Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə parlamenti ABŞ Senatının qətnaməsini pisləyib

Türkiyə Böyük Millət Məclisinin bütün fraksiyaları ABŞ Senatının 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələri “erməni soyqırımı” kimi tanımasını qətiyyətlə pisləyib. Müzakirələrin sonunda yekdil surətdə Bəyannamə qəbul edilib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Sənədi hakim Ədalət və İnkişaf Partiyası (AKP), eləcə də Cümhuriyyət Xalq Partiyası (CHP), Xalq Demokratiya Partiyası (XDP),  Milli Demokratiya Partiyası (MDP), Milli Hərəkat Partiyası (MHP) və İYİ partiyanın nümayəndələri imzalayıblar. 
Bəyannamədə deyilir: “Türkiyə Böyük Millət Məclisi hesab edir ki, ABŞ Senatının uydurma “erməni soyqırımı” barədə qəbul etdiyi qətnamə tarixi həqiqətləri kəskin təhrif edir və beynəlxalq hüququn fundamental normalarını aşkar şəkildə pozur”. Sənəddə həmçinin vurğulanır ki, Senatın qəbul etdiyi sənəd heç bir hüququ qüvvəyə malik deyil, bu, Türkiyəyə qarşı aparılan çirkin siyasi oyunun bir hissəsidir. 
Türkiyə parlamenti tanınmış alim və araşdırmaçıları bir daha 1915-ci il  hadisələri ilə əlaqədar hərtərəfli tədqiqatlar aparmağa və dünya ictimaiyyətini əsl həqiqətlər barədə geniş məlumatlandırmağa çağırıb. 
Xatırladaq ki, Türkiyə rəsmiləri dəfələrlə ölkə arxivlərini türk və erməni alimlərinin birgə tədqiqatlar aparması  üçün açmağa hazır olduğunu bəyan edib. Lakin Ermənistan dövləti hər dəfə müxtəlif bəhanələrlə bu təklifi qəbul etməyib.   
Türkiyə Xarici İşlər Nazirliyi də ABŞ Senatının məlum qətnaməsini pisləyib. Nazirliyin sözçüsü bildirib ki, belə hallar Türkiyə-ABŞ starateji tərəfdaşlığına kölgə salır.  

M.HACIXANLI, “Xalq qəzeti” 

14 Dekabr 2019 20:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə