizin inkişafına xidmət edəcək.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq istehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə ölkə miqyasında genişmiqyaslı infrastruktur layihələri reallaşdırılıb. Su və kanalizasiya layihələrinin icrasına başlanılan 50 şəhər və rayon mərkəzinin 38-də su şəbəkələrinin tikintisi artıq yekunlaşıb. Şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kənddə içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb.
Son 16 ildə avtomobil magis­trallarının tikintisi və yenidən qurulmasına, regionlarda yol şəbəkəsinin bərpasına da xüsusi önəm verilib. Bu isə ölkədə sərnişin və yükdaşımaların keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, iqtisadiyyatın inkişafını sürətləndirib, turizm potensialından səmərəli istifadəni şərtləndirib. 
Xatırladaq ki, cari ilin investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bu vəsait hesabına ilin əvvəlindən indiyədək 1000 kilometrdən çox yeni avtomobil yolu salınıb. Bölgələrdə də nəzərdə tutulan yolların tikintisi artıq başa çatdırılıb. 

 

“Xalq qəzeti”

 

14 Dekabr 2019 21:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə