Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaş cəmiyyəti və milli əxlaq

Azərbaycanda qanunun aliliyinin yüksək milli dəyərə çevrildiyi vətəndaş cəmiyyəti bərqərar olur. Avtoritar, yuxarıdan əmr və göstərişlər gözləyən cəmiyyətlərdən fərqli olaraq, burada vətəndaşlar öz bilik və bacarıqlarına inanır, ölkənin daha irəli getməsi üçün çalışır və yüksək hədəflərə nail olurlar.

Qeyd etmək lazımdır ki, vətəndaşlıq missiyası, ilk növbədə, milli əxlaqdan qaynaqlanmalıdır. Milli soykökdən qidalanmayan, adət-ənənələrimizdən bəhrələnməyən heç bir missiya uğurlu və qalıcı ola bilməz. Qədim yunan filosofu Əflatun deyib ki, bir millət üçün faydalı olan şey o millətin təbiətinə uyğun olandır.

Azərbaycan xalqı dünyanın ən mədəni və sülhsevər xalqlarından biridir. Multikulturalizm bizim həyat və düşüncə tərzimizə çevrilib. Bunu dünya görür və yüksək dəyərləndirir. Dünya onu da müşahidə edir ki, biz azərbaycanlılar hər bir başqa xalqın adət-ənənələrinə hörmət və ehtiram bəsləyirik. Əlbəttə, o dəyər ki, millidir, əmin-amanlığa, mehriban qonşuluğa, sülhə, dostluğa, humanizmə xidmət edir, deməli, həm də bəşəridir.

İslahatlar: ümid və gözləntilər

Ulu öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində günbəgün güclənir, bütün dünyada sayılıb-seçilən, qüdrətli dövlətlərdən birinə çevrilir. Ölkəmizin parlaq uğurları hər birimizi, təbii ki, şox sevindirir. Lakin həyat heç vaxt yerində durmur. İnkişafımızın davamlı olması, yüksək tərəqqi və intibaha nail olmağımız üçün daim yenilənmək, müasirləşmək lazımdır. Nə yaxşı ki, bu gün ölkəmizdə həyatın bütün sahələrində ciddi islahatlar başlanıb. Məram bəllidir: Biz modern düşüncə tərzi ilə çevik idarəetmə modelləri qurmalı, sivil dünyada üstün mövqelərə yüksəlməliyik.

İnkişafın başqa yolu yoxdur! Yerində sayanları rəqibləri geridə qoyurlar. Biz zəkalı, yüksək intellektli, kreativ millətik. Parlaq uğurlara imza atmaq üçün potensialımız böyükdür. Buna heç kəsin zərrə qədər şübhəsi ola bilməz. Yetər ki, bir millət olaraq qarşıda duran böyük məqsədlər naminə səfərbər olmağı bacaraq.

İslahatların əsas ağırlığı, təbii ki, gənclərin üzərinə düşəcək. Bu günlərdə dövlət başçısı Şamaxıda gənclərlə görüşü zamanı deyib ki, müasir gənclər indi daha fəal, daha kreativ və təşəbbüskar olamalıdır. Xoşbəxtlikdən, Azərbaycan gəncliyi bu missiyasını dərk edir və ona bəslənilən ümidləri doğrultmaq əzmindədir.

Krım türklərinin böyük ziyalısı İsmayıl bəy Qaspıralı yazırdı ki, Vətəninə xeyir vermək istəyirsənsə, əlindən gələn işdən başla. Bu gün gənclərdən məhz çalışdıqları sahədə işə ürəkdən can yandırmaları, yüksək peşəkar kadrlar kimi yetişmələri tələb olunur. Bütün dünyada uğurun düsturu budur.

Yadımdadır, 1970-ci illərdə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində tez-tez mərkəzi mətbuatda çalışan tanınmış qələm sahibləri ilə görüşlər təşkil olunardı. Belə tədbirlərin birində “İzvestiya” qəzetinin uzun illər Amerikada yaşayan əməkdaşından Birləşmiş Ştatların sürətli inkişafının səbəbini soruşdum. Həmsöhbətim əminliklə dedi ki, amerikalılar sovet adamlarından fərqi olaraq, öz peşələrini mükəmməl bilirlər.

Dahi Nizami, Şəhriyar da bunu bizə parlaq poetik dildə tövsiyə ediblər. Bu dəyərli fikirlər hər zaman aktualdır. Həqiqətən, “irəli getmək üçün işi işbilənə tapşırmaq” lazımdır!

Ədalətli seçim etmək mənəvi borcdur

Qarşıdakı iki ay ərzində ölkəmizdə iki dəfə seçkilər keçiriləcək. Səsvermə hüququ olan vətəndaşlar birinci dəfə dekabrın 23-də bələdiyyələrin, gələn il fevralın 9-da isə Milli Məclisin namizədlərinə səs verəcəklər. Gənc hüquq eksperti Elxan Atamoğlanov hesab edir ki, seçib-seçilmək fundamental insan hüquqlarından biridir və bu və ya digər namizədin lehinə vicdanlı seçim etməsi hər bir vətəndaşın mənəvi borcudur. Yeri gəlmişkən, 22 yaşlı Elxan seçkilərdə ilk dəfə iştirak edəcək, şübhəsiz, ən layiq bildiyi namizədlərə səs verəcək.

QHT fəallarından sayılan Habil Niftalı da gəncdir. “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin İdarə Heyətinə rəhbərlik edir. Fəallığı, təşəbbüskarlığı ilə seçilir. Birlik gənclərin məşğulluğunun artırılması istiqamətində bir sıra uğurlu layihələr icra edib. H.Niftalı qeyd etdi ki, ölkəmizdə aparılan köklü dəyişikliklər ictimaiyyətin bütün təbəqələri, xüsusilə də gənclər arasında pozitiv əhval-ruhiyyə yaradıb. İndi onların öz güc və bacarıqlarını daha yaxşı nümayiş etdirmək, arzu və planlarını reallaşdırmaq şansları artıb.

Bu məqamda vətəndaş cəmiyyətinin başqa bir fəalı barədə də söz açmaq istəyirəm. Sərraf Orucov Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısıdır. Üçüncü qrup müharibə əlilidir. İctimai işlərdə çox fəaldır. “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu İctimai Birliyinə rəhbərlik edir. Sərraf müəllim parlament seçkilərində namizədliyini irəli sürməyi planlaşdırıb. Keçmiş döyüşçü qarşıdakı seçki marafonunda seçicilərin onun bioqrafiyasına görə xüsusi iltifat göstərmələrini ağlına belə gətirmir. Sadəcə, səs vermə hüququ olan insanları onların çoxsaylı qayğı və problemlərinin həlli üçün real işlər görəcəyinə inandıracağına əmindir.

Sosial şəbəkələr: fərqli mövqelər

Çağdaş dövrdə dünyanın hər yerində, o cümlədən ölkəmizin informasiya məkanında sosial şəbəkələrin yeri və rolu artıb. “Facebook”, “Odnoklassniki, “Twitter” və başqa şəbəkələrdə xəbər və yeniliklərin axını o qədər sürətlənib ki, bəzən sadə, nisbətən az hazırlıqlı insanlar nəyin düz, nəyin saxta və yalan olduğundan baş çıxara bilmir.

Sosial şəbəkələrdən böhtan, qarayaxma kampaniyaları artır ki, azalmır. Bu, acı bir reallıqdır. Çıxış yolu varmı? Əlbəttə, var. Cəmiyyətin savadlı, mütərəqqi zümrəsi haqsızlığa qarşı etiraz etməlidir. Xüsusilə, dövlətimizi, dövlətçiliyimizi qorumalıyıq, ölkə rəhbərlərinə, onların ailə üzvlərinə çirkab atanları ifşa etməyə çalışmalıyıq.

Tanınmış yazıçı-dramaturq Firuz Mustafanın fikrincə, sosial şəbəkələr xırda, cılız məqsədlərin deyil, ağlın, zəkanın meydanına çevrilməlidir. İnternetin sonsuz imkanlarından xalqımızın ictimai-siyasi, mədəni səviyyəsinin yüksəlməsi üçün istifadə etmək lazımdır. Bu, əlbəttə, yüksək vətəndaşlıq və mənəviyyat missiyasıdır.

Azərbaycan xalqının, tarixən, elm və tərəqqi yolunda həyatlarının şam kimi əridən işıqlı ziyalıları olub. XX əsrin əvvəllərində Mizə Cəlil, Mirzə Ələkbər Sabir, Ababs Səhhət, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli və başqa ədib, şair və publisistlərimiz xalqımızın mədəni, mənəvi yüksəlişi üçün heyrətamiz işlər görüblər.

Bir daha vurğulamaq istərdim. Sosial şəbəkələrdə fərqli mövqelərin, baxışların yer alması təbiidir. Lakin bütün hallarda etik normalara, əxlaqi dəyərlərə əməl olunmalıdır. Söz və ifadə azadlığını şəxsi qərəz, təhqir və mənəviyyatsızlıq vasitəsinə çevirmək olmaz. Buna milli əxlaqımız yol vermir.

Vətən sevgisi – əxlaq gözəlliyi...

Vətən sevgisi əxlaq gözəlliyini, əxlaq gözəlliyi də Vətən sevgisini meydana gətirir. Fuad Əsədovun arzuları kimi əxlaqı da pak idi! Cəbrayıldakı qonşu binada yaşayan Fuadın ailəsini yaxşı tanıyırdım. Bu mehriban ailənin ilk övladı olan Fuad orta məktəbi əla qiymətlərlə bitirib Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi oldu. Memar olmaq arzusu ilə yaşayırdı. Aşıb-daşan arzuları vardı.

Acı təəssüf ki, gənc Fuadın saf arzuları ürəyində qaldı. 1990-cı illərin əvvəllərində Qarabağda, o cümlədən Cəbrayılda vəziyyət günbəgün ağırlaşırdı. Erməni separatçıları Mixail Qorbaçovun rəhbəri olduğu Kremlin aşkar dəstəyilə Qarabağı qəsb etmək niyyətinə düşmüşdülər. 1991-ci ilin bir soyuq payız günü Fuadı boyuna görə xeyli uzun olan hərbi şineldə görüb təəccübləndim. Başa düşdüm ki, o, təhsilini yarımçıq qoyub, doğma rayonu qorumağa gəlib.

Ertəsi gün Fuadın atası Qərib müəllimi qayğılı gördüm. Sakitcə dedi ki, “Fuada dərslərini buraxıb niyə gəlmisən, deyə bilməzdim. Desəm də, xeyri olmayacaqdı”. Qərib müəllim haqlı idi. Fuad qeyrətli oğul idi. Heç vəchlə razı olmazdı ki, ata-baba yurdu, qız-gəlinlər namərd düşmənin qəfil hücumundan qorxu, təlaş içində yaşasınlar.

1992-cı ilin bir yaz səhəri sürətlə yayılan acı xəbərdən hər birimiz çox sarsıldıq. Tələbə-döyüşçü Fuad Əsədov Cəbrayılın sərhəd kəndlərinin birində baş verən ağır döyüşdə qəhrəmancasına həlak olmuşdu! Şəhidin məzarı hazırda işğal altında olan Cəbrayıl rayonunun Quycaq kəndindədir. Nə qədər ki, biz Quycağı və digər kəndlərimizi yağı düşməndən azad etməmişik, şəhidlərimizn ruhu narahat qalacaq. Lakin, hər birimiz qəlbən inanırıq ki, Böyük Qələbəmiz lap yaxındadır!

Son söz əvəzi...

Böyük Turan sevdalısı Əli bəy Hüseynzadə vaxtilə “Füyuzat” jurnalında yazmışdı ki, məktəblərini xalqın düşünən beyni, alimlərini görən gözü, müəllimlərini əbədi sərvəti, qadınlarını əxlaq abidələri, gənclərini şah damarı, şəhidlərini şəfaətçiləri, bayrağını ürəyi, Vətənini anasının ləyaqəti kimi görən millət var olub yaşayacaqdır.

Düşünürəm ki, dahi mütəfəkkirin bu sözlərində xalqımızın əsas milli-mənəvi, əxlaqi dəyərləri parlaq şəkildə əks olunub. Bəli, dünya var olduqca, xalqımız, dövlətimiz yaşayacaq, daha güclü və qüdrətli olacaq!

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi ­Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 

13 Dekabr 2019 00:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə