Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qazprom” və “Naftoqaz” arasında danışıqlar uğurlu olub

Vyanada Rusiyanın “Qazprom” və Ukraynanın “Naftoqaz” şirkətləri arasında qaz nəqli ilə bağlı danışıqlar uğurla keçib, tərəflər bu istiqamətdə işləri davam etdirəcəklər. Belə bir bəyanatla “Naftoqaz”ın icraçı direktoru Yuri Vitrenko çıxış edib. Məlumatı TASS verib.

Ukrayna şirkətinin rəhbəri deyib: “İndi əvvəllərə nisbətən daha yaxşı işləyirik. Danışıqları davam etdirmək barədə razılaşmışıq. Bunun özü də uğurdur”.
Vitrenkonun sözlərinə görə, Rusiya və Ukrayna danışıqlarda maksimum konstruktiv mövqe tuturlar. “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerlə görüşümüz başa çatdı. Razılaşdıq ki, qaz nəqlinin davam etdirilməsi üçün müxtəlif variantlar üzərində işləyək. Hələ razılaşdırılmış variant haqqında danışmaq tezdir, ancaq hər iki tərəf bu istiqamətdə konstruktiv mövqe nümayiş etdirir”. 
Qeyd edək ki, Vyana danışıqlarında Rusiya qazının Avropaya Ukrayna ərazisindən nəqli ilə bağlı müqavilənin müddətinin uzadılması məsələsi müzakirə olunub. Bu müddət 2019-cu ilin sonunda başa çatır. 
Bundan əvvəlki danışıqlar noyabrın 28-də Vyanada keçirilmişdi. Görüşdə Rusiyanın Energetika naziri Aleksandr Novak, Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi naziri Aleksey Orjel, “Qazprom” İdarə Heyətinin sədri Aleksey Miller, “Naftoqaz” və “Ukrayna qaz nəqli sisteminin operatoru” şirkətlərinin rəhbərləri iştirak etmişdilər.  
Görüşlə bağlı məlumatda bildirilmişdi ki, tərəflər qazla bağlı problemlər, müqavilələrin icrası üzrə qarşılıqlı iradların nizamlanması, 2020-ci ildə Rusiya qazının Avropaya nəqlinin şərtləri, Ukrayna istehlakçıları üçün Rusiya qazını almağın perspektivləri kimi məsələləri müzakirə ediblər. Budəfəki görüşdə isə mövqelərin yaxınlaşdırılması istiqamətində daha bir addım atılıb. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

14 Dekabr 2019 20:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə