Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böyük təbiətşünas alim, müdrik insan

Böyük təbiətşünas alim, müdrik insan

Qədirbilən xalqımızın yaddaşında silinməz izlər qoymuş nadir şəxsiyyətlərdən biri də böyük təbiətşünas alim, akademik Həsən Əlirza oğlu Əliyevdir. Belə şəxsiyyətlərin böyüklüyü ondadır ki, sağlığında əməlləri ilə, dünyasını dəyişəndə isə qiymətli əsərləri ilə insanlığın xidmətində dururlar. Fundamental yaradıcılığı ilə tarixin yaddaşında əbədi yer tutan Həsən Əliyev bütün varlığı ilə xalqına, onun təbiətinə bağlı idi.

Azərbaycanda coğrafiya və torpaqşunaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında görkəmli akademikin müstəsna xidmətləri vardır. Alim çoxşaxəli zəngin elmi fəaliyyəti ilə ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri sistemli şəkildə, uğurla həyata keçirmişdir. Yetişdirdiyi çoxsaylı mütəxəssislər bu gün onun elmi fəaliyyətini müvəffəqiyyətlə davam etdirirlər. Ona görə də Həsən Əliyev haqqında böyük alim epiteti ilə yanaşı, sadə və alicənab səxavət sahibi kimi ifadələrini də ürəkdolusu işlədirlər. 
Bütöv bir ömrün məna dolu hər dəqiqəsini, hər anını xalqının xoşbəxtliyinə sərf etmiş bu böyük şəxsiyyətin həyatı və yaradıcılığı gələcək nəsillər üçün əsl tərbiyə və nümunə məktəbidir. 1907-ci ildə Qərbi Azərbaycanın Comərdli kəndində dünyaya göz açan Həsən müəllim taleyin sərt və acı rüzgarları ilə üzləşsə də, fitri qabiliyyəti və təhsilə olan sonsuz marağı sayəsində əvvəlcə kənd təsərrüfatı texnikumunu, sonra isə ali məktəbi vaxtından əvvəl bitirmişdir...
Həsən Əliyev keçmiş SSRİ Elmlər Akademiyası (EA) Azərbaycan filialının torpaqşünaslıq bölməsində əvvəlcə elmi işçi, sonra isə elmi katib kimi fəaliyyət göstərdiyi vaxtdan xam torpaqların tədqiqinə başlayır və elmə “Pirsaat düzünün torpaqları və ondan istifadə yolları” adlı ilk monoqrafiyasını bəxş edir.
Böyük Vətən müharibəsi başlananda Həsən Əliyev orduya gedir. Əsgərlərin döyüş ruhunun yüksəldilməsində mühüm rol oynayır. Müharibədən sonra yenidən əvvəlki iş yerinə qayıdır. SSRİ EA  Azərbaycan filialının coğrafiya bölməsinə rəhbərlik edir. 1944-cü ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsinə layiq görülməsi Həsən Əliyevi həmişəlik elmə bağlayır. Doqquz il sonra isə Həsən müəllim Azərbaycan EA-nın akademiki kimi yüksək elmi ada layiq görülür. Elmi-tədqiqatlarla yanaşı, təşkilati işlərlə də müntəzəm məşğul olan alim Torpaqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini (1944-1949), Botanika İnstitutunun direktoru (1949-1952), Azərbaycan KP MK-nın katibi (1952) vəzifələrində çalışır.
Həsən Əliyev Azərbaycan EA-nın yaradılmasından sonra elmi kadrların hazırlanmasında da böyük əmək sərf edib. Eyni zamanda, 1937–1944-cü illərdə akademiyanın torpaqşünaslıq və coğrafiya bölmələrinin yaradılmasında mühüm rol oynayıb. 
Dünyanın bir çox ölkələrində, o cümlədən keçmiş SSRİ-də ətraf mühitin çirklənməsi kütləvi hal alanda, meşələrin intensiv qırılması, suyun, havanın, torpağın zəhərlənməsi, bitki və heyvanat aləminin məhv edilməsi ört-basdır olunan bir vaxtda sovet dövlətində bir qrup qabaqcıl alim ətraf mühitin mühafizəsinin zəruriliyini elmi biliklərlə əsaslandırırdı. Onların arasında akademik Həsən Əliyev də vardı. O, ətraf mühitin mühafizəsi işinə hələ 1955-ci ildə Azərbaycan EA-nın təbiəti mühafizə üzrə komissiyasında sədr kimi başlamışdı. Sonralar Həsən Əliyevin təşəbbüsü ilə akademiyanın Coğrafiya İnstitutunda “Təbiətin mühafizəsi” şöbəsi açıldı və ona institutun direktoru, akademik Həsən Əliyev özü rəhbərlik etməyə başladı. Ətraf mühitin mühafizəsi ilə əlaqədar böyük alimin elmi düşüncələri, narahatlıqları da məhz onun “Həyəcan təbili” kitabında öz əksini tapdı. 
1982-ci ildə işıq üzü görən bu kitab, həqiqətən, füsunkar, zəngin flora və faunaya malik Azərbaycan təbiətinin mühafizəsinin zəruriliyi ilə əlaqədar çalınan “həyəcan təbili” idi. Təsadüfi deyil ki, akademik öz fikirlərini oxucuları ilə bölüşərək yazırdı: “Əlimə qələm alarkən torpağın tədqiqindən başladım. Bəs torpağın dərdi? Torpağın dərdi çoxdur. Onu düşünmək, görmək və hiss etmək lazımdır. Torpaq dilə gəlib şikayətləndi. Kimdən? “Özünün süd verib, bəslədiyi” insanlardan, sinəsinə yara vuranlardan, gözlərinə zəhər tozu üfürənlərdən. Mən isə torpağın övladlarından biri kimi haray saldım, dövri mətbuatda məqalələrlə çıxış etdim, dedim ki, qoy səsimi hamı eşitsin. Oxucular səsimə səs verdilər. Dedilər ki, “təbil çal”, qoy hamı eşitsin. Kitabın adını da nəşriyyat dostlarım qoydular: “Həyəcan təbili”. Dedilər ki, “Həyəcan təbili”ni haradan asaq ki, hamı eşitsin. Dostlarımdan biri dedi: “Həyəcan təbili”ni insanların qulağının dibindən asmaq lazımdır...”.
Ümummilli liderimiz Heydər Əliyev vaxtilə yazırdı: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, yalnız birgə səylərlə həll etmək mümkündür... Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir…”. Akademik Həsən Əliyev bu vəzifələri lazımınca dəyərləndirirdi. Alim təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvətin torpaq olduğunu vurğulayırdı. Deyirdi ki, torpaq bizim çörək ağacımız olmaqla bərabər, həm də yaşayışımızın ibtidasını təşkil edir. 
Həsən müəllim təbiətə son dərəcə həssas və qayğıkeş münasibət bəsləyirdi. Təbiətlə bağlı heç bir şey onun nəzərindən qaçmırdı. Məlum olduğu kimi, Narbənd ağacı nadir ağaclardan sayılır. Deyilənə görə, bir dəfə Həsən Əliyev Naxçıvanda olarkən, yolu Böyük düzdən keçir. Onun diqqətini cərgələnən Narbənd ağaclarının tüstüləndiyi çəkir. Yaxınlaşıb görür ki, hansısa nadan ağaclara od vurub. ­Minillik tarixə malik olan bu nadir ağacları təhlükədən qurtara bilməyəndə isə özünü danlayır. “Hardasan, ay Mirzə Cəlil” – deyə, dərindən köks ötürür. Bax, bu məqamda onu dindirən olsaydı, yəqin ki, uşaq kimi hönkür-hönkür ağlayacaqdı... Yenə Mirzə Cəlili düşünüb dodaqaltı pıçıldayır: “Bu insanlar ayılmadı ki, ayılmadı...”. 
Həsən Əliyevin elmi fəaliyyəti çoxcəhətlidir. O, təbiət elmləri sahəsində bir çox elmi-tədqiqat institutlarına rəhbərlik etmiş və görkəmli alimlərimizin yetişməsində mühüm rol oynamışdır. Alim dünyanın bir sıra ölkələrində Azərbaycan təbiətinin spesifik xüsusiyyətləri ilə əlaqədar mühazirələr oxumuş və bu təbiətin genetik-coğrafi cəhətdən öyrənilməsini məqsədəuyğun hesab etmişdir. 
Alim təbiətşünaslıq elminə böyük töhfələr verən çoxsaylı qiymətli kitabların müəllifidir. Həmin kitablar arasında “Həyəcan təbili”nin xüsusi yeri vardır. Akademik adı çəkilən əsərində yazırdı: “Meşələr böyük sərvətdir, əvəzsiz xəzinədir... Ərazisinin 25-30 faizi meşə ilə örtülü olan bir ölkədə heç vaxt quraqlıq təhlükəsi yaranmaz, tarlalarından isə daim sabit və yüksək məhsul götürülər...”.
Həsən Əliyevin elmi fəaliyyətini statistik rəqəmlərlə ifadə etsək, deyə bilərik ki, o, 500 elmi əsərin, onlarca kitab və monoqrafiyanın müəllifi olmuş, 40 elmlər namizədi, 8 elmlər doktoru yetişdirmişdir. Həsən müəllimin elmi varisliyini bu alimlər nəsli qorumuş və inkişaf etdirmişdir. Torpaqşünaslıq, coğrafiya, əkinçilik, təbiəti mühafizə və digər elmi istiqamətlərdə aparılan tədqiqat işləri öz bəhrəsini vermişdir. Respublikamızda bu sahələrdə elmi sistemlər qurulmuş və praktik fəaliyyət uğurlu nəticələr verməyə başlamışdır. 
 Akademik Həsən Əliyev yalnız elmi fəaliyyətlə kifayətlənməmiş, elmin təbliği, cəmiyyətin maarifləndirilməsi və jurnalistika sahəsində mühüm işlər görmüşdür. Hələ 1925-ci il oktyabr ayının 5-də “Şərq qapısı” qəzetində “Bizə də teatr lazımdır”, 1929-cü ildə “Molla Nəsrəddin” jurnalında “Müəllim lazımdır” məqalələrini dərc etdirmişdir. 
O, uzun illər “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olmuş, respublikanın müxtəlif mətbuat orqanlarında aktual publisistik, fundamental elmi məqalələrlə çıxış etmişdir.
Həsən Əliyevin 1970-ci ildən başlayaraq elmi fəaliyyətinin yeni mərhələsi başlanır. Bu dövrdə onun “Meşələrin torpaq prosesinə təsiri”, “Azərbaycanın Kürboyu-Tuqay meşələri”, “Yaşıl sərvətin keşiyində”, “Naxçıvan MSSR-nin torpaqları”, “Böyük Qafqazın torpaqları”, “Azərbaycanın torpaq ehtiyatları, onlardan səmərəli istifadə olunması və qorunması” kimi dəyərli kitabları nəşr olunur. Əsərləri keçmiş SSRİ-nin sərhədlərini aşaraq ABŞ, Fransa, Belçika, AFR, əksər Şərqi Avropa ölkələrində, Vyetnam və Yaponiyada geniş ictimaiyyətə çatdırılır. 
Akademik Həsən Əliyev məktəbinin yetirmələri çoxdur. İndi respublikanın elmi-tədqiqat institutlarında, ali təhsil ocaqlarında çalışan onlarca torpaqşünas alim vaxtilə onun diqqət və qayğısı ilə əhatə olunub. 
Alimin bir şəxsiyyət kimi böyüklüyü təkcə onun tədqiqatları, elmi kəşfləri, humanistliyi, vətənpərvərliyi ilə məhdudlaşmır. O, geniş qəlbinin hökmü ilə doğma Azərbaycanın kənd və qəsəbələrini qarış-qarış gəzir, zəhmətkeş insanlarla görüşür, problemlərini öyrənir, onları təbiətin mühafizəsi ilə əlaqədar maarifləndirirdi. Bir sözlə, bütün Azərbaycan akademikin, necə deyərlər, ovcunun içində idi. Həsən Əliyevin şöhrəti, elmi kəşfləri coğrafi sərhəd tanımırdı. O, demək olar ki, dünyanın əksər ölkələrində beynəlxalq elmi konfranslara, forumlara dəvət alır, doğma Azərbaycanı, onun füsunkar təbiətini elmi məruzələri ilə təbliğ edirdi. 
Həsən Əliyevin xatirəsinə ən böyük ehtiram Azərbaycan təbiətinin yaşıllaşdırılmasına qayğı və təbiətin sağlamlaşdırılmasıdır. Bu baxımdan respublikamızda Prezident İlham Əliyevin ətraf mühitin, xüsusilə yaşıllıqların mühafizəsi, artırılması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və rayon rəhbərlərinin təşkilatçılığı ilə davamlı olaraq ağacəkmə kampaniyası keçirilir. Yaşıllaşdırma, abadlıq, səliqə-sahman yaratmaqla bağlı görülən işlər ölkəmizin ekologiyasının sağlamlığına və gözəlliyinə, insanlarımızın rahatlığına xidmət edir. Bu istiqamətdə strateji işlər davamlı görülməkdədir. 
Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın ekologiyamıza, təbiətimizə sistemli qayğısı da göz önündədir. Onun bu sahədə gördüyü işlər nəinki ölkəmiz, eləcə də bütün dünyanın təbiətsevərləri üçün əvəzsiz örnəkdir. Mehriban xanım Əliyevanın bu günlərdə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü də onun təbiətimizə, təbiətsevərlərimizə böyük töfhəsidir. 
Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi də sözügedən aksiyada fəal iştirak edib. Əkilən ağacların hamısı nazirliyin tinglik təsərrüfatlarında yetişdirilib. Ümumilikdə, aksiya zamanı 37 növ ağac əkilib. 
Sonda qeyd edim ki, böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi şərəfinə reallaşdırılan bu ideyanın həyata keçirilməsi, fikrimcə, həm də Həsən Əliyev kimi böyük təbiətşünas alimin xatirəsinə bir ehtiram kimi dəyərləndirilməlidir.

Bəxtiyar HÜSEYNOV,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional İdarəsinin sektor müdiri, yazıçı-ekoloq

14 Dekabr 2019 20:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə