Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Seçki siyasi partiyaların reytinqinin meyarıdır

Seçki siyasi partiyaların reytinqinin meyarıdır

Prezident İlham Əliyevin rəhbərliyi iləgörülən tədbirlər ölkəmizi  yeni inkişaf  mərhələsinə çıxarıb.  Həyata keçirilən  yeni islahatlar konsepsiyası  respublikamızın beynəlxalq aləmdə nüfuzunu yüksəltməklə yanaşı, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasında böyük rol oynayır. İslahatlar, həmçinin   idarəetməni  daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi  daşıyır. Beynəlxaq agentliklərin Azərbaycanı dünyanın  ən islahatçı ölkəsi kimi dəyərləndirmələri də bunu təsdiqləyir.

Həm dövlət quruculuğu kursunun inkişaf etdirilməsi çərçivəsində, həm də bütövlükdə idarəetmədə aparılan islahatlar beynəlxalq ekspertlərin də diqqət mərkəzindədir. Bu günlərdə  rusiyalı politoloq , tarixçi Oleq Kuznetsovun  Azərbaycanda aparılan islahatlarla bağlı verdiyi müsahibə diqqətimi cəlb etdi. Dövlətimizin başçısının kadr islahatlarında gənclərə böyük etimad göstərməsinə münasibət bildirən rusiyalı politoloq deyib ki, rəhbərliyə gənclərin gətirilməsi, elit zümrələrdə nəsillərin dəyişikliyi təbii və məntiqli, bir növ bioloji amillə şərtlənən bir prosesdir. Onun fikrincə, müasir sivilizasiyanın informasiya, texnika və texnologiya məcrasındakı inkişafı əsnasında bütün səviyyələrdə dövlət idarəçiliyindəki məmurlara qarşı keyfiyyətcə yeni tələblər ortaya çıxır.  Politoloq hakimiyyətə gənc, səriştəli ixtisaslı kadrların cəlb olunmasını zamanın hökmü və tələbatı  olduğunu bildirib. Ekspert  islahatların Azərbaycan iqtisadiyyatının inkişafında böyük rol oynayacağına əminliyini ifadə edib.

Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, ümumiyyətlə, dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları  Milli Məclisdən də yan keçməməli idi. Qanunverici hakimiyyətin yenilənməsi, daha savadlı, dünyada baş verən hadisələrə adekvat cavab verə bilən hərtərəfli biliyə malik olan şəxslərdən, xüsusilə gənclərdən  formalaşması  günün tələbidir. Artıq Milli Məclisə seçkilərə rəsmən start verilib.  Mərkəzi Seçki Komissiyası dekabrın 7-də keçirdiyi iclasda bu barədə qərar qəbul edib. MSK seçkilərin hazırlanıb keçirilməsi  üzrə əsas hərəkət  və tədbirlərin Təqvim Planını da təsdiqləyib.

Əksər siyasi partiyaların parlament seçkilərinə ciddi hazırlığa başladıqları bir zamanda  seçkini boykot sədaları da eşidilir. Təbii ki, bu yolu seçənlər ölkəmizin inkişafını, beynəlxalq aləmdə reytinqinin yüksəlməsini istəməyənlərdir.  Müstəqil Azərbycanın parlament tarixində ilk dəfədir ki, növbədənkənar seçkilər keçiriləcək. Burada hansısa bir səbəb axtaranlar ölkədə aparılan islahatlardan bixəbərdirlər.  Yoxsa, bu islahatların uğurlu nəticələrini görmürlərmi? Dünyanın tanınmış ekspertləri Azərbaycanda aparılan islahatları yüksək dəyərləndirdikləri bir vaxtda  xalq arasında heç bir nüfuzu olmayan, “siayasi fəaliyyəti”  yalnız ara qarışdırmaqdan, anti-Azərbaycan qüvvələrinin sifarişlərini yerinə yetirməkdən ibarət olan belə ünsürlər indi də növbədənkənar seçkiləri boykot etmək fikrinə düşüblər.  Belələri çox yaxşı bilirlər ki, seçkiyə qatılmaqla növbəti dəfə rüsvay olacaqlar. Meydanlarda tək qalacaqlarını yaxşı bilən radikal qüvvələr indidən bu yolu seçiblər.

Seçki mübarizə, sınaq meydanıdır.  Hesab edirəm ki, həm də siyasi partiyaların, ayrı-ayrı şəxslərin reytinqini müəyyənləşdirən meyardır.Seçki, eyni zamanda,  kimin zəif və kimin güclü olduğunu  aşkarlayır. Bütün bunlara baxmayaraq, ölkəmiz  demokratik, ədalətli və şəffaf seçki keçirməyə qadir olduğunu yenidən sübut edəcək. 

 

Mehman  İSMAYILOV, 
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı sədrinin müavini, politoloq

12 Dekabr 2019 14:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə