Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqor Babuşkin: Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlıq uğurla inkişaf edir

İqor Babuşkin: Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlıq uğurla inkişaf edir

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb, dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilən və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Söhbət zamanı ­Azərbaycan–
Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb. 
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş sıx dostluq və əməkdaşlıq əlaqələri bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılıb. Hazırda Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq genişmiqyaslıdır. İki dövlət bir-birinə ən yaxın dəstəyi göstərməklə, iqtisadiyyatdan siyasətə, humanitar əməkdaşlıqdan mədəniyyətədək bütün sahələrdə səmərəli əlaqələr qurub. 
Görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü  və dəstəyi ilə inşa edilmiş və 2018-ci ilin may ayında açılışı olmuş, Azərbaycanda  istehsal olunan məhsulların Rusiya ərazisində, xüsusilə də Rusiyanın cənub bölgəsində yayılmasına, eləcə də iş adamları arasında əlaqələrin genişlənməsinə imkan verən Azərbaycan İş Mərkəzinin fəaliyyəti barədə də danışılıb. Söhbət zamanı, Bakı şəhərində  Həştərxan İş Mərkəzinin inşasında gedən tamamlanma işləri ilə bağlı məsələlər də müzakirə edilib.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Azərbaycan və Rusiya arasındakı ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətləri xüsusi qeyd edilib. 
Bildirilib ki, bu günlərdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan–Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etməsi, onu “Rusiyanın əsl dostu” adlandırması ölkə vətəndaşlarının qürur və sevincinə səbəb olan bir hadisə kimi yadda qalıb. 
Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan ilə Rusiya, o cümlədən Həştərxan vilayəti arasındakı dostluq münasibətlərinin bundan sonra da yüksələn templə inkişaf edəcəyini vurğulayıb. 
Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyən İqor Babuşkin mövcud dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla davam edəcəyinə və genişlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

13 Dekabr 2019 00:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə