Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyanın “siyasi fəaliyyəti” qisasçılıq üzərində qurulub

İnqilab dalğasında hakimiyyətə gələn, erkən parlament ­seçkisi ilə qanunverici orqanda mövqeyini gücləndirən Nikol Paşinyanın Ermənistanın yeni baş naziri təyin olunandan bu günə qədər “siyasi fəaliyyəti” korrupsiyaya qarşı mübarizə adı ilə hələ ki, özündən əvvəlki prezidentlərdən qisas almaqdan ibarətdir. Yerli kütləvi informasiya vasitələrinin yaydıqları məlumatlarda da bildirilir ki, baş nazir hələ də özününün konsepsiyasını, hökumətin görəcəyi işlər barədə proqramını ortaya qoymayıb. Guya, bütün işlərini kənara qoyub ölkədə korrupsiyaya qarşı mübarizə aparır. Bu “mübarizədə” gözə görünən təkcə sabiq prezident Robert Koçaryanı həbs etdirməsidir. 

Siyasi icmalçı Armen Bağdasaryanın verdiyi məlumatda bildirilir ki, iqtisadi siyasətin dəqiqləşdirilməsi, sərmayədarların cəlb edilməsi, ölkənin müdafiə qüdrətinin artırılması, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması istiqamətində diqqətəlayiq tədbirlər həyata keçirilmir, tutarlı layihə, proqram təqdim olunmayıb. 
Siyasi təhlilçi Hayk Xalatyanın fikrincə, nə qədər ki, Ermənistanın Qarabağ münaqişəsi var və bu, öz həllini tapmayıb, Ermənistan rəhbərlərinin xarici siyasətdə kəskin hərəkətlər imkanları son dərəcə məhdud olacaq. Onun fikrincə, Nikol Paşinyanın ölkənin problemlərini bir kənara qoyub “Qarabağ klanı” ilə mübarizə aparması əhali üçün yaxşı heç nə vəd etmir. Siyasi təhlilçi bu gün Qarabağ təmas xətti və Ermənistan sərhədində nisbi sakitliyin olmasını, Paşinyanın fəaliyyətinin nəticəsi olmadığını bildirib. Deyib ki, Azərbaycan tərəfi Ermənistan hakimiyyətindən istədiyi güzəştləri ala bilməsə, vəziyyət yenə də gərginləşəcək və budəfəki gərginlik Ermənistana çox baha başa gələcək. Onun fikrincə, baş nazir bütün bu təhlükələri sanki görmür və əsas fəaliyyətini sabiq prezidentlərlə mübarizə üzərində qurur. 
Ermənistanın tanınmış ictimi-siyasi xadimləri də Nikol Paşinyanın diqqətini köhnə prezidentlərlə haqq-hesab çürütməkdən yayındırıb ölkənin müdafiəsi ilə məşğul olmağı tövsiyə edirlər. Qeyd edirlər ki, Paşinyan və onun komandasının əsas fəaliyyəti “Qarabağ klanı” ilə mübarizədir. ­Görünür, onlar 2016-cı ilin Aprel döyüşlərini unudublar. 
Aprel müharibəsindən bəri Ermənistanda üç dəfə Müdafiə Nazirliyinin və Baş Qərargahın rəhbərliyi dəyişilib. Hazırda Paşinyan korrupsiya adı altında silahlı qüvvələrdə, guya yeni təmizləmə işləri aparır. Ancaq unudur ki, Ermənistanın Azərbaycan Ordusu qarşısında davam gətirə biləcək nə silahlı qüvvələri, nə müasir silah-sursatı, nə də orduya könüllü gedən gəncləri var. Yerli kütləvi informasiya vasitələrinin yazdıqlarına görə, müdafiə naziri David Tonoyan baş nazir Nikol Paşinyanın aqressiv bəyanatlarını müdafiə etsə də, əməli işdə heç nəyə nail ola bilməyəcək. Çünki bu gün ermənistanlı gənclər açıq şəkildə hərbi xidmətdən boyun qaçırırlar. Orduda korrupsiyasının baş alıb getməsi, yoluxucu xəstəliklərin qarşısının alınmaması, əsgər ölümlərinin hələ də davam etməsi Tonoyanın hədə-qorxularının yalnız özünümüdafiə cəhdindən irəli gəlir.
Əsgər analarını hiddətləndirən məsələlərdən biri də budur. Müdafiə Nazirliyi və hökumət binası qarşısında dəfələrlə etiraz aksiyası keçirən əsgər anaları iddia edirlər ki, necə olur Nikol Paşinyan orduda baş alıb gedən korrupsiya və rüşvətxorluğu görmür və yaxud özünü görməzliyə vurur, ancaq Robert Koçaryan və Serj Sarkisyanın rəhbərliyi dövründə müxtəlif sahələr üzrə keçirilmiş tenderlərin nəticələrini araşdırır. 
Siyasi şərhçilər də Paşinyanın qisasçı mövqeyində olmasına etirazlarını bildirərək ölkənin daxili və xarici məsələlərinə diqqət yetirməsini tövsiyə edirlər. Qeyd edilir ki, Sarkisyan hakimiyyəti faktiki olaraq Paşinyana peşkəş edib. Belə bir hiss yaranır ki, qisasçılıq Paşinyanın bütün səbəb və əməllərinə o dərəcədə sirayət edib ki, o, sosial ədalət və “bizdə toxunulmaz adamlar yoxdur” harayı ilə çoxdan mətbəx-kommunal xırdaçılığına və şəxsi intiqam hisslərinə yuvarlanıb. 
N.Paşinyanın əvvəlcə daha çox nifrət etdiyi Robert Koçaryana qarşı alışıb-yanan intiqam hissləri yaxın vaxtlara qədər Sarkisyandan hesab sormağı unutdurmuş və onu bir növ desert üçün saxlamışdı. Ekspertlər də hesab edirlər ki, Paşinyanın baş nazirliyi müddətində yeni administrasiyasının nə daxili, nə də xarici siyasətdə nəzərəçarpan uğurları var. Öz reytinqini gücləndirmək və hakimiyyəti uzun müddət əlində saxlamaq üçün korrupsiya adı altında qisasçılığını davam etdirməsi, görüntü xatirinə Qarabağa tez-tez səfərlər etməsi heç də siyasi fəaliyyət hesab edilə bilməz. 
Sarkisyanın Yerevanda qərar vermək səlahiyyəti olan kimlərisə narahat edən bir-iki siyasi bəyanat verməsi, “Populistlərin hakimiyyətə gəlməsində” öz üzərindəki məsuliyyəti inkar etməməsi, Paşinyana konstitusiya və demokratiya normalarının pozulmasını, şəxsi motivlərlə siyasi təqibləri və cəmiyyətin həyatının yaxşılaşdırılması istiqamətində şübhəli uğurları xatırlatması baş nazirin qisasçılıq hisslərini daha da alovlandırıb. 
Göründüyü kimi, başları bir-birinin iç üzlərini açmağa qarışan keçmiş və indiki dövlət başçılarının hamısı, əslində, bir bezin qırağıdır. Onların əsas fəaliyyətləri qisasçılıq, qəddarlıq, dağıtmaq, viran qoymaq, talan etmək olub. İndi isə başları özlərinə qarışıb. Əslində, 2016-cı ilin Aprel döyüşləri də işğalçı ölkənin hakimiyyət rəhbərlərini pat vəziyyətinə salıb. Yaxşı bilirlər ki, qüdrətli Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyəcəklər. 

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

14 Dekabr 2019 20:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə