Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndər Heydər Əliyevin anım günü xarici ölkələrdə geniş işıqlandırılıb

Ulu öndər Heydər Əliyevin anım günü xarici ölkələrdə geniş işıqlandırılıb

Ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı bir sıra xarici nəşrlərdə məqalələr yayımlanıb. Məqalələrdə ulu öndərin Azərbaycanın müasir tarixində roluna, onun həyat və fəaliyyətinə nəzər salınır, ölkəmizin inkişafı üçün həyata keçirdiyi islahat və tədbirlərdən söz açılır.

İtaliyanın “European Affairs” qəzetində Domeniko Letizianın müəllifi olduğu “Heydər Əliyev vəfatının 16-cı ildönümündə Azərbaycan xalqının xatirəsində” sərlövhəli məqaləsində qeyd edilir ki, ölkəmizin müstəqilliyinin qorunması, beynəlxalq səviyyədə ilk təmaslarının qurulması, azad bazar iqtisadiyyatı prinsiplərinə qoşulması, sülh və demokratiya yolunda addımlaması ulu Heydər Əliyevin fəaliyyətinin nəticəsində mümkün olub.
Jurnalist daha sonra bildirir ki, müstəqilliyin ilk çətin illərində Heydər Əliyev Azərbaycanda müasir dövlətçiliyin, güclü dövlət institutlarının formalaşdırılmasını, iqtisadiyyatın inkişafını təmin edib. Məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ordu quruculuğu, Azərbaycanın müstəqil siyasəti, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə transmilli şirkətlərin ölkənin neft və qaz sektoruna cəlb edilməsi, ölkədə sosial-iqtisadi inkişafın əsaslarının qoyulması, müxtəlif din və mədəniyyətlərin sülh şəraitində birgə yaşamasına söykənən multikulturalizm ənənələrinin qorunub saxlanması barədə də söz açılır.
Müəllif ulu öndərin əsasını qoyduğu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini bildirir. İtaliya və Azərbaycan arasında münasibətlərə də toxunan müəllif ulu öndərin 1997-ci ildə İtaliyaya rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafına zəmin yaratdığını vurğulayır.
Qətərin “Peninsula” gündəlik qəzetində “Azərbaycanın ümummilli lideri Heydər Əliyev Qətərdə anıldı” sərlövhəli məqalə dərc edilib. Məqalədə bildirilir ki, Heydər Əliyev Azərbaycanın müasir dövlət quruculuğunun əsasını qoymuş şəxs olaraq həyatını ölkəsinin və xalqının tərəqqisinə və inkişafına həsr edib. Məqalədə deyilir: “Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti, eləcə də aktiv fəaliyyəti nəticəsində Azərbaycan Şərq və Qərb arasında etibarlı körpü rolu oynamağa başladı və ölkə dünyada ən çox dinamik iqtisadiyyata sahib oldu. O, Azərbaycanı parçalanmadan birlik və sabitliyə, yoxsulluqdan həyatın bütün sahələrində inkişaf və tərəqqiyə aparıb.”
Daha sonra Heydər Əliyevin “Əsrin sazişi”ni imzalamaqla, ölkənin enerji sektorundakı fəaliyyətini artırması və bu günə kimi “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”dan başlayaraq, TANAP və TAP kimi uğurlu layihələrin həyata keçirildiyi xatırladılır. 
İndoneziyanın “tempo.co” saytında “Heydər Əliyevin vəfatının 16-cı ildönümünün anılması” sərlövhəli məqalə dərc edilib. Məqalədə ölkəmizin İndoneziyadakı səfiri Cəlal Mirzəyevin ulu öndərin vəfatının ildönümü ərəfəsində Putra Setia Uşaq evini ziyarət etməsi, uşaqlarla görüşüb söhbətləşməsi, ulu öndərin həyat və fəaliyyəti işıqlandırılıb. Tədbirdə çıxış edən səfir Cəlal Mirzəyev ulu öndərin ölkəmizin çağdaş tarixində oynadığı roldan danışıb və onun xatirəsinin ehtiramla yad edildiyini vurğulayıb: “Heydər Əliyev təkcə xalqın lideri deyildi, o, həm də uşaqların və yaşlıların dostu idi. Azərbaycanda Heydər Əliyev Fondunun himayəsi altında yetimlərə, qocalara və kasıblara qayğı göstərən sosial təşkilatlar da var ”.
Məqalədə Azərbaycan səfirliyinin bu xoşməramlı ziyarətinə görə minnətdarlıq ifadə edilib.

 

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

14 Dekabr 2019 01:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə