Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paytaxtda ekoloji pilot layihənin növbəti monitorinqi keçirilmişdir

Paytaxtda ekoloji pilot layihənin növbəti monitorinqi keçirilmişdir

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, paytaxtın ekoloji durumunda ciddi dəyişiklik yaratmaq üçün bu ilin iyul ayından Nərimanov rayonunda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə qurulması ilə bağlı pilot layihənin gerçəkləşdirilməsi uğurla davam etdirilir. 
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, Böyük Britaniyanın “Mott MacDonald” şirkətinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə birgə hazırladığı layihənin vaxtaşırı monitorinqini aparan ingilis mütəxəssislər bugünlərdə yenidən Bakıda olmuş, prosesin gedişini izləmiş və təhlil etmişlər. Tullantı menecmenti məsləhətçisi Nik Vilson konsepsiya çərçivəsində indiyədək görülən, eləcə də nəzərdə tutulan işlər barədə ictimaiyyət və media nümayəndələrinə ətraflı məlumat vermişdir. 
Bildirilmişdir ki, tullantıların tərkibinin hər 2-3 aydan bir təkrar araşdırılması nəticələrin dəqiqləşdirilməsi və növbəti mərhələyə hazırlıq üçündür. Budəfəki araşdırmalar da göstərir ki, pilot layihə yüksək səviyyədə gerçəkləşdirilir. Nərimanov rayonunda yaradılan 400 meydançada tələbata uyğun müasir konteynerlər yerləşdirilmişdir. Hər gün onlar yoxlanılır, yerləşmə strukturu müzakirə olunur, optimal variant tapılır. Konteynerlər vaxtaşırı yuyulur, meydançalar dezinfeksiya edilir. Maarifləndirici tədbirlər də bəhrəsini verməkdədir. Digər rayonların da bu layihəyə qoşulması üçün zəmin yaradılır.
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimov isə bildirmişdir ki, ilk vaxtlar təkrar emala gündəlik 6-7 ton tullantı yığılırdısa, indi bu rəqəm 25 tona çatıb. Artıq 10 monitorinq keçirilmiş və hər dəfə irəliləyiş qeydə alınmışdır. Gələn ilin aprelindən Nizami, Yasamal və Nəsimi, sonrakı illərdə isə digər rayonlar da mərhələli şəkildə bu layihəyə cəlb olunacaq. Bu konsepsiyanın uğurla həyata keçirilməsi Bakı şəhərində tullantıların yığılması və emalını aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaqla yanaşı, böyük iqtisadi fayda da verəcək.

 

R.TAHİR,
“Xalq qəzeti”

14 Dekabr 2019 01:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə