Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndər Heydər Əliyev xalqın qəlbində əbədiyaşarlıq qazanıb

Ulu öndər Heydər Əliyev xalqın qəlbində əbədiyaşarlıq qazanıb

Dekabrın 12-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Anım mərasimi əbədiyaşar rəhbər Heydər Əliyevin əziz və unudulmaz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.         
Komitədən AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qüdrətli şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən, dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında əvəzsiz rolundan və misilsiz fəaliyyətindən danışıb. Bildirib ki, zəngin siyasi dövlətçilik fəaliyyəti ilə tarixin yetirdiyi nadir şəxsiyyətlərdən olan ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmaqla xalqımızı daimi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq qazanıb.
Qeyd olunub ki, ulu öndərin dərin zəkası bütün maneələri aşaraq və qarşıya çıxan çətinliklərə baxmayaraq, Azərbaycanı tənəzzüldən, hərc-mərclikdən, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsindən uğurla çıxarıb, ona həm regionda, həm də dünyada layiqli yer qazandırıb. Məhz dahi rəhbərin səyləri nəticəsində çox keçmədən müstəqil Azərbaycan ardıcıl inkişaf mərhələsinə qədəm qoyub, ölkə həyatının bütün sahələrində quruculuq işləri vüsət alıb, ictimai-siyasi, iqtisadi, sosial, mədəni sahələrdə inkişafa və tərəqqiyə nail olunub. 
Diqqətə çatdırılıb ki, Heydər Əliyev siyasi kursuna, ideyalarına sadiqliyini əməli işləri ilə sübuta yetirən, onun mükəmməl dövlətçilik xəttini yeni müstəvidə zənginləşdirən Prezident İlham Əliyev bu gün müasir dünyanın və xalqımızın tələblərinə uyğun yeni məzmunlu daxili və xarici siyasət həyata keçirir. Dövlətimizin başçısının uğurlu fəaliyyəti onu göstərir ki, Heydər Əliyev ideyaları yaşayır və onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdirilməsini və ölkəmizin hərtərəfli tərəqqisini təmin edir. 
Heydər Əliyev siyasətini hər sahədə uca tutan, onu praktik şəkildə tətbiq edən, mərkəzində Azərbaycan vətəndaşı, onun qayğı və maraqları dayanan sosialyönümlü siyasəti ilə Prezident İlham Əliyev verdiyi müdrik qərarlarla və bacarıqlı idarəçilik qabiliyyəti göstərərək ölkənin davamlı və dayanıqlı inkişafını təmin edib. Son illər həyata keçirilən struktur islahatları, idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklər, şəffaflığın və ictimai nəzarətin artırılması ilə bağlı qəbul olunan mühüm əhəmiyyətə malik qərarlar Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, müasir dünya birliyinə inteqrasiyası, xalqın rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyaları reallaşdıran, məqsədlərinin əhəmiyyətinə və miqyasına görə Azərbaycanda alternativi olmayan Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə böyük dəstək verilir. Xüsusilə, Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsasını qoymuş Birinci vitse-prezident Mehriban Əliyevanın xoşməramlı və əzmkar fəaliyyəti ulu öndərimizin zəngin irsinə verilən dəyərli töhfə kimi yüksək qiymətləndirilir.
Dövlət Statistika Komitəsi aparatının şöbə müdiri Sevda Süleymanova, şöbə  müdiri müavini Orxan Məlikov çıxışlarında ulu öndərin XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, eləcə də onun Azərbaycançılıq ideologiyasının inkişafında misilsiz xidmətlərindən danışıblar. Qeyd edilib ki, azərbaycanlı olması ilə hər zaman fəxr edən, milli mənsubluğundan hədsiz iftixar hissi keçirən ulu öndər Heydər Əliyev  xalqımızın qəlbinə və yaddaşına əbədi həkk olunub və elə bir iz qoyub ki, ölkəmiz dahi rəhbəri ilə daim fəxr edəcək və onu heç zaman yaddan çıxarmayacaq.
Sonra tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

13 Dekabr 2019 00:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə