Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nikol Paşinyanın özü haqqında yaratmaq istədiyi mif fiaskoya uğrayıb

Nikol Paşinyanın özü haqqında yaratmaq istədiyi mif fiaskoya uğrayıb

Ermənistanın baş naziri Nikol Paşinyanın özü haqqında yaratmaq istədiyi demokrat və vətənpərvər imici fiaskoya uğramaqdadır. Belə ki, işğal olunmuş Azərbaycan torpaqlarına—Şuşaya, Xankəndinə bir neçə dəfə gələrək, sərsəm açıqlamalar verməsi, bundan əlavə, xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları ilə görüşlərdə söylədikləri daxili auditoriyaya hesablanmışdır. Onun əvvəlki “Qarabağ klanı”nı tamamilə sıradan çıxarmaq, özü haqqında, guya, demokrat, korrupsiyadan uzaq, vətənpərvər imici formalaşdırmaq istəyi də artıq nəticə vermir. Çünki erməni cəmiyyətində Paşinyanın siyasi cəhətdən naqolay, qeyri-səlis bəyanatları onun boşboğazlığı kimi qəbul edilir. Vəziyyət elə həddə çatıb ki, Ermənistan KİV-i Paşinyanın bəyanatlarını sayıqlamalar kimi qələmə verməyə başlayıb və rəsmi Yerevan beynəlxalq informasiya sahəsində Azərbaycana uduzmaqdadır.

Bu günlərdə Zham.am erməni portalında “Əliyev niyə Paşinyanı lağa qoymağı özünə rəva bilir?” başlıqlı məqalədə Bakının Yerevanı informasiya mühasirəsinə saldığı qeyd edilir. Materialda Paşinyanın absurd açıqlamalarının beynəlxalq arenada Ermənistan baş nazirinin əleyhinə işləməsi qeyd edilir. 
Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqinə toxunan erməni nəşri qeyd edir ki, Azərbaycan faktiki olaraq Paşinyanın bizə məlum olan, amma xaricdə bilinməməsinə ümid etdiyimiz tarixi savadsızlığını ortaya qoya bildi.
Bundan əlavə, Paşinyanın ardıcıl olaraq Dağlıq Qarabağa getməsi, Yerevanda psevdo-patriot açıqlamalara əl atması və xarici ölkələrdəki çıxışlarının heç bir əhəmiyyətinin olmaması vurğulanıb. Erməni portalı müqayisə apararaq qeyd edir ki, Prezident İlham Əliyev BDU-nun 100 illik yubileyinə həsr olunmuş tədbirdəki nitqində xalq qarşısında Dağlıq Qarabağla bağlı informasiya müharibəsində etdiklərinin hesabatını verərkən demişdir:
“Prezident Putinin dəvətilə mən “Valday” Diskussiya Klubunda iştirak etdim. Oraya cəmi üç dövlət başçısı dəvət olunmuşdu, o cümlədən, Azərbaycan. Bu, bir daha göstərir ki, Rusiya və onun Prezidenti Azərbaycana nə qədər böyük önəm verir və bizə böyük hörmət göstərir. Orada da canlı efirdə sözümü dedim. Mən bunu Bakıda da, hansısa rayonda da deyə bilərdim. Onu kim eşidəcəkdi? Bizimkilər, yəni biz bunu özümüz üçün demirik, biz deyirik ki, dünya bilsin və orada canlı efirdə mən dedim: “Qarabağ Azərbaycandır, nida işarəsi”. Bir daha bütün dünya gördü ki, Qarabağ Azərbaycanındır, bir daha bütün dünya bu həqiqəti gördü”.
Erməni nəşri də məhz bu açıqlamaları əsas tutaraq Azərbaycan Prezidentinin beynəlxalq ictimaiyyəti daha çox inandıra bildiyini məyusluqla vurğulayır. Portala görə, İlham Əliyevin bu açıqlamaları daha effektivdir və dünya buna Paşinyanın dediklərindən daha çox inanır. 
N. Paşinyanın vərdiş etdiyi yalan bəyanatlarını əsas tutan “Erkramas” saytı yazır: “Paşinyan yalan danışmır, sadəcə, nə dediyinə əhəmiyyət vermir”. Sayt qeyd edir ki, Paşinyan, sadəcə, uzun müddətdir özünü bulvar mətbuatının redaktoru kimi aparır.Paşinyanın antidemokratik yol tutması, klan hakimiyyəti qurduğu barədə də açıqlamalar verməsi səngimir. Hətta Ermənistanın baş naziri Nikol Paşinyana növbədənkənar parlament seçkisi keçirilməsi ilə bağlı təkliflər də var. 
“Sputnik Armenia” xəbər verir ki, Paşinyana qarşı səsləndirilən bu fikirlərin müəlliflərindən biri də Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyandır. “Sarkisyana qarşı qaldırılan iş “Antinikol” konsolidasiyası prosesini tezləşdirəcək. Biz bu prosesi son üç gün ərzində görürük. Burada “çox sağ ol, Nikol Paşinyan” demək lazımdır”, – deyə Aşotyan bildirir.
Onun sözlərinə görə, Sarkisyana qarşı irəli sürülən ittihamlar eks-prezidentin xarici siyasət fəallığının qarşısını almağa yönəlib. Aşotyana görə, Paşinyan hakimiyyəti eks-prezidentə qarşı açıq təqiblər aparır. Özünü demokrat kimi aparan Paşinyan bu tənqidlərə əhəmiyyət vermir. 
A. Aşotyan deyib: “Biz Sarkisyanın bir sıra paytaxtlara milli, dövlət gündəliyi ilə səfərlərini planlaşdırırdıq. Düşünürəm ki, hakimiyyət bundan çox yaxşı xəbərdar idi. Onlar öz siyasi rəqiblərinin kobud şəkildə təqibinə davam etməklə hakimiyyətlərini və Ermənistanı zəiflətdiklərini anlamalıdır”. Aşotyan Paşinyan hakimiyyətini cəmiyyəti parçalamağa son qoymağa çağırıb.
Göründüyü kimi, hakimiyyətə gəldiyi günlərdən yalnız tribunalardan gen-bol istifadə etməyə çalışan Paşinyan, öz mənasız bəyanatları, üstəgəl, sərgilədiyi demokratiya şousu ilə daban-dabana zidd olan fəaliyyəti ilə artıq erməni mətbuatının, ekspertlərinin hədəfindədir. O, sərt tənqidlə üzləşərək, populist, hətta avantürist siyasətçi kimi tənqid edilir.

 

Anar TURAN, “Xalq qəzeti”

13 Dekabr 2019 00:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə