Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımız ümummilli lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla anır

Xalqımız ümummilli lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla anır

Şamaxı

Şamaxıda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, idarə, müəssisə, təşkilat rəhbərləri və minlərlə Şamaxı sakini ümummilli liderin abidəsini ziyarət edərək xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirib, heykəli önünə tər çiçək dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotolara, kitablara və “Heydər Əliyev və Müasir Azərbaycan” adlı rəsm sərgisinə baxılıb.

Mərasimdə dahi azərbaycanlı, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə danışılıb, ulu öndərin hakimiyyətinin istər sovet, istərsə də müstəqillik dövründə ölkəmizin hərtərəfli inkişaf etdiyi bildirilib. Əsası ulu öndər tərəfindən qoyulan hərtərəfli inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, bu gün Azərbaycanın dünyanın söz sahibi ölkələri sırasında olduğu vurğulanıb. Ulu öndərin azərbaycançılıq ideyasından, ölkəmizin müstəqillik qazanması və çiçəklənməsi yolunda atdığı addımlardan danışılıb, onun əziz xatirəsinin Azərbaycan xalqının ürəyində əbədi yaşayacağı bildirilib.

Sonda ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Balakən

Görkəmli şəxsiyyət, dahi lider Heydər Əliyevin anım günü Balakən rayonunda böyük izdihamla qeyd olunub.

Əvvəlcə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların kollektivləri, ümumtəhsil məktəblərinin müəllimləri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət ediblər. Abidənin önünə tər çiçəklər düzməkə ulu öndərə hörmət və ehtiram bildiriblər.

Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü canından əziz bildiyi doğma xalqının xoşbəxtliyinə həsr edən ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Mədəniyyət Mərkəzində tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində ulu öndər Heydər Əliyevə həsr olunan kitablardan, onun haqqında dövlət başçılarının, görkəmli şəxsiyyətlərin söylədiyi fikirlərdən və ümummilli liderin hikmətli kəlamlarından ibarət sərgiyə baxıblar.

Anım mərasimində məruzə ilə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən bəhs edib, müstəqil Azərbaycanı ümummilli liderin şah əsəri adlandırıb.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Vurğulanıb ki, Azərbaycan xalqı artıq 16 ildir ki, qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin siyasi xətti ətrafında daha sıx birlik nümayiş etdirir.

Xalqımız təskinliyi onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan dövləti etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu illər ərzində Azərbaycan, sözün həqiqi mənasında, möhtəşəm inkişaf mərhələsi keçmişdir.

Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub.

Zaqatala

Zaqatala rayonunda da Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və sıravi vətəndaşlar iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin adını daşıyan parka gələrək ulu öndərin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Sonra Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə elmi-praktik konfrans keçirilmişir. Tədbir iştirakçıları mərkəzin “muzey” bölməsində ulu öndərin həyat və iş fəaliyyətini əsk etdirən fotostendlərə baxmışlar.

Konfransda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı ­Mübariz Əhmədzadənin “Əbədiyaşar lider” mövzusunda geniş məruzəsi dinlənilmişdir. Rayon rəhbəri müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat vermişdir. Daha sonra natiq şərəfli və mənalı ömür yolunun 35 ilini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr etmiş ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratdığını, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazandığını xüsusi vurğulamışdır.

Konfransda dinlənilən məruzələrdə ulu öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanmış, onun zəngin həyat yolu və çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunulmuşdur.

Konfrans dahi şəxsiyyətə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşmışdır.

Qubadlı

Qubadlı Rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatı Sumqayıtdakı “Bəyaz saray”da ulu öndərin xatirəsinə həsr olunmuş anım tədbiri keçirdi.

İştirakçılar əvvəlcə ulu öndərin Qubadlı Rayon İcra Hakimiyyətinin binasının foyesindəki büstünün önünə gül dəstələri qoydular.

 Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Hafiz Quliyev adına Çaytumas məktəb–liseyin YAP ilk partiya təşkilatının sədri Malik Atakişiyev, Əməkdar müəllim Ədalət Əsədov ümummilli lider Heydər Əliyevin fəaliyyətindən, onun müasir Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafındakı xidmətlərindən bəhs etdilər.

Qeyd olundu ki, dövrün ən çətin və təlatümlü çağında müdrikliyi, siyasi məharəti ilə tarixin yaddaşında əbədi həkk olunmuş ümummilli liderin fəaliyyəti zaman keçdikcə öz dəyərini daha aydın göstərməkdədir. Çıxış edənlər ulu öndərin müasir dövlətçilik tariximizdə quruculuq və xilaskarlıq missiyasından, apardığı daxili və xarici siyasətdən, Azərbaycanın tolerant ölkə kimi dünyada nüfuz qazanmasından, qəbul edilən mütərəqqi qanunlardan, gender bərabərliyinin təşəkkül tapmasından, azərbaycançılıq məfkurəsinin milli ideologiyaya çevrilməsindən, dünya siyasətçiləri arasındakı reytinqindən, Azərbaycan dilinin, mədəniyyətin, elmin inkişafına verdiyi töhfələrdən danışdılar.

Bildirildi ki, Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq haqqı qazanmış Heydər Əliyevin xatirəsi daim ürəklərdə yaşayacaqdır. Qeyd olundu ki, bu gün Prezident İlham Əliyevin ulu öndərin müəyyənləşdirdiyi strategiya əsasında həyata keçirdiyi siyasət Azərbaycan dövlətini işıqlı gələcəyə doğru aparır. Azərbaycan dövləti bütün sahələr üzrə inamla inkişaf edir və getdikcə möhkəmlənir, eyni zamanda, əhalinin sosial vəziyyətinin yaxşılaşması məcburi köçkünlərin həyatında da özünü göstərir.

Abşeron

Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü canından əziz bildiyi doğma xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü Abşeron rayonunda da qədirbilənliklə yad edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda onun abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.

Mərasimdə qeyd edilib ki, abşeronluların da Heydər Əliyevə sevgi və məhəbbəti sonsuzdur. Bu dahi insan abşeronluların yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalqının məhəbbətini qazanan öndər kimi qalıb. Bildirilib ki, rayon sakinləri ulu öndərin Vətən və xalq qarşısındakı xidmətlərini minnətdarlıqla xatırlayır, onun əziz xatirəsini daim uca tuturlar.

Anım mərasiminin iştirakçıları Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar. Mərasimin sonunda ulu öndərin anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb. Dahi rəhbərin ruhuna dualar oxunub.

Şirvan

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Şirvan şəhərində keçirilən tədbir iştirakçıları tərəfindən də ehtiramla yad edilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin şəhərin mərkəzi meydanında ucalan abidəsini, Heydər Əliyev Mərkəzini ziyarət edib, ulu öndərin keçdiyi şərəfli həyat yolu, fəaliyyəti, dövlətimiz və xalqımız qarşısında tarixi xidmətləri ilə tanış olub, Şirvan Gənclər Evinin sərgi salonunda ümummilli liderin anım gününə həsr olunmuş sərgiyə baxıblar.

Sonra Şirvan Gənclər Evinin iclas zalında şəhər icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası şəhər təşkilatının, Heydər Əliyev Mərkəzinin və Gənclər Evinin birgə təşkilatçılığı ilə konfrans keçirilib. Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb, iştirakçılar ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” adlı məruzəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolundan, həyat və fəaliyyətindən söhbət açıb.

YAP şəhər təşkilatının sədr müavini Paşa Nəbiyev, Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva ulu öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, həyat və fəaliyyətinin ən önəmli məqamlarından danışıblar.

Gənc könüllü Nahidə Məmmədova və məktəblilər ulu öndər Heydər Əliyevə həsr olunmuş şeir və ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Sonra şəhid ailələrinin, Qarabağ müharibəsi və Çernobıl əlillərinin, dini qurumların nümayəndələrinin və ziyalıların da iştirak etdiyi ehsan süfrəsi açılıb. Mərasimdə ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunub.

İmişli

İmişlidə də ulu öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla anılıb. Rayonun icra strukturları, hüquq-mühafizə orqanlarının əməkdaşları, minlərlə imişlili müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən sənəd və fotoşəkillərlə tanış olublar. Ulu öndərə sonsuz sevgisini bildirən imişlililər axın-axın Heydər Əliyev parkına gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri düzüb və xatirəsini dərin ehtiramla yad ediblər. Bu da İmişli əhalisinin Heydər Əliyev şəxsiyyətinə və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevə sadiq olmalarının daha bir bariz nümunəsi idi.

Mərasimdə iştirak edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ulu öndərin keçdiyi şərəfli ömür yolundan bəhs edib, ümummilli liderin müasir Azərbaycanın xilaskarı olduğunu bildirib. Natiq ulu öndərin öz Vətəni və xalqı qarşısındakı xidmətlərindən danışıb. Qeyd edib ki, müasir Azərbaycanın milli inkişafı məhz onun gərgin zəhməti və səyi nəticəsində ərsəyə gəlib. Bugünkü müasir, müstəqil, çiçəklənən qüdrətli Azərbaycan ulu öndərin şah əsəridir.

Sonda ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan qısametrajlı film nümayiş etdirilib.

Qobustan

Qobustan rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr edilmiş anım tədbiri keçirilmişdir.

Mərasimdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, rayon icra hakimiyyəti aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Mərasim iştirakçıları əvvəlcə ulu öndərin adını daşıyan parka gələrək, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüşlər. Tədbir iştirakçıları müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ruhuna dərin ehtiramlarını ifadə etmişlər. 

Sonra ulu öndərin əziz xatirəsinə ehsan süfrəsi açılmış, ruhuna dualar oxunmuşdur.

Salyan

Salyan rayonunda ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.

Mərasimdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ziyalılar, “N” saylı hərbi hissənin əsgər və zabitləri, Qarabağ müharibəsi əlilləri və veteranları, dindarlar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 Əvvəlcə iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək ümummilli liderin xatirəsini ehtiramla yad etmişlər.

Sonra anım tədbiri rayon icra hakimiyyətində davam etdirilmişdir. Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilmiş, rayonun incəsənət ustaları şeir və musiqi nümunələri ilə çıxış etmişlər.

 Sonda ehsan süfrəsi açılmışdır.

Hacıqabul

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü Hacıqabulda da dərin hüznlə anılıb.

Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, məktəblilər, veteranlar, rayonun əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Ulu öndərin xatirəsini yad edən hacıqabullular dahi rəhbərə sonsuz sevgi və məhəbbətlərini ifadə ediblər.

Bildirilib ki, nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev həmişə ürəklərdə yaşayacaq.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev hacıqabulluların yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalqın məhəbbətini qazanan öndər kimi qalıb.

 

İlqar HƏSƏNOV,
M.MÜKƏRRƏMOĞLU,
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”

 

13 Dekabr 2019 00:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə