Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan TRASEKA Proqramının uğurla reallaşdırılması işinə mühüm töhfələr verib

Azərbaycan region üçün vacib layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi vacib beynəlxalq layihələrin əsas həmicraçısı, beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların, o cümlədən multimodal infrastrukturun təşviqinə dəstək verən Şərq-Qərb və Cənub-Qərb avtomobil yolları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər yerli layihələrin icraçısıdır.
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycanın enerji resurslarının Gürcüstan ərazisindən keçməklə Avropaya nəqli ondan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir.
Salome ZURABİŞVİLİ
Gürcüstan Prezidenti


Azərbaycanın strateji baxımdan mühüm geosiyasi mövqedə, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, nəqliyyat sahəsinə böyük həcmli investisiyaların yatırılması ölkəmizdə irimiqyaslı nəqliyyat - infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradıb. Belə ki, avtomobil və dəmir yolu xətlərinin beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsi Azərbaycanın nəqliyyat potensialını daha da gücləndirib. 

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa–Qafqaz–Asiya beynəlxalq nəqliyyat dəhlizinin (TRASEKA) 20 illik fəaliyyətinə həsr olunmuş yubiley konfransının iştirakçılarına 5 dekabr 2019-cu il tarixli məktubunda da bu barədə ətraflı bəhs edilib. Dövlətimizin başçısı məktubda bildirib ki, fəaliyyət göstərdiyi 20 il ərzində TRASEKA Proqramı üzv ölkələr arasında multimodal daşımaların təşviqi, tranzit daşımalar üçün əlverişli şəraitin yaradılması, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə həmin ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib. 
Dövlətimizin başçısı daha sonra xatırladıb ki, Azərbaycan Respublikası Avropa–Qafqaz–Asiya regionunda nəqliyyat dəhlizlərinin və əlaqəli infrastrukturun inkişaf etdirilməsinin vacibliyini tanıyaraq, bir sıra layihələrin həyata keçirilməsi üçün sərmayələr yatırır, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq edir: “Azərbaycan region üçün vacib layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi vacib beynəlxalq layihələrin əsas həmicraçısı, beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların, o cümlədən multimodal infrastrukturun təşviqinə dəstək verən Şərq–Qərb və Cənub–Qərb avtomobil yolları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər yerli layihələrin icraçısıdır”.
Yeri gəlmişkən, TRASEKA-nın yaradılması tarixinə də qısa nəzər salaq. Belə ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7–8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək yolunun bərpasına həsr olunan beynəlxalq konfrans keçirilib. Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa–Qafqaz–Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib.
Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınıb və 2001-ci il fevralın 21-də rəsmi açılışı olub. Beləliklə, Azərbaycan tarixi İpək yolunun bərpa edilməsinə öz töhfəsini verməklə, əsas inkişaf trayektoriyalarının müəyyənləşdirilməsində mühüm rol oynayıb.
Hazırda Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən “İpək Yolu iqtisadi kəməri” layihəsinin fəal iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “İpək Yolu iqtisadi kəməri”nin yaradılmasının birgə təşviq edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, 2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı–Tbilisi–Qars dəmir yolu Trans-Avropa və Trans–Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini reallaşdırmaqla, qədim İpək yolunun polad magistrallar üzərində bərpasıdır.
Burada onu da xatırladaq ki, 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair saziş imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçir.
Bakı–Tbilisi–Qars dəmir yolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldır. Sabitlik və təhlükəsizliyə xidmət edən bu dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, ikinci mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulub.
Bu layihənin tarixi İpək yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, Mərkəzi Asiya ölkələrinin –Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafında, inteqrasiyasında mühüm əhəmiyyət daşıyır.
Bakı–Tbilisi–Qars layihəsinin əsas üstünlüklərindən biri də odur ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə, Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olur, bu isə iki dövlət arasında münasibətləri daha da möhkəmləndirməyə xidmət edir. Digər məsələ bu layihənin Naxçıvan Muxtar Respublikasına qədər uzanmasıdır. Bu da muxtar respublikanın Ermənistanın blokadasından çıxarılmasına və onun nəqliyyat müstəqilliyinin təmin edilməsinə hesablanıb. 
Yeri gəlmişkən, Gürcüstan Prezidenti Salome Zurabişvili TANAP layihəsinin həyata keçirilməsində ölkəmizin fəaliyyətini yüksək dəyərləndirib, bu məsələdə Prezident İlham Əliyevin xidmətlərinin əvəzsiz olduğunu bildirib. Onun sözlərinə görə, son illər tək TANAP layihəsi deyil, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə bir çox layihələr reallaşıb. Bu layihələrin həyata keçirilməsində Azərbaycan Prezidentinin xüsusi rolu olub.Salome Zurabişvili deyib: “Azərbaycanın enerji resurslarının Gürcüstan ərazisindən keçməklə Avropaya nəqli ondan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində salınan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılan Azad Ticarət Zonasının da Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi əhəmiyyəti danılmazdır. Azad Ticarət Zonası beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqi, “Made in Azerbaijan” brendinin dünya üzrə tanınmasında müstəsna xidmət göstərəcək. Bu zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyənin bir hissəsinin daxil olduğu və 130 milyon insanı əhatə edən bir bazara xidmət göstərməsi planlaşdırılır.
“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, Azərbaycan Şimal–Cənub nəqliyyat dəhlizinin yaradılmasında da fəal rol oynayır. Bununla ölkə hər iki transkontinental dəhlizin kəsişməsində, Avrasiya coğrafiyasının mərkəzində mühüm nəqliyyat-logistika qovşağına çevrilir.
Şimal–Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi artıq son mərhələyə qədəm qoyub. Bu dəhlizin önəmli hissəsi olan Azərbaycan–Rusiya sərhədindən Azərbaycan–İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib. Azərbaycan, eyni zamanda, İran ərazisində Astara–Rəşt–Qəzvin dəmir yolunun tikintisinin maliyyələşdirilməsində də iştirak edir. Azərbaycan İran tərəfinə Astara–Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kreditin ayrılmasını nəzərdə tutub.
Gələcəkdə Şimal–Cənub və Bakı–Tbilisi–Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası nəzərdə tutulur. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır. Bundan Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Avropa ölkələri, Çin, Qazaxıstan və digər Orta Asiya respublikaları istifadə edəcəklər.
Azərbaycanda son illər ərzində ölkənin müxtəlif bölgələrində yeni beynəlxalq aeroportların istifadəyə verilməsi, yeni yolların salınması, regional layihələrin icrasında aparıcı rol ­oynaması Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirir.

 

“Xalq qəzeti”

 

13 Dekabr 2019 00:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə