Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dilarə Seyidzadə: Ulu öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü...

Dilarə Seyidzadə: Ulu öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü...

Heydər Əliyev hələ 1969-cu ildə ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlişi zamanı ölkəmizin müstəqilliyini öncədən görürdü və onun bütün siyasəti məhz bu istiqamətə yönəlmişdi. Ölkəmizin iqtisadi qüdrətinin artırılmasını, hərbi hazırlığa böyük önəm verilməsini, bu məqsədlə C.Naxçıvanski adına Hərbi Liseyin yaradılmasını və yerli hərbi kadrların yetişdirilməsi məsələsinə ayrılan diqqəti xüsusi qeyd etmək lazımdır. Ulu öndərin bütün addımları Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdı.
Bu fikirləri birinci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadə Cəlilabad və Masallı rayonlarında fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera mərkəzlərində “Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda gənclərlə keçirilən görüşdə səsləndirib.
Görüş iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlara və fotoşəkillərə baxıblar.
Görüşdə gənclərin dövlətçilik və vətəndaşlıq məsuliyyəti ilə bağlı fikirləri dinlənilib.
Ulu öndərlə bağlı xatirələrini bölüşən Dilarə Seyidzadə çıxışında, həmçinin 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar Heydər Əliyevin Moskvada səsləndirdiyi cəsarətli bəyanatı, ilk dəfə Naxçıvanda Azərbaycanın üçrəngli bayrağını yüksəltməsini xatırladıb. 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdan Ulu öndərin müstəqilliyin qorunması üçün göstərdiyi səylərdən danışan natiq dahi rəhbərin ölkənin ən çətin günlərində bu cür ağır məsuliyyəti öz üzərinə götürdüyünü diqqətə çatdırıb.
Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qoruması və apardığı islahatlar barədə də söz açan Dilarə Seyidzadə baş verən bu hadisələrin canlı şahidi olduğunu bildirib. Vurğulayıb ki, bütün bunlar gənc nəsil üçün həm dövlətçilik ənənələrini qavramaq, lazım gələrsə, özünü dövlətçilik uğrunda fəda etmək, həm də üzərlərinə düşən məsuliyyəti anlamaq baxımından bir nümunədir.
Qeyd olunub ki, Ulu öndərin azərbaycanlı olması ilə fəxr etməsi və bunu dəfələrlə dilə gətirməsi də gənclərə örnəkdir. “Hər bir Azərbaycan gənci azərbaycanlı olması ilə fəxr etməli, hər zaman inkişafa can atmalıdır. Çünki Ulu öndər bütün sahələrdə gənc azərbaycanlı kadrların yetişdirilməsinə can atırdı. Heydər Əliyev bilirdi ki, məhz hərtərəfli inkişaf etmiş gənclər müstəqil Azərbaycanın əsas dayaqları olacaq”, - deyən Dilarə Seyidzadə sonra gənclərin suallarını cavablandırıb.  
Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlardakı nümayəndəliklərində tanınmış ictimai və siyasi xadimlərlə gənclərin mütəmadi görüşləri təşkil edilir. Məqsəd gənclərin ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, Azərbaycançılıq məfkurəsini daha da dərindən mənimsəməsi işinə töhfə vermək, onların inkişafı və karyera seçimlərini dəstəkləməkdir.

 

AZƏRTAC

14 Dekabr 2019 21:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə