Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkirdə adamların böyük marağına səbəb olan möhtəşəm bir sosial layihənin təqdimatı olub

Şəmkirdə adamların böyük marağına səbəb olan möhtəşəm bir sosial layihənin təqdimatı olub

Bununla bağlı rayonda keçirilən təqdimat haqqında məlumat verməzdən qabaq qeyd edək ki, Şəmkirdə 100 hektar ərazidə “Aqrar Məhəllə” yaradılır və hərəyə 10 sot torpaq sahəsi ayrılmaqla 1000 ailənin istixanası olur, burada ilboyu faraş göyərti yetişdirilir.

Təqdimat mərasimində rayonun iş adamları, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak edib. Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov layihəni təqdim edərək onun  məqsədinin əhalinin həyat şəraitinin və məşğulluq səviyyəsinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, göyərti istehsalının yeni innovasiyalardan istifadə edilməklə genişləndirilməsi, vətəndaşlar arasında sahibkarlıq vərdişlərinin və özünüməşğulluq imkanlarının inkişaf etdirilməsi olduğunu bildirmişdir.

Layihə əsasında həyata keçirləcək bütün proseslər Azərbaycanda kənd təsərrüfatının intensiv inkişafına, o cümlədən regional inkişafı dəstəkləmək missiyasına əsaslanır.

Şəmkir rayonunda göyərti istehsalı üzrə biznes inkubatorun yaradılması və inkişafına hədəflənən layihənin əhəmiyyəti barədə danışan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov layihənin həyata keçirilməsi üçün “Aqrar Məhəllə”də yaradılmış şərait və perspektiv imkanlar barədə ətraflı məlumat verib. İcra hakimiyyətinin başçısı bildirib ki, layihə əsasən gənc ailələrin sahibkarlıqla məşğul olmasına imkan yaradacaq.

"Aqrar Məhəllə"də biri 10 sot olmaqla 1000 ədəd göyərti istilikxanası yaradılacaq. Burada topdan satış mərkəzi, laboratoriya, yeməkxana, xammal anbarı, çeşidləmə və qablaşdırma mərkəzi, buz istehsalı, göy qurutma və qablaşdırma sexi və ofis fəaliyyət göstərəcək.

Təqdimat mərasimində qeyd edilib ki, gələcəkdə yaradılması nəzərdə tutulan “Aqrar Məhəllə”də ən az min ailə üçün yeni biznes imkanları yaradılacaq və onlar növündən asılı olmayaraq quraşdırılacaq istilikxanalarda göyərti istehsalı ilə məşğul ola biləcəklər.

Tədbir iş adamları və sahibkarların iştirakı ilə müzakirələr formasında davam etdirilib. Kənd Təsərrüfatı Nazirliyinin Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Kamil Yusibov  layihənin önəmindən danışıb.

"Aqrar Məhəllə" layihəsinə xüsusi maraq göstərən yerli sahibkarlar da ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə onlara yaratdıqları imkanlara görə təşəkkürlərini bildiriblər.

Görüşün sonunda "Aqrar Məhəllə"nin inkişaf etdirilməsi imkanları haqqında təklif və tövsiyələr verilib.

Qeyd edək ki, artıq birinci dəfə deyil Şəmkirdə bu cür maraqlı və başlıcası faydalı təşəbbüslər irəli sürülür. Ən vacibi odur ki, bu layihələr heç vaxt kağız üzərində qalmır. Çünki rayon rəhbərliyi adamların rifah halının yaxşılaşdırılması ilə bağlı məsələlərə kompleks yanaşır, onu əvvəlcədən götür-qoy edir, mütəxəssislərlə məsləhətləşir, bu işlə məşğul olacaq iş adamları üçün lazımı şərait yaradır və sair. Ona görə də bu tədbirdən sonra adamlar çox sevinirdilər, layihəni öz aralarında yenidən müzakirə edirdilər.

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

 

20 2018 16:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin