Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın bütün regionları dəyişir və inkişaf edir

Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxardı. 15 il ərzində Azərbaycana, təxminən, 250 milyard dollar sərmayə qoyuldu və bu sərmayənin yarısı xarici investisiyadır. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Azərbaycanda mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir.
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti


Son illər Azərbaycanda aparılan məqsədyönlü islahatlar, xüsusilə, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Bu işlər indiyədək icra edilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla başa çatdırılması nəticəsində daha da vüsət alıb. Şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişib, bölgələrdə yeni bir canlanmaya səbəb olub. 2004-cü ildən icrasına başlanılan dövlət proqramlarının icrası infrastrukturun yenilənməsinə, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb.

 

Dövlət proqramları dinamik inkişafı daha da sürətləndirib


Dövlətin həyata keçirdiyi sosial-iqtisadi islahatlar, eləcə də 2004–2018-ci illər ərzində 3 dövlət proqramının icrası sayəsində əhalinin iş yerləri ilə təmin olunması müsbət nəticələrlə diqqət çəkib. 
Belə ki, 1,5 milyonu daimi olmaqla, 2 milyondan artıq yeni iş yeri yaradılıb. Həmin iş yerlərinin 75 faizi regionların payına düşüb. Bu dövrdə istehsalatda müasir texnologiyaların tətbiqi davam etdirilib, yeni yaradılan və mövcud müəssisələrin istehsal potensialı artırılıb, ölkə sənayesi 2,6 dəfə yüksəlib. 
Azərbaycan iqtisadiyyatı 2004–2018-ci illərdə yüksək templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə artıb. Ötən 15 ildə ölkəmizin ixrac məhsulları 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə yüksəlib və bu rəqəm 2019-cu ilin əvvəlinə 45 milyard dollar təşkil edib. Aparılan uğurlu iqtisadi və xarici siyasət ölkəmizə böyük həcmdə investisiyaların yatırılmasını şərtləndirib. Qeyd edilən dövrdə Azərbaycana, təxminən, 250 milyard dollar sərmayə qoyulub və bu vəsaitin yarısını xarici investisiya təşkil edib. 
Onu da xatırladaq ki, 2004-cü ildən 2019-cu ilədək 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi inşa olunub və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi istifadəyə verilib. 
Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılıb. Təkcə güzəştli şərtlərlə iş adamlarına verilən kreditlərin məbləği 2 milyard manatı ötüb. 
Bu gün Azərbaycanın hər yerində yeni sənayeləşmə prosesi uğurla davam etdirilir. Son vaxtlar sənaye parklarının fəaliyyətə başlaması vüsət alıb. Hazırda bu proses bir neçə şəhərdə gedir və indiyədək sənaye parklarında 67 rezident qeydə alınıb və onlardan 40-ı artıq fəaliyyətdədir.
Ölkənin qeyri-neft sektorunda prioritet sahələrdən biri olan kənd təsərrüfatı ərzaq təhlükəsizliyi baxımından mühüm önəm daşıyır. Başqa sözlə, insanların ərzaq məhsullarına çıxış imkanlarını genişləndirir. Eyni zamanda, bu məsələnin reallaşdırılması sözügedən istiqamətdə hədəflərin formalaşması və idxalın əvəzlənməsinə də əhəmiyyətli təsir göstərir. 
Azərbaycanda hazırda istehlak olunan kənd təsərrüfatı məhsullarının payında yerli istehsalın çəkisi artmaqdadır. Makroiqtisadi sabitliyin qorunması baxımından da bu, olduqca mühüm məqamdır. Bu baxımdan kənd təsərrüfatının rolu xüsusi əhəmiyyət kəsb edir. Aqrar sektor ölkəyə valyutanın daxil olmasına, daxili bazarda yerli məhsulların satışa çıxarılmasına əlverişli şərait yaradır. 
Azərbaycanın ixrac potensialının formalaşmasında və inkişaf etdirilməsində çox böyük rol oynayan kənd təsərrüfatının inkişafının daha da sürətləndirilməsi məqsədilə dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə indiyədək müəyyən yerlərdə satış yerləri, logistik mərkəzlər və ticarət mərkəzləri yaradılıb. Burada xidmətlərin səviyyəsi və keyfiyyətinin yüksəldilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Bütün bunlarla bərabər, Azərbaycanda məhsul bolluğu əsasında məhsulun qiymətinin mümkün qədər aşağı salınması da diqqət mərkəzində saxlanılıb. Bunun üçün hökumət “tarladan–süfrəyə” layihəsinin icrasına başlayıb. Məqsəd isə bu zəncirdə iştirak edən hər iki tərəfin – fermer və istehlakçının məmnun qalmasına yönəldilib. Belə ki, fermerlərin istehsal etdikləri məhsulları müvafiq bir qiymətə sata bilmələri, onların ailə büdcələrini formalaşdırmaları, digər tərəfdən isə istehlakçı üçün məhsulun qiymətinin əlverişli olması qarşıya mühüm vəzifə kimi qoyulub. 
Son illərdə dörd böyük su anbarı–Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay su anbarları tikilib. Onların ümumi tutumu 470 milyon kubmetrdir. Bir neçə anbarda tikinti və bərpa işləri aparılıb. Hər il əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılması məqsədilə dövlət vəsaiti hesabına 300-dən çox subartezian quyusu qazılır. 
Ölkəmiz Avrasiyada strateji nəqliyyat mərkəzinə çevrilir. Azərbaycan hazırda Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərində uğurla fəaliyyət göstərir. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, müasir yol infrastrukturları son illərdə yaradılıb və regional yük daşımalarında mühüm rol oynayır.
2004–2018-ci illər ərzində 31 yeni elektrik stansiyası tikilib, Azərbaycanın enerji idxalından asılılığı sona çatıb, ölkəmiz elektrik ixracatçısına çevrilib. Təbii qaz ilə təminat 50 faizdən 95 faizə, içməli su 26 faizdən 70 faizə çatdırılıb. Ötən 15 il ərzində 15 min kilometr avtomobil yolu salınıb.
Sosial infrastrukturun yaradılması prosesi də uğurla davam etdirilir. Üç dövlət proqramı əsasında 3272 məktəb tikilib və təmir edilib. Bu məktəblər ölkəmizdə mövcud məktəb fondunun 73 faizi deməkdir. Təmirə ehtiyacı olan məktəblərin bir hissəsi isə 4-cü dövlət proqramında nəzərdə tutulub. Həmçinin xəstəxanaların, olimpiya komplekslərinin tikintisi davam etdirilir. Bu da bölgələrdə əhalinin sağlamlığında, idmanın inkişafında mühüm önəm daşıyır. 

 

Qarşıda duran vəzifələr

 

Regionların sosial-iqtisadi inkişafına dair dördüncü dövlət proqramı (2019–2023-cü illər) ölkə regionlarının, o cümlədən, kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun, habelə maddi rifahının yüksəldilməsi məqsədi daşıyır. Bu proqramın tərkibi vətəndaşların təklifləri, onları narahat edən məsələlərin həll olunması yönündə reallaşıb. 
Hazırda sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir. Fermerlərə kreditlər, subsidiyalar, texnika, gübrələr, yanacaq güzəştli şərtlərlə təqdim edilir. Şübhəsiz ki, bütün bunlar sahibkarlara bundan sonra ölkə iqtisadiyyatına daha böyük töhfələr verməyi stimullaşdırır. 
Kənd təsərrüfatı və sənaye istehsalının inkişaf etdirilməsi də 4-cü dövlət proqramında xüsusi yer tutur. Bu sənəddə iqtisadiyyatın real sektoru, kənd təsərrüfatı və sənaye potensialının artırılması əsas hədəflərdən biridir. 
İnvestisiya təşviqi proqramı üzrə indiyədək 107 layihə icra edilib. Ümumiyyətlə, 332 layihənin həyata keçirilməsi nəzərdə tutulub. Bu layihələrə qoyulacaq sərmayə 2,8 milyard manatdır. Həmin layihələr çərçivəsində əlavə 12 min yeni iş yeri açılacaqdır.
Sənaye potensialının inkişaf etdirilməsi üçün, əlbəttə, sənaye zonalarının, sənaye parklarının çox böyük rolu var. Ölkəmiz bu gün müasir sənaye mərkəzinə çevrilib. Nəzərdə tutulan işlərin icrası yaxın gələcəkdə qeyri-neft sektorunun inkişafını, qeyri-neft ixracının həcmini artırmağa imkan yaradacaq.
Qeyd edilən işlərin həyata keçirilməsində aqroparkların da çox böyük əhəmiyyəti olduğunu xüsusi vurğulamaq lazımdır. Hazırda 250 min hektarda 51 aqropark yerləşir. Son illərdə aqrar sektorda innovativ texnologiyaların geniş tətbiqinə, müasir idarəetməyə mühüm önəm verilir. Məhz bunun nəticəsidir ki, ötən müddətdə mövcud sahədə məhsuldarlığın artmasına nail olunub. Məsələn, cari təsərrüfat ilində dislokasiya sisteminin qurulması, xüsusilə də müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara “GPS” quraşdırılması və onların düzgün dislokasiyası nəticəsində taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq da yüksək olub. Ötən ilə nisbətən hər hektardan, təxminən, 2 sentner çox məhsul əldə edilib. 
Aqrar sahədə innovativ texnologiyaların tətbiqindən danışarkən, bir yeniliyi də xatırlatmaq istərdik. Respublikada ilk dəfə olaraq Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayevin rəhbərliyi ilə ozonlaşdırma texnologiyası hazırlanıb. MAA-nın təşəbbüsü ilə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun mütəxəssisləri tərəfindən ozonlaşdırmanın kənd təsərrüfatında tətbiqi əsasında taxıl istehsalının az məsrəflə, habelə ekoloji təmiz üsullarla artırılması, məhsulun ekoloji təmiz və itkisiz saxlanılması üzrə elmi-tədqiqat və sınaq işləri aparılıb, mühüm nəticələr əldə edilib. 
Respublikamızda çəltik əkinlərinin elmi əsaslarla həyata keçirilməsi ilə bağlı son illər xeyli iş görülüb. Hazırda bu sahədə əl əməyi, demək olar ki, aradan qaldırılıb. Əkindən başlayaraq, məhsulun yığımına kimi, bütün proseslər mexanikləşdirilib. Məsələn, respublikada, ilk dəfə olaraq, cənub bölgəsində çəltik şitilləri Koreyadan gətirilən ən müasir maşın və mexanizmlərdən istifadə edilməklə əkilib və biçilib. Müasir texnologiyanın tətbiqi nəticəsində keçən il çəltiyin əkin sahəsi 2017-ci illə müqayisədə 2 dəfədən çox artırılaraq, 5,1 min hektara çatdırılıb. İstehsal 2,9 dəfə yüksələrək (10,6 min ton) 16,2 min tona çatıb və orta məhsuldarlıq 31,1 sentner/hektar olub. 
Artıq ölkəmizdə pambığın da innovativ texnologiya əsasında yetişdirilməsinə başlanılıb. Ucarda bu il təcrübə üçün ayrılan 10 hektarlıq pambıq sahəsi Çin texnologiyası əsasında, Beyləqan rayonunun Mil Təcrübə Stansiyasında isə innovativ texnologiya (damla suvarma sistemi) ilə becərilib.
Məhz həyata keçirilən tədbirlər sayəsində bu ilin yanvar–oktyabr aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 900,3 milyon manat təşkil edib ki, onun da 3 350,8 milyon manatı heyvandarlıq, 3 549,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Bir məqama da diqqət yetirmək lazımdır ki, Azərbaycanın böyük turizm potensialı var. Bu sahənin inkişaf etdirilməsi, yeni infrastrukturun yaradılması qarşıda duran əsas məsələlərdəndir. Ölkəmizə gələn turistlərin regionlara daha rahat gediş-gəlişinin təmin edilməsi üçün şəhərlərarası dəmir yollarının tikintisinə başlanılıb. Dövlət başçısının tapşırığı ilə hazırda Ləki–Qəbələ dəmir yolu xəttinin inşası sürətlə davam etdirilir və bu işlərin gələn ilin yayında istifadəyə verilməsi planlaşdırılır.
Ləki–Qəbələ xətti ilə paralel Bakı–Yalama dəmir yolunun tikintisi də təmin ediləcək. Şahdağ dağ-xizək kurortuna da dəmir yolu çəkilməsi nəzərdə tutulur. Bu işlər başa çatdıqdan sonra Qusar rayonuna da dəmir yolu ilə getmək mümkün olacaq. Dördüncü dövlət proqramında dəmir yolu infrastrukturunun yenilənməsi, yeni xəttlərin çəkilməsi nəzərdə tutulur.
İlkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair 4-cü dövlət proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Hesablamalara görə, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən hazırda icra edilən və hazırlığı reallaşdırılan layihələrə investisiya şəklində qoyulacaq. 
Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq aləmdə onun nüfuzunun artmasına səbəb olub. Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə, Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. “Doing Business” hesabatında ölkəmiz biznes mühitinə görə, dünya miqyasında 25-ci yerdə qərarlaşıb. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. 
Əminliklə demək olar ki, 4-cü dövlət proqramı da uğurla icra ediləcək. Bu proqramın həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatı daha da inkişaf edəcək, regionlarda yeni müəssisələr açılacaq, əhali işlə təmin olunacaq. Sadalanan uğurları görmək üçün Azərbaycanın istənilən bölgəsinə getmək kifayətdir. 

 

Qabil YUSİFOĞLU, 
“Xalq qəzeti”

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi ­Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 

 

13 Dekabr 2019 00:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə