Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Seçki siyasi partiyaların reytinqinin meyarıdır

Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb. Həyata keçirilən yeni islahatlar konsepsiyası respublikamızın beynəlxalq aləmdə nüfuzunu yüksəltməklə yanaşı, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasında böyük rol oynayır. İslahatlar, həmçinin idarəetməni daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi daşıyır. Beynəlxalq agentliklərin Azərbaycanı dünyanın ən islahatçı ölkəsi kimi dəyərləndirmələri də bunu təsdiqləyir. 

Həm dövlət quruculuğu kursunun inkişaf etdirilməsi çərçivəsində, həm də bütövlükdə idarəetmədə aparılan islahatlar beynəlxalq ekspertlərin də diqqət mərkəzindədir. Bu günlərdə rusiyalı politoloq , tarixçi Oleq Kuznetsovun Azərbaycanda aparılan islahatlarla bağlı verdiyi müsahibə diqqətimi cəlb etdi. Dövlətimizin başçısının kadr islahatlarında gənclərə böyük etimad göstərməsinə münasibət bildirən rusiyalı politoloq deyib ki, rəhbərliyə gənclərin gətirilməsi, elit zümrələrdə nəsillərin dəyişikliyi təbii və məntiqli, bir növ bioloji amillə şərtlənən bir prosesdir. Onun fikrincə, müasir sivilizasiyanın informasiya, texnika və texnologiya sahəsindəki inkişafı əsnasında bütün səviyyələrdə dövlət idarəçiliyindəki məmurlara qarşı keyfiyyətcə yeni tələblər ortaya çıxır. Politoloq hakimiyyətə gənc, səriştəli ixtisaslı kadrların cəlb olunmasını zamanın hökmü və tələbatı olduğunu bildirib. Ekspert islahatların Azərbaycan iqtisadiyyatının inkişafında böyük rol oynayacağına əminliyini ifadə edib.
Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, ümumiyyətlə, dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları Milli Məclisdən də yan keçməməli idi. Qanunverici hakimiyyətin yenilənməsi, daha savadlı, dünyada baş verən hadisələrə adekvat cavab verə bilən hərtərəfli biliyə malik olan şəxslərdən, xüsusilə gənclərdən formalaşması günün tələbidir. Artıq Milli Məclisə seçkilərə rəsmən start verilib. Mərkəzi Seçki Komissiyası dekabrın 7-də keçirdiyi iclasda bu barədə qərar qəbul edib. MSK seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını da təsdiqləyib.
Əksər siyasi partiyaların parlament seçkilərinə ciddi hazırlığa başladıqları bir zamanda seçkini boykot sədaları da eşidilir. Təbii ki, bu yolu seçənlər ölkəmizin inkişafını, beynəlxalq aləmdə reytinqinin yüksəlməsini istəməyənlərdir. Burada hansısa bir səbəb axtaranlar ölkədə aparılan islahatlardan xəbərsizdirlər. Yoxsa, bu islahatların uğurlu nəticələrini görmürlərmi? Dünyanın tanınmış ekspertləri Azərbaycanda aparılan islahatları yüksək dəyərləndirdikləri bir vaxtda xalq arasında heç bir nüfuzu olmayan, “siyasi fəaliyyəti” yalnız ara qarışdırmaqdan, anti-Azərbaycan qüvvələrinin sifarişlərini yerinə yetirməkdən ibarət olan belə ünsürlər indi də qarşıdakı seçkiləri boykot etmək fikrinə düşüblər. Belələri çox yaxşı bilirlər ki, seçkiyə qatılmaqla növbəti dəfə rüsvay olacaqlar. Meydanlarda tək qalacaqlarını yaxşı bilən radikal qüvvələr indidən bu yolu seçiblər. 
Seçki mübarizə, sınaq meydanıdır. Hesab edirəm ki, həm də siyasi partiyaların, ayrı-ayrı şəxslərin reytinqini müəyyənləşdirən meyardır. Seçki, eyni zamanda, kimin zəif və kimin güclü olduğunu aşkarlayır. Bütün bunlara baxmayaraq, ölkəmiz demokratik, ədalətli və şəffaf seçki keçirməyə qadir olduğunu yenidən sübut edəcək. 

 

Mehman İSMAYILOV, 
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı sədrinin müavini, politoloq

 

 

14 Dekabr 2019 20:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə