Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümid qapısı – Heydər Əliyev Fondu

Redaksiyaya daxil olan məktublar müxtəlif mövzularda olur. Bunların  arasında diqqətimi iki məktub cəlb etdi. Zərdab rayonundan göndərilmiş hər iki məktubda minnətdarlıq duyğuları ifadə edilib. Hər ikisi də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya ünvanlanıb. Məktubları yazanlar isə ata və həyata yenidən qayıtmış, ­sağlamlığına qovuşmuş qızıdır.

Soydaşlarımızın hər hansı problemlə üz-üzə qalanda, işləri müşkülə çevriləndə Heydər Əliyev Fonduna üz tutmaları artıq ənənəyə çevrilib. Çünki o ünvandan heç vaxt naümid qayıtmayıblar. 
Zərdabın Körpükənd sakini Səfər Cəfərov yazır ki, qızım Natəvan 7 ildən bəri idi ki, müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Ölkəmizdə və xaricdə onu müayinə edən həkimlərin məsləhət gördüyü müalicələr, qəbul etdiyi çoxsaylı dərmanlar onun qaraciyərini sıradan çıxardı. Qızım son üç ildə serroza tutuldu və bahalı, çətin tapılan dərmanların ümidinə qaldı.
Dərmanları almağa maddi vəziyyətimiz imkan vermədiyindən, Səhiyyə naziri Oqtay Şirəliyevin qəbulunda olub dərdimi danışdım.  Onun göstərişi ilə dərmanlar təmənnasız, dövlət hesabına hər ay Zərdaba göndərildi.  Amma xəstəlik öz işini görmüşdü. Qızıma qaraciyər köçürülməli idi. Müəllim ailəsinin buna gücü yetərdimi?
“Çox əziyyət çəkdikdən, xilas üçün neçə-neçə ünvana üz tutub əliboş qayıtdıqdan sonra ümid qapısı bildiyimiz Heydər Əliyev Fonduna üz tutduq. Həssas qəlbli Leyla Əliyevanın müraciətimizi dinləyib, operativ müdaxiləsindən sonra ölkəmizin müasir tibb ocaqlarından olan Bona Dea Hospitalında qaraciyər transplantasiyası uğurla başa çatdı”. Bu sətirləri isə digər məktubda Səfər müəllimin qızı Natəvan Xəlilova yazır. 
Hazırda Bona Dea Hospitalında reabilitasiya kursu keçən Natəvan  özünü yaxşı hiss edir.  Yazır ki, Leyla Əliyeva məni həyata qaytarmaqla iki yeniyetmə oğlumu da dünyanın xoşbəxti etdi.  Bu zərif duyğulu xanım ailəmə, qohumlarıma böyük sevinc bağışladı. Bu əməliyyat həm Leyla xanımın mərhəmətli, humanist, nəcib və xeyirxah insan olduğunun,  həm də Azərbaycan səhiyyəsinin inkişafının, tərəqqisinin, gücünün göstəricisidir.  
Səfər müəllimin məktubu Leyla Əliyevaya bu sözlərlə bitir: “Sizi bu cür gözəl insan kimi yetişdirən ailə var olsun! Uca yaradan Sizi, doğmalarınızı, övladlarınızı qorusun”.

 

Hazırladı:
 Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”

13 Dekabr 2019 00:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə