Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndərin əbədiyaşar siyasəti xalqımızı davamlı inkişafa və tərəqqiyə aparır

Ulu öndərin əbədiyaşar siyasəti xalqımızı davamlı inkişafa və tərəqqiyə aparır

Ümummilli lider Heydər Əliyevin adı haqlı olaraq müstəqil Azərbaycan Respublikasının adı ilə bərabər çəkilir. Ölkəmizin son yarım əsrdən artıq bir dövrdəki inkişafı, uğurları dahi öndərin fəaliyyəti ilə sıx bağlıdır. Bu böyük şəxsiyyət hakimiyyətdə olduğu illərdə xalqımızın milli maraqlarını və dövlətçilik mənafelərini daim uca tutub, Azərbaycanın tərəqqisi naminə taleyüklü qərarlar qəbul edib. Həmin qərarları həyata keçirməkdə qətiyyət göstərib, ən çətin, ağır, böhranlı vaxtlarda belə daim xalqı öz arxasınca aparmağı bacarıb. Bütün bunlar isə son nəticədə görkəmli dövlət xadimi Heydər Əliyevə böyük xalq sevgisi qazandıraraq, onu ümummilli liderlik səviyyəsinə yüksəldib. 

Bütün varlığı ilə Vətəninə bağlı olan dünya şöhrətli siyasətçi Heydər Əliyev şərəfli və mənalı bir ömür yaşayıb. Ulu öndər xalqımıza güclü, sarsılmaz, qüdrətli bir dövlət miras qoyub. Qədirbilən xalqımız isə beynəlxalq səviyyədə də hörmətlə anılan dahi şəxsiyyətin Azərbaycan üçün əvəzsiz xidmətlərindən, nəsillərə nümunə olan ömür yolundan daim qürur duyur və bu gün ümummilli liderin siyasi kursunu yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevə sonsuz inanır və onun ulu öndərimizin siyasi varisi kimi yürütdüyü siyasi, iqtisadi, sosial islahatları yekdilliklə dəstəkləyir. 
Dövlətimizin başçısı cənab İlham Əliyev son 16 ildə Azərbaycanı zamanın yeni çağırışlarına uyğun olaraq böyük qətiyyətlə, uğurla irəli aparıb, respublikamızı dünyanın sürətlə və hərtərəfli şəkildə inkişaf edən ölkələrindən birinə çevirib. 
Beynəlxalq aləmdə ən islahatçı dövlət başçısı kimi tanınan cənab İlham Əliyev prezidentlik fəaliyyətində qarşıya Azərbaycanın uğurlu inkişafını gerçəkləşdirmək, ölkədə mövcud olan sabitliyi qoruyub saxlamaq kimi mühüm vəzifələr qoyub və bu istiqamətlərdə önəmli addımlar atıb, apardığı sistemli, hərtərəfli islahatlar respublikamızın ümumi inkişafına yeni dinamizm gətirib.
Dövlətimizin başçısının xalqın sosial rifahının yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi sosial-iqtisadi islahatların uğurlu nəticələrini bu gün hər bir vətəndaş öz həyatında hiss edir. İlin əvvəlindən start götürən struktur, kadr yeniləşdirmələri ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir.
Prezident İlham Əliyevin son 16 ildə sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanıb və bu amil, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsi istiqamətində mühüm addımların atılmasında real ifadəsini tapıb. Məhz bunun nəticəsidir ki, sözügedən dövrdə iqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Dövlət başçısının söylədiyi kimi, yoxsulluğun aşağı səviyyəyə düşməsinin əsas səbəbi isə ondan ibarətdir ki, sosial sahəyə xüsusi diqqət göstərilib. Bu il 4 milyon 200 mindən çox insan geniş sosial paketlə əhatə olunub və minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə artıb. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faiz, müavinətlər isə 2 dəfə çoxalıb. Bu il, həmçinin orta əməkhaqqı 35 faiz artıb və hazırda Azərbaycanda orta əməkhaqqı 723 manat təşkil edir.
Ötən illər ərzində ictimai-siyasi sabitliyin qorunması və daha da gücləndirilməsi Prezident İlham Əliyevin daxili siyasətinin əsas prioritetlərindən biri kimi diqqət çəkib. Azərbaycan bütün dünyada sabitlik adası kimi tanınıb, ölkəmizdə etibarlı təhlükəsizlik mühiti formalaşdırılıb. Buna paralel olaraq, insan hüquqları və azadlıqlarının təmin olunmasına xüsusi əhəmiyyət verilib. Nəticədə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əsaslı uğurlar əldə olunub. Gənclərin siyasi həyatda fəal iştirakını təmin etmək üçün yaş məhdudiyyəti aradan qaldırılıb, respublikamızda yeni vitse-prezidentlik institutu yaradılıb. Dayanıqlı inkişafın, ərzaq təhlükəsizliyinin, icbari tibbi sığortanın tətbiqi ilə bağlı xüsusi layihələr həyata keçirilib. “ASAN” xidmətin, Elektron hökumətin, bələdiyyə idarəçiliyində effektivliyin gücləndirilməsi, müxtəlif idarəetmə orqanlarının birləşdirilərək funksionallığının artırılması idarəetmənin təkmilləşdirilməsinə mühüm töhfələr verib.
Aparılan islahatlar, əldə edilən uğurlu sosial-iqtisadi göstəricilər respublikada yaşanan sabitliyi möhkəmləndirib, xalqın hakimiyyətə etimadını daha da gücləndirib. Sabitliyin, xalqın hakimiyyətə, öz Prezidentinə olan etimadın getdikcə artması isə ölkənin inkişafı, tərəqqisi üçün başlıca şərtdir. 
Bütün bunlar isə bir daha sübut edir ki, dövlət başçımızın rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və xalqımızı davamlı inkişafa və tərəqqiyə aparır.

 

Arzuman MURADLI, 
YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq

 

14 Dekabr 2019 01:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə