Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən ölkəyə çevirməkdir

İslahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən ölkəyə çevirməkdir

İslahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik.
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan əhalisinin rifahının yüksəlməsinə xidmət edən sosial siyasət 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə zənginləşdirilərək hazırda yeni keyfiyyət mərhələsinə daxil olub və daha da güclənib. Ölkəmizdə  yoxsulluğun azaldılması, regional inkişafın təmin edilməsi istiqamətində qəbul olunan çoxsaylı dövlət proqramları, aparılan iqtisadi islahatlar nəticəsində son 16 ildə əhalinin maddi rifahının və yaşayış, eləcə də məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi özünü göstərib. 

Bu gün Azərbaycanda əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkili, bu sahədəki problemlərin aradan qaldırılması istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində respublikada yoxsulluq həddində yaşayanların sayı getdikcə azalır. Son 16 ildə ölkədə 2 milyon yeni iş yerinin yaradılması, yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə müvafiq dövlət proqramlarının uğurlu icrası nəticəsində yoxsulluq səviyyəsinin 49 faizdən 4,9 faizə, işsizlik səviyyəsinin isə 5 faizə endirilməsi bunun bariz ifadəsidir.
Dövlət başçısı tərəfindən insanların rifahının diqqət mərkəzində saxlanılması, bu istiqamətdə mühüm addımlar atılması təsadüfi deyil. Ölkə rəhbəri bununla bağlı müsahibələrinin birində deyib: “2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik”. 
Göründüyü kimi, dövlətimizin başçısı Azərbaycan vətəndaşına daim qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini hər zaman prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Məhz bunun nəticəsidir ki, regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramının icrası sayəsində 15 min kilometr avtomobil yolu salınıb, 31 yeni elektrik stansiyası inşa olunub, dörd böyük su anbarı tikilib, ölkə üzrə təbii qazla təminat 95 faizə çatdırılıb, 100 mindən çox müəssisə yaradılıb, 15 “ASAN xidmət” mərkəzi, 44 olimpiya  kompleksi yaradılıb, 17 aqropark fəaliyyətə başlayıb, 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub. 
Cari ilin əvvəlindən isə ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım, pensiya sisteminin təkmilləşdirilməsi, bu sahədə artımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Respublikada sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə maaş və pensiyaların, o cümlədən minimum əməkhaqqının son 16 ildə bir neçə dəfə artırıldığına nəzər salmaq kifayətdir.
Prezident İlham Əliyev yeni təyin olunan Hacıqabul rayon və Naftalan şəhər icra hakimiyyətləri başçılarını qəbul edərkən əhalinin məşğulluğuna xüsusi önəm verərək vurğulamışdır: "Sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, rəhbərlik edəcəyiniz şəhər və rayonda iqtisadi inkişaf təmin edilsin, işsizliklə bağlı problemlər öz həllini tapsın... İşsizliklə bağlı problemlər bütövlükdə Azərbaycanda öz həllini tapır və beynəlxalq qurumlar da bu sahədəki uğurlarımızı qeyd edir. Ancaq mən bunu dəfələrlə demişəm, bəzi qonşu ölkələrdən fərqli olaraq bizim əhalimiz artır... Bütün bunlar, əlbəttə, tələb edir ki, yeni iş yerləri yaradılsın. İş yerlərinin yaradılması üçün investisiya layihələri icra edilməlidir. Ona görə də icra başçıları da həm yerli, həm də xarici biznes dairələri ilə sıx təmaslar qurmalıdırlar, şəhər və rayonlara investisiyaları cəlb etməlidirlər ki, yerli istehsal artsın və işsizlik daim aşağı səviyyədə olsun”.
Yeni iş yerlərinin açılmasının, vətəndaşların sosial şəraitinin yaxşılaşdırılmasının daim diqqət mərkəzində saxlanılmasının məntiqi nəticəsidir ki, cari il oktyabrın 1-i vəziyyətinə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 1639,1 min nəfər olub, onlardan 909,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Bu ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7 faiz artaraq 603,5 manat təşkil edib.  
Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, Dövlət Neft Şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəlməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində bu ilin sentyabr ayında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 723,4 manata çatıb ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 35,8 faiz, cari ilin avqust ayı ilə müqayisədə isə 21,6 faiz çoxdur.
Yeri gəlmişkən, burada respublika əhalisi arasında ən həssas təbəqənin-məcburi köçkünlərin rifahının   yaxşılaşdırılması məsələsinə də diqqət yetirək. Azərbaycanın iqtisadi potensialı möhkəmləndikcə,  imkanları  artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan həmin kateqoriyadan olan insanların yaşayış səviyyəsi yaxşılaşdırılır. Son illər bu istiqamətdə çox böyük işlər görülüb. Dövlətimizin başçısının bu barədə dediklərinə nəzər salaq: “Köçkünlər üçün 100-dən çox şəhərcik tikilmişdir. Yəni, mən bilmirəm, hansı başqa ölkədə buna rast gəlinir. Mən bilirəm ki, bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar həmişə Azərbaycanı nümunə kimi göstərirlər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir. Mən eşitməmişəm, hansı ölkədə bu kateqoriyadan olan insanlara bu qədər dəstək göstərilir. Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Bu da dünya praktikasında analoqu olmayan bir yanaşmadır. Yəni, bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır”.
Azərbaycanda  sosial rifahının daha da yüksəldilməsinə mühüm önəm verən cənab İlham Əliyevin prezident seçkilərindən sonra imzaladığı ilk fərman da məhz  Vətən uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə, onların vərəsələrinə 11 min manat həcmində birdəfəlik yardım göstərilməsi barədə sərəncam olub. Qeyd edək ki, bu, dövlət başçısının sözügedən kateqoriyaya aid insanlara diqqət və qayğısının növbəti  təzahürüdür.
Onu da xatırladaq ki, ötən illər ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 6650, təkcə 2018-ci ildə isə nəzərdə tutulandan 3 dəfə çox – 626 mənzil təqdim edilib. Bu ilin sonunadək isə bu kateqoriyalardan olan şəxslərə veriləcək mənzillərin sayı isə 800-ə çatdırılacaq. 
Əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı danışarkən, bir məqamı da xatırlatmaq istərdik. Bu, hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolunun  məhz iqtisadi-sosial tərəqqidən keçməsi həqiqəti ilə bağlıdır. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu, bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf edən bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Dövlət başçısı İlham Əliyev də bu reallığı daim önə çəkir. Çünki  insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmyə müsbət təsir göstərir. 
Onu da qeyd edək ki, Azərbaycanın iqtisadi tərəqqisindən, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. 
Yuxarıda vurğulananlardan belə nəticə hasil olur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin əsas mahiyyəti əhalinin faydalı məşğulluğunun təmin edilməsindən, yeni iş yerlərinin açılmasından, sosial müdafiədə ünvanlılıq və səmərəlilik prinsipinə üstünlük verilməsindən, əlillərin, aztəminatlı, habelə şəhid ailələrinin, bu qəbildən olan digər şəxslərin həyat səviyyəsinin yüksəldilməsinə lazımi şərait yaradılmasından ibarətdir.
Göründüyü kimi, istər iqtisadi, istərsə də kadr islahatlarının əsas məqsədi ölkənin dinamik inkişafını təmin etməklə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Bu istiqamətdə dövlət tərəfindən verilən dəstək, aparılan iqtisadi islahatlar, iş adamlarına ayrılan güzəştli kreditlər də bu məqsədə xidmət edir. Bunun nəticəsidir ki, ildən-ilə yeni iş yerlərinin açılmasının dinamikası yüksəlir. Çünki sosial müdafiənin ən səmərəli forması elə əhalinin məşğulluğudur.
Dövlət başçısı yeni təyin edilən icra başçılarını qəbul edərkən onu da vurğulayıb ki, regionlarda işsizliyin aradan qaldırılması üçün texnopark və sənaye parklarının yaradılmasına üstünlük verilir. Sumqayıtda, Neftçalada, Masallıda, Mingəçevirdə və digər yerlərdə belə müəssisələr artıq fəaliyyət göstərir və bu proses davam edir. Belə yanaşma sahibkarlara böyük dəstəkdir. Çünki yeni yaradılan sənaye zonalarında və texnoparklarda bütün infrastruktur dövlətin vəsaiti hesabına yaradılır. Yəni bunların yaradılması üçün sahibkarlar pul xərcləmir, yalnız istehsal, emal və xidmət sahələrinin yaradılmasına investisiya qoyur.

 

V.BAYRAMOV, 
“Xalq qəzeti”

13 Dekabr 2019 00:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə