Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümummilli liderə sonsuz məhəbbətin parlaq ifadəsi

Sumqayıt

Sumqayıt ulu öndər Heydər Əliyevin ideyalarının təcəssüm etdirildiyi şəhərdir. Yetmiş yaşlı bu şəhərin   tarixində misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyev  respublikamıza rəhbərlik etdiyi dönəmlərdə Sumqayıta 16 dəfə səfər etmiş və bu səfərlərin hər biri gənclər şəhərinin inkişafında yeni səhifə açmışdır. Məhz dahi şəxsiyyətin həssas münasibəti Sumqayıtın sənaye, tikinti, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafına güclü təkan vermişdir. Elə bu günlərdə şanlı yubileyini qeyd edən Sumqayıtın uğurları Heydər Əliyev strategiyasının təntənəsidir! Prezident İlham Əliyev də bu ənənəni layiqincə davam etdirir, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinin tərəqqisi naminə əlindən gələni edir.

Dekabrın 12-də səhər saatlarında Heydər Əliyev parkında əsl izdiham müşahidə olunmuşdur.  Minlərlə şəhər sakini ən böyük azərbaycanlıya həsr olunan mahnıların sədaları altında ulu öndərə öz sevgilərini bildirmək üçün buraya toplaşmışdılar. Anım mərasimində ümummilli liderin xalq və dövlət qarşısında misilsiz xidmətləri xatırlanmış, ölməz ruhuna dərin ehtiram duyğuları ifadə edilmişdir. 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, veteranlar ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək əziz xatirəsini böyük məhəbbətlə anmışlar.

Sonra şəhərdə 700 nəfərlik ehsan süfrəsi açılıb, ulu öndərin ruhuna dualar oxunmuşdur.

Tərtər

Xalqımızın dahi oğlu, dünya şöhrətli siyasətçi və dövlət xadimi, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini daim uca tutan tərtərlilər ulu öndərin əbədiyyətə qovuşmasının növbəti ildönümünü ehtiramla yad ediblər.

Ümummilli liderin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarətə gələn rayon rəhbərliyi, YAP rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisə kollektivləri, veteranlar, gənclər,  ərazidəki “N” saylı hərbi hissənin şəxsi heyəti dahi rəhbərin heykəlinin önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Sonra iştirakçılar Heydər Əliyev Mərkəzinə gələrək ulu öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla, foto və sənədlərlə tanış olublar. Burada keçirilən anım mərasimində ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov xalqımızın unudulmaz oğlu Heydər Əliyevin nəsillərə örnək olan ömür yolundan və xalqın xoşbəxtliyi uğrunda apardığı mübarizədən, Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə gördüyü əzəmətli işlərdən, xalqın dar günlərində xilaskarlıq rolundan, müstəqil dövlətimizin möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən danışıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin adı Azərbaycan tarixinə qurtuluş mübarizəsinin qalibi kimi daxil olub. O, əsl azərbaycanlı, nadir şəxsiyyət, dünya şöhrətli siyasətçi, təcrübəli dövlət başçısı, öz xalqının sevimli rəhbəri idi. Bugünkü Azərbaycan Heydər Əliyevin müqəddəs adı ilə bağlıdır, onun parlaq zəkasının, müdrik siyasətinin məhsuludur. Müstəqil Azərbaycan ulu öndərin yaradıcılığının şah əsəri, xalqımıza ən böyük töhfəsi və əbədi əmanətidir. Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində qoyduğu izlər heç vaxt silinməyəcək.

Mərasimdə minnətdarlıqla qeyd edilib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin  hər iki dövründə Tərtərdə də böyük quruculuq işləri aparılıb, ciddi ictimai-mədəni dəyişiklik baş verib, əhalinin rifahı yüksəlib. Rayon bu gün ümummilli liderin yaratdığı əsaslar üzərində, onun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni yüksəliş dövrünü yaşayır.

Lənkəran

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyev   xalqımızın qəlbində əbədi yaşayır. Hər il ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da ulu öndərin anım günü böyük ehtiramla qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır. Bu münasibətlə silsilə tədbirlər keçirilir, görkəmli şəxsiyyətin siyasi irsi öyrənilir və keçdiyi şanlı həyat yoluna bir daha nəzər salınır.

Dekabrın 12-də Lənkəranda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi layiqincə yad edilmişdir.  Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov  və geniş ictimaiyyətin nümayəndələri unudulmaz dahi şəxsiyyətin adını daşıyan parka gələrək möhtəşəm abidəsi önünə gül dəstələri düzmüş, ölməz ruhu qarşısında baş əymişlər.  Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, ağsaqqallar, müharibə və əmək veteranları, tələbələr, məktəblilər, minlərlə rayon sakini ulu öndərə  sevgi və ehtiramlarını ifadə etmişlər.

Həmin gün şəhərin Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmiş, kitab, jurnal və rəsmlərdən ibarət sərgiyə baxış olmuş, mərkəzdə daimi fəaliyyət göstərən Heydər Əliyev Muzeyi sakinlər tərəfindən davamlı olaraq ziyarət edilmişdir.  

Ulu öndərin vəfatının 16-cı ildönümü ilə bağlı rayonun idarə və təşkilatlarında, Lənkəran Dövlət Universitetində, Lənkəran Humanitar və Tibb kolleclərində, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində silsilə tədbirlər keçirilmişdir.

Masallı

Ulu öndər siyasi hakimiyyətdə olduğu hər iki dönəmdə dəfələrlə Masallıya səfər etmiş, bu rayondan diqqət və qayğısını əsirgəməmişdir. Dahi şəxsiyyətin adını daşıyan parkda anım günü böyük qələbəliklə qeyd olunmuşdur. Rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ayrı-ayrı kollektivlər abidə qarşısına gələrək, ümummilli liderin xatirəsinə dərin ehtiramlarını ifadə etmişlər.

Bundan bir gün öncə isə  Masallı Şəhər Mədəniyyət Mərkəzində ulu öndərin vəfatının 16-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Əvvəlcə dahi liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Tədbir çərçivəsində Masallı Dövlət Regional Kolleci tələbələrinin ifasında “Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya təqdim edilmişdir. Xalq şairi Zəlimxan Yaqubun poeması  əsasında Masallı Xalq Teatrının rejissoru Cəmaləddin Əliyevin səhnələşdirdiyi tamaşa  maraqla qarşılanmışdır.

Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov tarix boyu yaşayacaq   böyük şəxsiyyət Heydər Əliyevin dövlət və millət qarşısında misilsiz xidmətlərindən danışmış və “Böyük ömrün dastanı” tamaşasını yüksək qiymətləndirmişdir. Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev və gənc Cəbrayıl Əlili ulu öndərin nəsillərə örnək həyat yolundan danışmışlar.

Astara

Ölkəmizin “cənub qapısı” sayılan Astarada keçirilən anım mərasimində qeyd olunmuşdur ki, müasir Azərbaycan tarixinin ən parlaq və ən zəngin səhifələri dahi şəxsiyyət Heydər Əliyevin şərəfli həyat yolu və dəyərli fəaliyyəti ilə sıx bağlıdır. Ulu öndər uzaqgörənliyi və müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqilliyinin daimiliyinə və sarsılmazlığına nail olmuş, ölkəmizin sürətli, dönməz inkişaf yoluna qədəm qoymasını təmin etmişdir. 

Səhər saatlarından başlayaraq axın-axın şəhərin mərkəzinə ulu öndəri anmağa gələnlərin arasında məktəblilərdən tutmuş, ahıl yaşlı insanlara qədər minlərlə soydaşımız var idi. Əvvəlcə ulu öndərin abidəsi önünə tər güllər qoyulmuş, dahi şəxsiyyətin əziz xatirəsi yad edilmişdir. Sonra ayrı-ayrı kollektivlər  bu əvəzsiz dahi insanın ruhuna sonsuz məhəbbətlərini nümayiş etdirmişlər.

Şəhərdəki Heydər Əliyev Mərkəzində ulu öndərin anım gününə həsr olunmuş “Müstəqil Vətənin memarı” mövzusunda elmi-praktik konfrans da unudulmaz təsir bağışlamışdır. Tədbir iştirakçıları böyük rəhbərin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, “Müstəqil Vətənin memarı” adlı sənədli filmə baxmışlar.

 Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev konfransda bildirmişdir ki, unudulmaz dahi şəxsiyyət hələ sağlığında ikən canlı əfsanəyə çevrilmişdi. Ulu öndər sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində silinməz izlər buraxıb. Ümummilli liderin arzu və ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Lerik

Dağlar diyarı Lerik rayonunun ictimaiyyəti ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş anım mərasimində elliklə iştirak etmişdir. Camaat axın-axın mərkəzi meydana gəlmiş və unudulmaz dahi şəxsiyyətin ruhuna ehtiramını ifadə etmişdir. Tədbirdə ulu öndərin xalq və dövlət qarşısında misilsiz xidmətləri xatırlanmış, adının tarix boyu başımız üstündə işıq saçacağı dönə-dönə vurğulanmışdır. Minnətdarlıq hissi ilə qeyd olunmuşdur ki, Lerikə dövlət qayğısı ənənəsi bu gün də layiqincə davam etdirilir, Azərbaycan Prezidenti İlham Əliyev daim rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək üçün mühüm addımlar atır.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, ağsaqqallar, veteranlar, gənclər, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin kollektivləri dahi rəhbərin abidəsi önünə gələrək gül qoymuş, ulu öndərin ruhu qarşısında baş əymişlər.

Biləsuvar

Muğanın qədim şəhəri Biləsuvarda geniş ictimaiyyət nümayəndələri  ümummilli liderin xatirəsinə böyük ehtiramla anım günü tədbirlərinə qoşulmuşlar. Buradakı möhtəşəm abidənin önünə əklil və gül dəstələri qoyulmuşdur. 

Heydər Əliyev Mərkəzində isə Gənclərin İnkişaf və Karyera Mərkəzinin  təşəbbüsü ilə “Heydər Əliyev hər zaman qəlbimizdə” adlı anım tədbiri keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev bildirmişdir ki, ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki dönəmində yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizin nüfuzu artmış, hərtərəfli inkişafa nail olunmuş, müstəqilliyimizin dönməzliyi tam təmin edilmişdir. Dahi şəxsiyyətin  xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri bu gün hər bir vətəndaşımız tərəfindən minnətdarlıqla anılır.  Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Səbinə Hüseynzadə deyib ki, ümummilli lider Heydər Əliyev hər zaman gənclərimizə böyük ümid bəsləyib. Bu gün hər bir gəncimizin bəhrələndiyi dövlət gənclər siyasətinin əsasını məhz ümummilli lider Heydər Əliyev qoyub. Sevindirici haldır ki, bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edir. Tədbirdə ulu öndər Heydər Əliyevin mənalı həyatını və çoxşaxəli siyasi fəaliyyətini əks etdirən film nümayiş olunmuş, gənclərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilmişdir.

Ümummilli liderin anım günü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində Biləsuvar Heydər Əliyev Mərkəzinin kollektivi və rayonun fəal gənclərinin bir qrupu Bakıda Fəxri xiyabana gələrək ulu öndərin abidəsini ziyarət etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Yardımlı

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Yardımlı rayonuna daim diqqət və qayğı göstərmişdir. Rayon sakinləri ulu öndərlə keçirilən görüşləri böyük məhəbbətlə xatırlayırlar. Bu barədə dekabrın 12-də Yardımlı şəhərindəki Heydər Əliyev Parkında ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş ümumrayon anım tədbirində böyük məhəbbət və qədirbilənliklə bəhs olunmuşdur.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ziyalılar, İkinci dünya və Qarabağ müharibəsi veteranları, eləcə də ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.

Anım mərasimində böyük rəhbərin ruhuna dualar oxunub, şəhərdəki mərasim zalında 400 nəfərlik ehsan süfrəsi açılmışdır.

Cəlilabad

Cəlilabadda da ulu öndərin anım günü ümumxalq sevgisinin nümayişinə çevrilib. Rayonun minlərlə sakini şəhərin mərkəzi meydanına – Heydər Əliyev Parkına gələrək dahi rəhbərin  abidəsini ziyarət edib. Heydər Əliyevin Cəlilabadın sosial-iqtisadi inkişafı ilə bağlı xidmətləri əvəzsizdir. O, Azərbaycana rəhbərlik etdiyi illərdə dəfələrlə Cəlilabadda səfərdə olub, sakinlərlə görüşərək onları narahat edən problemləri dinləyib və həlli ilə bağlı tapşırıqlarını verib, yeni infrastrukturun yaradılmasını, yaşayış massivlərinin salınmasını, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, emal müəssisələrinin tikilməsini birbaşa diqqətində saxlayıb. Bu gün cəlilabadlılar qürur hissi keçirirlər ki, onlar bu diqqət və qayğını ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevdən də görürlər. 

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri,Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatı idarə heyətinin üzvləri, ağsaqqallar, gənclər, tələbələr, məktəblilər, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Rayon rəhbərliyi,  həmçinin Göytəpə şəhərində Heydər Əliyev adına park-bulvarda və Heydər Əliyev adına Alar kənd
1 saylı tam orta məktəbin həyətində ümummilli liderin abidəsini ziyarət etmiş və abidənin önünə təzə-tər gül dəstələri qoymuşdur.

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Cəlilabad rayonunun bütün yaşayış məntəqələrində, ərazi icra nümayəndəliklərində və bələdiyyələrdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, idarə, müəssisə və təşkilatlarda tədbirlər, mərasimlər keçirilmişdir. Tədbirin sonunda Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrələri açılmış, ruhuna dualar oxunmuşdur.

Əli NƏCƏFXANLI,
R.TAHİR,
“Xalq qəzeti”

 

14 Dekabr 2019 20:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə