Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU-da ulu öndər Heydər Əliyevin anım günü keçirilib

ATU-da ulu öndər Heydər Əliyevin anım günü keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Tibb Universiteti ilə birgə təşkil olunmuş tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb. O, Heydər Əliyevin unudulmaz şəxsiyyət və dərin zəka sahibi olduğunu bildirib. Heydər Əliyevin Azərbaycan elminə və təhsilinə himayədarlığından, bu sahədə çalışanlara, xüsusilə də, səhiyyə işçilərinə həmişə diqqət və qayğı göstərməsindən söz açıb.

Rektor Azərbaycanda səhiyyə sahəsinin inkişafı və peşəkar tibbi kadrların hazırlanmasının məhz ulu öndərin adı ilə bağlı olduğunu xatırladıb: “Heydər Əliyev ömrünün 30 ildən çoxunu Azərbaycan xalqına həsr edib. Məhz Heydər Əliyevin fədakar əməyinin, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində həmin illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb, ölkə daxilində siyasi sabitlik qorunub, iqtisadi və sosial həyat səviyyəsi yüksəlib”.

O, ATU-nun stomatoloji və onkoloji klinikalarının ümummilli lider Heydər Əliyevin böyük qayğısı sayəsində yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin dəstəyi ilə universitetin çoxprofilli terapevtik və cərrahiyyə klinikaları inşa edilib. Bu tibb müəssisələri ən müasir avadanlıqla təchiz olunaraq, əhaliyə dünya standartlarına uyğun səviyyədə tibbi xidmət göstərir.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışıb. Müdrik rəhbərin səhiyyə sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib. A. Əsgərovun sözlərinə görə, bu gün Azərbaycanda iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan nailiyyətlər Ulu Öndərin siyasətinin nəticələridir: “Ümummilli Lider Heydər Əliyev Azərbaycan üçün bir tapıntıdır. Onun ikinci dəfə hakimiyyətə gəldiyi zaman xalqı üçün etdiklərini xatırladıqda da görürük ki, o, hakimiyyətə gəlməsəydi, Azərbaycanın xanlıqlara bölünməsi, dünya xəritəsindən silinməsi təhlükəsi yarana bilərdi”.

Tədbir bədii hissə ilə davam edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Dekabr 2019 11:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə