Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və multikulturalizm

Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar.
İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti


Müasir Azərbaycanda çoxmədəniyyətlilik və müxtəlif konfessiyaların bərabər yaşaması üçün göstərilən diqqət, tarixən, ölkənin dövlətçilik ənənələrinin əsasını təşkil etmiş, müasir tariximizdə isə bu tendensiya ulu öndər Heydər Əliyev tərəfindən uğurla inkişaf etdirilmişdir.

Əsası ulu öndər tərəfindən qoyulan Azərbaycançılıq ideologiyası başqa xalqların dilinə, dininə ehtiram göstərməyi, heç bir cəhətdən ayrı-seçkilik etməməyi özündə əks etdirir. Ümummilli lider bu ideologiyanın ən dürüst izahını 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının Birinci Qurultayı zamanı etdiyi çıxışında "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam" sözləri ilə ifadə etmiş və dünya azərbaycanlılarını öz milli-mənəvi dəyərlərini unutmamağa, bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyası ətrafında birləşməyə çağırmışdır.
Əhalisinin çoxunun müsəlman olmasına baxmayaraq, Azərbaycan dövləti İslamla yanaşı, digər dinlərə də eyni dərəcədə həssaslıq və qayğı ilə yanaşır. Dini tolerantlığın bir həyat tərzinə çevrildiyi Azərbaycan ərazisində üç səmavi dinin (yəhudilik, xristianlıq və İslam) və eyni zamanda, müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşaması tarixi ənənələrin, müasir zamanda isə müvafiq qanunvericiliyin, həmçinin məqsədyönlü dövlət siyasətinin göstəricisidir. 2002-ci ilin mayın 22–24-də Bakıda rəsmi səfərdə olmuş Vatikan Dövlətinin ­başçısı, dünya katoliklərinin dini rəhbəri Roma papası II İoan Pavel ölkəmizdəki tolerantlıq və dinlərə göstərilən diqqətə görə ulu öndər Heydər Əliyevə təşəkkürünü belə bildirmişdir: "Qoy üç böyük din tərəfindən izhar edilmiş bu məhəbbət şahidliyinə görə Allaha həmd olsun!"
Azərbaycanda tarixi alban kilsə abidələri ilə yanaşı, pravoslav və katoliklərin 12 kilsəsi, yəhudilərin isə 6 sinaqoqu var. O cümlədən, Avropanın ən iri sinaqoqlarından biri 2003-cü ilin mart ayında məhz Bakı şəhərində açılmışdır. Bu isə bir daha Azərbaycanda dinlərin bərabər yaşaması üçün bütün imkanların yaradıldığından xəbər verir.
Cənab Prezident İlham Əliyevin qeyd edilən məsələyə xüsusi diqqət və həssaslığı isə çoxmədəniyyətliliyin təcəssüm etdirilməsində Azərbaycanı tamamilə yeni bir mərhələyə yüksəltmişdir.
Azsaylı millətlərin, etnik qrupların hüquqlarının müdafiəsi dövlətimizin qarşısında duran prioritet vəzifələrdən biridir. Gündən-günə nüfuzu artan Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, konfranslarda, simpoziumlarda iştirak edən xarici dövlətlərin nümayəndələri ölkəmizin tolerantlıq, dini dözümlülük prinsiplərinə sadiqliyini yüksək dəyərləndirirlər. Ölkəmizin multikultural dövlət olaraq çox dəyərli ənənələrini özündə yaşatdığını dəfələrlə qeyd edən möhtərəm Prezidentimiz İlham Əliyev deyib: “Azərbaycan multikulturalizmlə bağlı böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq, bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə, haradasa iflasa uğrayıb, amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik”.
Ölkə başçımız İlham Əliyev hər il Ramazan bayramında 3 səmavi dinin–İslam, xristian və yəhudilərə məxsus olan dinlərin nümayəndələri ilə iftar süfrəsi arxasında əyləşərək, onlarla səmimi söhbət edir, problemləri ilə maraqlanır, üzləşdikləri çətinliklərin həlli üçün zəruri tədbirlər görür.
Müasir Azərbaycanda qədim alban abidələri, müxtəlif xalqlara mənsub dini və tarixi abidələr, Xınalıq, Malakan, Lahıc, Buduq, Nij, Krasnaya Slaboda və s. kimi müxtəlif tarixi-coğrafi məkanlar dövlət səviyyəsində qorunmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasını öyrənən şöbə, Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası, etnik və milli azlıqların mədəniyyət mərkəzlərinin işini əlaqələndirən Respublika Şurası mövcuddur. Bu gün müxtəlif azsaylı xalqların folklor günləri təşkil edilir, onların tarixi, mədəniyyəti, folkloru, musiqisi, etnoqrafiyası və s. ilə bağlı elmi əsərlər, tədqiqat işləri ərsəyə gətirilir. Azərbaycan televiziya məkanında azsaylı xalqların həyat tərzini əks etdirən sənədli filmlər nümayiş etdirilir, həmçinin azsaylı xalqların cəmləşdiyi regionlarda regional televiziya kanalları yayımlanır.
İkinci Dünya müharibəsində Sovet ­İttifaqı Qəhrəmanı Qafur Məmmədovun rus millətindən olan komandiri, kapitan ­Sinetskinin həyatını xilas etmək üçün sinəsini gülləyə sipər etməsi multikulturalizmin xalqımızın canında, qanında kök saldığını təsdiqləyir.
Torpaqlarımızın azadlığı uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə soydaşlarımızla birlikdə digər millətlərdən olan Azərbaycan vətəndaşları da fəal iştirak ediblər. Onların arasında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən, ölkəmizin müxtəlif orden və medalları ilə təltif olunan şəxslər vardır. Yəhudi əsilli azərbaycanlı, Milli Qəhrəman Albert Aqarunovun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə igidlik, şücaət göstərərək şəhid olması ölkəmizdə dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının anadan olduğu Vətənə eyni dərəcədə bağlılığını nümayiş etdirir.
Bizim Salyan rayonunda da çox qədim zamanlarda müxtəlif millətlərin nümayəndələri yaşamışlar. Xüsusən, XIX əsrin ortalarında çar hökuməti pravoslav dininə zidd gedərək müxtəlif təriqətlərə qulluq edən rusları, ukraynalıları Salyan rayonunun indiki Qaraçala qəsəbəsinə, Yol­üstü, Pambıqkənd, Çadırlı, Düzənlik, Yeni Uluxanlı kəndlərinə, Salyan şəhərinə sürgün edərək belə güman edirdilər ki, "vəhşi qafqazlılar" bu insanları orada gözümçıxdıya salacaq, onlara normal yaşamağa imkan verməyəcəklər. Lakin burada da yerli əhali bu qərib insanlara qayğıkeş və həssas münasibət göstərmiş, onlara həmkəndli, qonşu kimi əllərindən gələn köməyi göstərmişlər.
Bu baxımdan uzun illərdir ki, Plastik adlandırılan yaşayış massivində məskunlaşan türkmən millətindən olan Jumagəldi Ovezberdıyevin həyatını nümunə göstərmək olar. Jumagəldi ilə söhbətimdə onun azərbaycanlılara olan münasibətini öyrənmək istədikdə, bildirdi ki, mən 1983-cü ildən Salyan rayonunda yaşayıram. O zaman mənim 25 yaşım var idi. Çox çəkmədi ki, burada azərbaycanlı xanımla evləndim. Hazırda 2 oğlum var. Böyük oğlumun adı Elnur, kiçiyin adı isə Elvindir. Hər ikisi azərbaycanlı qızla evlənib. Buna görə peşiman deyilik, əksinə, çox məmnunuq. Salyan camaatından, qonşularımdan çox razıyam. Azərbaycanlıların mehribanlığı, qonaqpərvərliyi, istiqanlılığı məni valeh edir. Artıq 33 ildir ki, Salyandayam, lakin indiyə kimi mənə, ailə üzvlərimə qarşı heç bir ayrı-seçkilik olmayıb. Çalışdığım müxtəlif ictimai iaşə müəssisələrində də kollektiv tərəfindən həmişə isti münasibət görmüşəm. Bir sözlə, burada özümü qərib kimi hiss etmirəm. Azərbaycanın işğal altında olan torpaqlarının tezliklə azad olunması mənim də ən böyük arzumdur.
Azərbaycandan fərqli olaraq, təcavüzkar Ermənistən dövlətinin monoetnik dövlət kimi multikultural dəyərlərdən tamamilə uzaq olduğu dünyanın hər bir ölkəsinə çox yaxşı məlumdur. Vaxtilə "Armenakan", "Hinçaq" və "Daşnaksütun" terrorçu erməni təşkilatlarının Rusiya, Türkiyə, İran ərazilərində yaşayan erməniləri bir bayraq altında birləşdirərək "Dənizdən-dənizə böyük Ermənistan" imperiyası yaratmaq ideologiyasını gerçəkləşdirmək üçün ermənilərin qonşularına məxsus olan torpaqların 20 faizini işğal etməsi və bu işğal dairəsini daha da genişləndirməyə cəhd göstərməsi Ermənistanın multikulturalizmdən nə qədər kənar bir ölkə olduğunu, başqa millətlərə qarşı necə ədalətsiz, haqsız mövqe tutduğunu bütün dünyaya nümayiş etdirir. 

 

Fuad Muradov, 
Azəraycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  II kurs tələbəsi 

 

13 Dekabr 2019 00:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə