Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev – müstəqil Azərbaycan dövlətinin qurucusu, milli neft strategiyasının banisi

Bakı neftinin taleyini özünün həyat amalı seçən Xoşbəxt Yusifzadənin-- bu sadə və nüfuzlu insanın söylədikləri həm də Azərbaycanın tale yoludur. Bu böyük ömrün 67 ili Azərbaycanın neft sənayesi ilə bağlı olub. O, elə nadir insanlardandır ki, ölkəmizdə həm milyardıncı, həm də iki milyardıncı ton neftin hasil olunmasında şəxsən iştirak edib. Onun rəhbərliyi və iştirakı ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən çox neft və qaz yatağı, o cümlədən Azərbaycan sektorunda “Azəri”, “Çıraq”, “Günəşli, “Əşrəfi”, “Qarabağ”, “Şahdəniz”, “Abşeron”, “Ümid” və başqaları kəşf olunub. Xarici şirkətlərlə birgə yataqların işlənməsində onun əvəzedilməz xidmətləri vardır. 
Beləliklə,  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti. akademik Xoşbəxt Yusifzadə müsahibimizdir.

 

– Sizinlə ulu öndər Heydər Əliyevin ümumxalq anım günü ərəfəsində görüşürük. Aradan keçən illər bu tarixi şəxsiyyətin necə böyük ideya və əməllərə sahib olduğunu dönə-dönə xatırladır. Heydər Əliyevlə ilk görüşünüzü necə xatırlayırsınız?

– Adı dünyanın müasir tarixinə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi yazılmış  Heydər  Əliyev təmsil etdiyim yaşlı nəslin gördüyü və yaxşı tanıdığı ən parlaq, ən zəkalı və ən müdrik insan, mürəkkəb dünya siyasətində ən görkəmli  simalardan biri idi. Onunla ilk tanışlığım 1967-ci ilə aiddir. Ulu öndər o vaxt Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin  sədri idi. Türkiyənin o zamankı baş naziri  Süleyman Dəmirəl Moskvada keçirdiyi  rəsmi görüş və danışıqlardan sonra Azərbaycana gəlmişdi. Burada o, dəniz neftçilərinin işi ilə tanış olmaq istəmişdi.

Süleyman Dəmirələ dəniz yataqları barəsində məlumat vermək isə mənə havalə olunmuşdu. O vaxt  hörmətli qonağı “Qum adası”nda müşayiət edən  rəsmi şəxslərdən biri də Heydər Əliyev idi. Onda Türk dünyasının iki böyük oğlu ilə  bir gündə tanış olmuşdum. Sonralar bizim çox görüşlərimiz oldu. Tale mənə bütün həyatını Azərbaycan xalqının tərəqqisinə həsr etmiş bu unudulmaz insanın tapşırıqlarına əməl etmək, onun qayğısına layiq olmaq xoşbəxtliyini nəsib etdi.

– Tarixi faktdır ki, 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilmiş Heydər Əliyevin rəhbərliyi ilə neftimizin itirilmiş şöhrətini bərpa etmək üçün mühüm işlər görüldü. Ötən əsrin bu illəri Azərbaycanın neft sənayesində hansı uğurları ilə yadda qalır?

–Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda respublika iqtisadiyyatının bütün sahələrində, o cümlədən neft və qaz sənayesində böyük tənəzzül hökm sürürdü. Bu geriliyi aradan qaldırmaq üçün o, əsl mübarizəyə başladı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1970-ci ilin dekabrında keçirilmiş plenumu yaxşı yadımdadır. Heydər Əliyev plenumdakı məruzəsində respublikanın neft sənayesinin işini dərindən təhlil etdi. Geriliyin səbəblərini göstərdi, gələcəkdə görüləcək işlərin proqramını verdi. O vaxtdan da neft və qaz sənayesində illərlə yığılıb qalmış problemlərin həllinə başlandı.

Xəzər dənizində və quruda yataqların mənimsənilməsi prosesi gündən-günə sürətləndi. Beləliklə, hərtərəfli düşünülmüş, qlobal tədbirlərin həyata keçirilməsinə start verildi. Ötən əsrin 70-80-ci illərində neft sənayesi üçün müxtəlif təyinatlı 400-dən çox gəmi alındı. Bunların arasında kran gəmiləri, o cümlədən 2500 ton gücündə “Azərbaycankran gəmisi, borudüzən və seysmik gəmilər, sərnişin gəmiləri və s. var idi.

Geoloji-kəşfiyyat işləri üçün neftçilərin sərəncamına əvvəlcə “Xəzər” özüqalxan qazma qurğuları, sonra isə “Şelf” tipli yarımdalma üzən qazma qurğusu verildi. Dünyada analoqu olmayan Dərin Dəniz Özülləri Zavodu inşa edildi. Bu nadir müəssisənin Bakıda tikilməsi üçün sovet rəhbərliyinin 450 milyon ABŞ dolları ayırması və Həştərxanda tikilməsi nəzərdə tutulmuş zavodun Azərbaycanda inşa olunması da Heydər Əliyevin iradəsi və cəsarətinin nəticəsi idi.

Bütün bunlar 1970-ci ildən bilavasitə dənizin içərilərinə doğru istiqamətləndirilmiş mühüm təşkilati tədbirlərin məntiqi davamı idi. Həmin il Azərbaycanın Neft Sənayesi Nazirliyi ləğv olundu və əvəzində “Azneft” və “Xəzərdənizneft” istehsalat birlikləri yaradıldı. Mən o zaman dənizdə çalışırdım. SSRİ Neft Sənayesi Nazirliyi Azərbaycan neftçilərinin dəniz şəraitindəki iş təcrübəsini nəzərə alaraq, Xəzərin bütün sektorlarında-- İranla sərhəddən Şimali Xəzərədək uzanan çox geniş bir ərazidə geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar işlərini və s. bizə həvalə etdi. Beləliklə də Xəzərin dərinliklərində neft və qazla zəngin   yataqların  kəşf edilməsinə imkan yarandı. İndi adları dünyada məşhur olan “Günəşli”, “Azəri”, “Çıraq”, “Şahdəniz”, “Kəpəz” yataqları kəşf olundu.

Heydər Əliyevin rəhbərliyi dövründə respublikanın neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. Sovet İttifaqı dağılanadək dənizin Türkmənistan, Qazaxıstan və Rusiya sektorlarında da səmərəli kəşfiyyat işləri aparan Azərbaycan neftçiləri dənizdə 350-dən çox struktur aşkar etdilər.

– Ötən əsrin sonlarındakı o böhranlı dövrdən-- SSRİ-nin süqutundan və Azərbaycanın müstəqillik qazanmasından sonra yeni milli neft strategiyası ideyasının ortaya çıxması hansı reallıqlardan doğurdu?

– 1991-ci ilin sonunda dünyanın siyasi xəritəsində böyük dəyişiklik baş verdi. Sovet İttifaqı dağıldı və müttəfiq respublikalar, o cümlədən Azərbaycan da milli müstəqilliyini elan etdi. “Müstəqilliyi, suverenliyi, dövlətçiliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir”,-- söyləyən ulu öndər yaxşı bilirdi ki, ağır vəziyyətdən çıxmaq üçün dünyanın nəhəng şirkətlərini, onların maddi və texniki potensialını Azərbaycana cəlb etmək  lazımdır.

Reallıq  belə idi və o vaxt Azərbaycanda ikinci dəfə siyasi rəhbərliyə gələn Heydər Əliyev vəziyyətin mürəkkəbliyini hamıdan yaxşı görürdü. Ulu öndərin yeni neft strategiyası o vaxt onun Azərbaycanın taleyi ilə bağlı düşüncələrinin və gərgin zəhmətinin məhsulu kimi meydana gəldi. Bu strategiyanın təməli isə “Azəri”, “Çıraq”, “Günəşli” yataqları ehtiyatlarının mənimsənilməsinə başlamaqla qoyuldu.

– Yəqin, xatırlayırsız ki, neft-qaz hasil etmək üçün xarici şirkətlərlə işbirliyinin qurulması dünya təcrübəsində geniş yayılmış bir üsul olsa da, o zaman Azərbaycanda buna münasibət birmənalı deyildi.

– “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi məsələsi iki variantdan birini seçməyi tələb edirdi: ya gərək ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin düzəlməsi üçün ­­
30-40 il gözləyəydik, ya da xarici neft şirkətlərini respublikaya dəvət edəydik. Əslində, müharibə və daxili çəkişmələrin, eləcə də hakimiyyətsizliyin  ağır vəziyyətə saldığı respublika bu işlərin öhdəsindən gəlmək gücündə deyildi. Buna görə də müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyev neftçi mütəxəssisləri bir yerə toplayıb, məsələnin aydınlaşdırılmasının zəruriliyini qeyd etdi, onlarla ətraflı məsləhətləşdi. Nəticədə, fikir belə oldu ki, xarici neft şirkətlərini ölkəmizə dəvət etmək lazımdır.

Xarici şirkətlərlə birgə işləmək ideyası özünə necə yol açdı?

– Bizi “Əsrin müqaviləsi”nə aparan yol Bakıdan başlandı. Yəni, danışıqlara Azərbaycan paytaxtında start verildi, sonra Türkiyənin İstanbul şəhərində davam etdirildi. Danışıqların həlledici mərhələsi isə Amerikanın Hyuston şəhərlərində keçirildi. Hyustonda 1994-cü il iyulun 21-dən sentyabrın 4-dək 45 gün ərzində aparılan danışıqlarda kəskin dramatik məqamlar az olmadı. Heydər Əliyevin Azərbaycan nümayəndə heyəti qarşısında qoyduğu vəzifənin təmin olunması heç də asan məsələ deyildi. Tərəflərin hər biri öz mövqeyini, öz mənafeyini qoruyurdu. Bəzən iş o yerə çatırdı ki, ya qarşı tərəf, ya da biz danışıqları tamamilə dayandırmaq istəyirdik.

Bir dəfə qarşı tərəf şərt qoydu: Azərbaycan Rusiya ilə danışıb Xəzər dənizinin hüquqi statusunu həll etməsə, danışıqlar davam etdirilməyəcəkdir. Təsəvvür edirsinizmi, bu, nə demək idi? Məlum olduğu kimi, Rusiya ilə bu məsələ Prezident Heydər Əliyevin səyi nəticəsində yalnız 2002-ci ildə həll edildi. Deməli, 1994-cü ildə Hyustonda danışıqlar dayandırılsaydı, biz daha səkkiz il gözləməli olacaqdıq. Nümayəndə heyətimizin üzvü, o vaxt ARDNŞ-nin xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyev qarşımıza qoyulmuş şərt barədə ulu öndərə məlumat verdi və onun göstərişi ilə Vaşinqtona uçdu, orada çox faydalı görüşlər keçirib, məsələni yoluna qoydu.

Nəzərə almaq lazımdır ki, o zaman müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda neftçi mütəxəssislərin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Lakin Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, alimlik elmi dərəcəsi almış və sonra da həmin institutda dərs demiş İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini mükəmməl bilməsi, tərəfdaşlarımızla birbaşa ünsiyyət qurub, mürəkkəb vəziyyətlərdən çıxış yollarını tapması və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi.

Nəhayət, bütün bu gərgin işlərin və ulu öndər Heydər Əliyevin titanik əməyi sayəsində tarixə “Əsrin müqaviləsikimi düşş saziş imzalandı.

– Bu tarixi hadisə Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonrakı ikinci ildə mümkün oldu. Bütün mürəkkəb məsələlər barəsində dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə razılıq əldə edildi. 1994-cü il sentyabrın 20-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və cənab İlham Əliyevin bilavasitə iştirakilə işlənib hazırlanmış və tarixə “Əsrin müqaviləsikimi düşş məşhur saziş imzalandı. Bu, Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə Heydər Əliyevin yeni neft siyasətinin birinci şah əsəri oldu.

Yeri gəlmişkən deyim ki, Prezident Heydər Əliyevin fərmanı ilə həmin önəmli tarix–20 sentyabr 2001-ci ildən ölkəmizdə Neftçilər Günü kimi qeyd olunur. “Əsrin müqaviləsinin Azərbaycan üçün çox böyük əhəmiyyəti oldu. Mən yalnız iki əsas məsələni qeyd etmək istəyirəm.

Siyasi cəhətdən müqavilənin əhəmiyyəti ondadır ki, dünyanın aparıcı dövlət və şirkətləri bir daha əmin oldular ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Heç təsadüfi deyil ki, bu saziş imzalandıqdan sonra xarici şirkətlərlə daha 35 saziş bağlandı.

Müqavilənin iqtisadi əhəmiyyəti isə odur ki, neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən-- 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdırıldı. Hazırda respublikada hasil edilən neftin və qazın əsas hissəsi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları hesabına əldə edilir. Bu yataqların dərinsulu hissəsində 124 hasilat quyusundan gündə 70 min ton neft və 36 milyon kubmetr qaz hasil olunur. İşlənmənin əvvəlindən “Azəri-Çıraq-Günəşli” yataqlarından 498 milyon ton neft və 164 milyard kubmetr qaz hasil edilmişdir.

 Artıq 20-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” yataqları layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından “mənfəət nefti” xarici bazarlara çıxarılır. 2019-cu il dekabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 291 milyon ton “mənfəət nefti” satılıb ki, bu da çıxarılan neftin 58,5 faizindən çoxdur.

Azərbaycan nefti Avropaya və dünya bazarlarına 1997-ci ildən “Şimal istiqaməti” (Bakı-Novorossiysk), 1999-cu ildən “Qərb marşrutu” (Bakı-Supsa) və 2006-cı ilin mayından Heydər Əliyev adına unikal Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ilə çıxarılır. Bu kəmər Heydər Əliyevin neft siyasəti sahəsində ikinci şah əsəridir. Xatırladım ki, Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının ərazilərindən keçib, birbaşa Aralıq dənizinə çıxan bu neft kəmərinin ümumi uzunluğu 1769 kilometr, ötürücülük gücü ildə 50 milyon tondur . “Əsrin Müqaviləsi”nin övladı olan kəmər 2005-ci il may ayının 28-də istismara verildi, 2006-cı il iyulun 13-də isə onun rəsmi açılışı oldu.

Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri, BP şirkətinin rəhbərləri, 30-a qədər ölkənin dövlət və hökumət nümayəndələri, beynəlxalq və regional təşkilatların təmsilçiləri iştirak edirdilər. Mərasimin iştirakçılarından biri kimi deyə bilərəm ki, bu çox möhtəşəm bir hadisə idi. Burada çıxış edən dövlət və hökumət rəhbərləri, digər rəsmi şəxslər BTC-nin istismara verilməsini böyük qlobal hadisə kimi qiymətləndirdilər. Mərasim iştirakçıları tərəfindən hərarətlə qarşılanan Azərbaycan Prezidenti İlham Əliyev öz nitqində neft-qaz sahəsində beynəlxalq əməkdaşlığın və BTC-nin strateji əhəmiyyətini xüsusi qeyd etdi.

Mən bir məsələni də qeyd etmək istəyirəm. Vaxtilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri layihəsinin də əleyhdarları vardı. Amma indi baxın: 2019-cu il dekabrın 1-dək dünya bazarlarına, 555 milyon ton Azərbaycan neft çıxarılıb ki, bunun da 396 milyon tonu BTC ilə nəql edilib. Əgər bu kəmər olmasaydı, bu qədər nefti dünya bazarlarına necə aparıb çıxara bilərdik?!

– Söhbətinizi ulu öndər Heydər Əliyevin neft və qaz strategiyasının gerçəkləşdirilməsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dövrü barəsində fikirlərinizlə davam etdirməyinizi xahiş edirik.

– Azərbaycanda neft və qaz sənayesi inkişafının Prezident İlham Əliyev dövrü də bizim neft və qaz epopeyasının parlaq səhifələridir. Son 16 ildə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin neft və qaz strategiyasının həyata keçirilməsi yolunda elə böyük işlər görülüb ki, bunlar Azərbaycanı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, dünyanın enerji xəritəsini dəyişən bir dövlətə çevirib.

Bununla əlaqədar mən neft və qaz sənayemizdə son vaxtlarda baş vermiş bəzi mühüm hadisələri xatırlatmaq istəyirəm. 2017-ci il sentyabrın 14-də Heydər Əliyev Mərkəzində “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş müqavilənin SOCAR və BP şirkətinin operatorluq etdiyi Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən imzalanması mərasimi oldu. Prezident İlham Əliyev mərasimdəki nitqində “Əsrin müqaviləsi” çərçivəsində görülmüş işləri yüksək qiymətləndirdi, yeni müqavilənin şərtləri barəsində danışdı.

Bu müqavilədə Azərbaycan üçün olduqca sərfəli şərtlər müəyyən edilmişdir. Məsələn, mənfəət karbohidrogenlərinin bölgüsü bu günədək mövcud olan nisbətdə qalır. Yəni Azərbaycana 75 faiz, podratçı tərəflərə 25 faiz. Bu bölgü 2050-ci ilədək dəyişməyəcək. Podratçı qismində çıxış edən Azərbaycan AÇG şirkətinin mövcud layihə üzrə payı 11,6 faizdən 25 faizə, yəni 2 dəfədən də çox artırılır. Müqavilə çərçivəsində tərəfdaş şirkətlər Azərbaycan hökumətinə 3,6 milyard dollar bonus ödəyəcəklər.Yataqlardan hasil edilən səmt qazı əvvəlki kimi bütünlüklə Azərbaycana qalacaq. 2050-ci ilədək AÇG-dən daha 500 milyon tona qədər neft hasil ediləcək.

 2017-ci il noyabrın 8-də Azərbaycanda 2 milyardıncı ton neft hasil edildi. Prezident İlham Əliyev ikimilyardıncı ton neftin çıxarılması münasibətilə Azərbaycan neftçilərini və xalqımızı təbrik etdi. Qeyd edim ki, milyardıncı ton neft ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə – 1971-ci il martın 28-də çıxarılmışdı. Həmin il aprelin 2-də Moskvada kommunist partiyasının 24-cü qurultayında çıxış edərkən Heydər Əliyev respublika neftçilərinin bu nailiyyəti barədə xəbəri dünyaya yaymışdı. Demişdi ki, Azərbaycan neftçiləri bu qocaman neft diyarının bütün tarixi ərzində yerin dərin qatlarından milyardıncı ton “qara qızıl” çıxarıblar. Həyat belə gətirdi ki, iki milyardıncı ton Azərbaycan nefti isə Prezident İlham Əliyevin rəhbərliyi dövründə və bilavasitə onun özünün iştirakı ilə hasil edildi.

Xatırlatmaq istəyirəm ki, neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri bir əsrlik yol keçmişdilər. Neftin ikinci milyard tonu üçünsə bizə yarım əsrdən də az bir vaxt-- 46 il lazım gəldi. Sözsüz ki, Azərbaycan Respublikasının müstəqilliyi bu işdə müstəsna rol oynayıb. Neftin 2-ci milyard tonunun 300 milyon tonu keçmiş sovet hakimiyyəti dövründə, 700 milyon tonu isə müstəqillik illərində hasil edilib ki, bunun da 460 milyon tonu “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə konsorsiumun, 240 milyon tonu isə SOCAR-ın payına düşür.

 2018-ci il mayın 29-da Bakının yaxınlığındakı Səngəcal terminalında bu gün şöhrəti dünyaya yayılmış Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu münasibətlə keçirilən təntənəli mərasimdəki nitqində qeyd etdi ki, təməli dörd il bundan əvvəl qoyulmuş nəhəng və çox mürəkkəb Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrası ilə biz qarşımıza qoyduğumuz hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında, neft-qaz sənayesinin inkişafında yeni dövr başlanır .

2018-ci il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın, Ukrayna, Serbiya, Şimali Kipr respublikaları rəhbərlərinin iştirakı ilə Cənub Qaz Dəhlizinin 2000 kilometrlik hissəsinin – TANAP adı ilə məşhur olan Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin təntənəli açılışı oldu. Beləliklə də “Şahdəniz” qazının TANAP vasitəsilə Türkiyəyə nəqlinə başlandı. Bu günədək Türkiyəyə TANAP-la 3,5 milyard kubmetr “Şahdəniz” qazı nəql edilib. 2018-ci il iyulun 18-də isə Sumqayıtda “SOCAR Polymer” polipropilen zavodunun açılışı da oldu.

2018-ci il oktyabrın 19-da SOCAR özünün daha bir möhtəşəm layihəsini reallaşdırdı. Türkiyənin İzmir vilayətindəki Əliağa yarımadasında ildə 10 milyon ton neft emal edəcək “STAR” neft emalı zavodunun açılışı oldu. Azərbaycanın sərmayəsi ilə ərsəyə gəlmiş bu zavod Avropa, Yaxın Şərq və Afrika bölgələrində ən böyük müəssisələrdən biridir. “STAR” zavoduna tankerlərlə ilk neft 2018-ci ilin iyul-avqust aylarında göndərilib və orada test məqsədilə emal işlərinə başlanmışdır. İlin sonunadək emalın həcmi 8 milyon tona qədər olacaqdır.

Bu müəssisənin inşasında əsas məqsədlərdən biri Türkiyədəki “Petkim” kimya kompleksini müvafiq neft məhsulları, o cümlədən nafta ilə təmin etməkdir. Ən nəhayət bütün Avrasiya üçün tarixi hadisə olan və bu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətində TANAP layihəsinin Avropa ilə birləşən hissəsinin açılışı təkcə ölkəmiz üçün deyil, bütün Avropa üçün böyük əhəmiyyət kəsb edir.

– Sizin məşhur bir fikriniz var: “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, “Şahdəniz” ölkəmizi xaricdə qaz ölkəsi kimi təqdim etdi”. Demək olarmı ki, XXI əsr qaz layihələri əsri oldu?

– Bu, həqiqətən də belədir. “ŞahdənizHeydər Əliyevin neft siyasətinin üçüncü şah əsəridir. 1999-cu il iyulun 12-də “Şahdəniz” yatağında əldə edilmiş nəticələrin təqdimat mərasimində ulu öndər demişdi: “Bu gün şəxsən mənim üçün böyük bir bayramdır. Çünki, hörmətli Xoşbəxt Yusifzadə burada xatırlatdı ki, 1969-cu ildə mən Azərbaycana başçılıq etdiyim zamandan – 70-80-ci illərdə Azərbaycanın neft sənayesinin inkişaf etdirilməsi üçün çox böyük işlər görmüş və böyük xidmətlər göstərmişdim. Xoşbəxt Yusifzadə düz deyir, əgər o illərdə biz Xəzərin dərinliklərində olan neft və qaz yataqlarından istifadə edilməsi üçün lazımi maddi-texniki baza yaratmasaydıq və bu işləri aparmasaydıq, şübhəsiz ki, indiki nailiyyətləri əldə edə bilməzdik”.

 İşlənmənin əvvəlindən “Şahdənizyatağından 115 milyard kubmetr qaz və 27 milyon tondan çox kondensat hasil edilib. Bu müddətdə Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilib. Zaman və görülən işlər fikirlərimizin doğruluğunu təsdiq etdi. Artıq məlumdur ki, “Şahdəniz” yatağının karbohidrogen ehtiyatları bir trilyon 200 milyard kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarətdir. Bu sahə dünya dənizlərində indiyədək kəşf olunmuş nəhəng qaz-kondensat yataqlarından biridir.

– Bu günlərdə 90 yaşınız tamam olacaq. Bu münasibətlə Sizi qəzetimiz adından təbrik edirik.

– Çox sag olun. Ümummilli lider Heydər Əliyev haqqında hələ bundan sonra da çox danışılacaq, mənim sizə dediklərim isə yaddaşımda olanların az bir hissəsidir. Ulu öndərin Azərbaycan xalqı və dövləti üçün, eləcə də respublikamızın neft sənayesi üçün gördüyü işləri danışmaqla, yazmaqla qurtaran deyil.

Müstəqil Azərbaycanın yaradıcısı və qurucusu olan Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir. Son 20 ildə Azərbaycanın neft-qaz sənayesinin keçdiyi yola nəzər salarkən bir fikri xüsusi vurğulamaq istəyirəm: “Əsrin müqaviləsi” ilə başlanmış yeni neft strategiyası Azərbaycan iqtisadiyyatının, xüsusən sənayenin və neft sektorunun müasirləşməsi üçün təməl olmuşdur. Ölkəmizin indiki və gələcək taleyi isə Azərbaycanda dövlətçiliyin qarantı olan, Heydər Əliyev siyasi xəttini və diplomatiyasını beynəlxalq aləmdə uğurla təmsil edən, yüksək intellektual səviyyəsi, biliyi, bacarığı ilə seçilən yeni tipli dövlət xadimi Prezident İlham Əliyevin liderlik fəaliyyəti ilə bağlıdır. Məhz onun başçılığı ilə müstəqil Azərbaycan ulu öndərin arzuladığı çiçəklənən diyara  çevrilməkdədir.

İctimai-siyasi həyatımızın son günləri inqilabi dəyişikliklərin başlanması, o cümlədən, Azərbaycan Prezidentinin həyata keçirdiyi düşünülmüş, məqsədyönlü  struktur və kadr islahatlarına dair sərəncamlarla əlamətdardır.

Maraqlı söhbət üçün çox sağ olun.

 

Müsahibəni hazırladı:
Namiq ƏHMƏDOV,
 “Xalq qəzeti”

 

 

12 Dekabr 2019 10:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə