Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mükəmməl tarixi missiya

Mükəmməl tarixi missiya

Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır.
Gerhard ŞRÖDER 
Almaniya Federativ Respublikasının Federal kansleri
(1998-2005-ci illər)


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bütün şüurlu həyatını, dərin zəkasını və böyük enerjisini canından artıq sevdiyi xalqının tərəqqisi və xoşbəxtliyi yolunda şam kimi əridib əbədiyyətə qovuşmasından 16 il keçir. Dərin hüzn və sonsuz ehtiramla yad etdiyimiz o tarixdən uzaqlaşdıqca xalqımızın unudulmaz oğlunun nurlu amal və əməllərinin nəhəngliyi, əfsanəvi obrazının bənzərsizliyi gözlərimiz önündə daha əzəmətlə canlanır. 
Çağdaş Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin şah əsəridir. Onun adı, əməlləri və ideyaları müstəqil Azərbaycan dövlətinin ərsəyə gəlməsini və ümumi varlığını təcəssüm etdirir. Ulu öndərin indiki nəsillərə ən mükəmməl örnək olan ömür yoluna nəzər salmaq Azərbaycanın müstəqillik ərəfəsi, istiqlala qovuşması və sonrakı tarixinin ən qiymətli və öyünclü səhifələrini vərəqləmək deməkdir.
Xalqımızın bütün tarix boyu yetirdiyi ən mükəmməl və qüdrətli lider olaraq Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə öz xalqının milli müstəqillik arzusunun gerçəkləşməsinə və istiqlalının əbədiləşdirilməsinə çalışmış, öz ölkəsinin potensialını hərəkətə gətirmək və soydaşlarının enerjisini səfərbər etməklə Vətənini dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çatdırmağa çalışmışdır. Ulu öndər bütün bunları böyük bir cəsarətlə, gördüyü işin düzgünlüyünə tarixi bir inamla etmişdir. 
Ötən illərdə xalqımızın əbədi lideri kimi tarixdə rolu və yeri sabitləşmiş, Türk dünyasının da iftixar mənbəyinə çevrilmiş Heydər Əliyev zəmanəmizin yetirdiyi böyük türklərdən biri, bəlkə də birincisidir. Heydər Əliyev hər dövrü, hər mərhələsi məktəb olan, həqiqətən, qeyri-adi bir ömür yaşamış, yalnız mənsub olduğu Azərbaycan xalqının, türk xalqlarının deyil, ümumən dünya xalqlarının təsəvvüründə özünün mükəmməl obrazını, aydın cizgiləri ilə seçilən möhtəşəm portretini yaratmışdır. 
XX əsrin ortalarında ölkədə milli dövlətçilik təfəkkürünün çiçəklənməsi üçün yenidən tarixi şərait yetişməyə başlamışdı. Lakin simvolik funksiya daşıyan dövlət rəhbərləri respublikada həmin prosesin lazımi intensivlikdə getməsinə, milli dövlətçilik təfəkkürü olan kadrların formalaşdırılmasına diqqət yetirməmişdilər. Dərin zəkası, tükənməz enerjisi və yüksək təşəbbüskarlığı ilə çevrəsindəki rəhbər şəxslərdən önəmli dərəcədə üstün olan Heydər Əliyevin 1969-cu ildə respublikada rəhbərliyə gəlməsi ilə Azərbaycanda nəinki sovet dövlətinin – mərkəzin verdiyi imkanlar daxilində, hətta müəyyən maneələr dəf edilərək müstəqil düşüncəyə meydan açılmışdı. Ötən əsrin 70–80-ci illərində Azərbaycanda gedən milli oyanış, siyasi-ideoloji dirçəliş prosesinin nəticələri isə özünü 80-ci illərin sonu 90-cı illərin əvvəllərindəki xalq hərəkatında göstərmişdi. 
Əgər müqayisə aparsaq, etiraf etməli olarıq ki, Azərbaycanın dövlət rəhbərləri içərisində Heydər Əliyev qədər böyük idarəçilik təcrübəsinə malik ikinci bir şəxs olmamışdır. Onun imzasına keçən əsrin 60-cı illərin sonu 70-ci illərin əvvəllərindən Azərbaycanın hər yerində, iqtisadi, ictimai-siyasi, mənəvi-ideoloji həyatın, demək olar ki, bütün sahələrində rast gəlmək mümkündür. O illərin Azərbaycanı ən müxtəlif baxımlardan tarixdə “Heydər Əliyevin Azərbaycanı” kimi qalmışdır.
Azərbaycan xalqının ümummilli lideri, dünya miqyaslı ictimai- siyasi xadim, böyük mütəfəkkir Heydər Əliyevin tarixi xidmətləri haqqında danışılarkən, məlum olduğu kimi, əsas diqqət onun dövlət quruculuğu missiyasına verilir ki, bu da tamamilə təbiidir. Hər şeydən əvvəl, ona görə ki, Heydər Əliyev Azərbaycanda, ümumən, Sovetlər Birliyində siyasi nüfuz qazanmağa başladığı ilk illərdən – keçən əsrin 60-cı illərinin ortalarından enerjisini, əsasən, Azərbaycanda milli, müasir və mərkəzin imkan verəcəyi qədər müstəqil bir dövlətin qurulmasına həsr etmişdir. Ulu öndər bir neçə mərhələdən keçən kifayət qədər inamlı, ardıcıl mübarizələrdən sonra – 90-cı illərin əvvəllərindən başlayaraq müstəqil Azərbaycan dövlətini həm qurmuş, həm də onun inkişafı üçün mükəmməl strateji perspekivlər müəyyən etmişdir. 

Bu, əlbəttə, mənsub olduğu xalqın iradəsini ifadə edən böyük liderin əsas tarixi missiyası idi. Bununla belə, Heydər Əliyevin dövlət quruculuğundan heç də kiçik olmayan bir missiyası da millət quruculuğu idi. Böyük rəhbərin millət quruculuğu siyasətinin, fikrimizcə, üç əsas prinsipi mövcuddur: millətin özünü özünə tanıtmaq; milləti, xüsusilə, onun ziyalılarının, böyük şəxsiyyətlərinin timsalında hər hansı təhlükədən xilas etmək; milləti dünyaya tanıtmaq. Heydər Əliyevin təmənnasız xalq, millət sevgisi imkan verdi ki, o, mənsub olduğu xalqı, milləti ən yüksək səviyyədə irəli apara, qarşıya çıxan kifayət qədər güclü maneələri cəsarətlə aradan qaldıra bilsin. 
Heydər Əliyev tədricən Moskvaya, ümumən Sovetlər Birliyinə konkret işlə sübut etdi ki, azərbaycanlılar zəhmətkeş, mədəni, hər sahədə uğurlar qazana biləcək istedadlı bir xalqdır. Xalqı yüksəltməyin, özünə və dünyaya tanıtmağın elə bir üsulu, forması qalmadı ki, Heydər Əliyev ondan tam gücü ilə istifadə etməmiş, sınaqdan keçirməmiş olsun. İqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi kimi fundamental sahələrdəki uzun illərin gerilikləri, ətaləti və hərc-mərcliyi tezliklə nəinki aradan qaldırıldı, hətta respublikanın ictimai həyatında elə bir canlanma oldu ki, insanlar milli mənsubiyyətlərilə qürur duymağa başladılar.
Hakimiyyətə gəldiyi ilk illərdən hamıya məlum idi ki, Heydər Əliyev tarix yaradır. Heydər Əliyev Azərbaycanda sovet dövlət idarəçiliyi sistemini öz xalqının xidmətinə verməklə onu mərkəzi hakimiyyətin “canişinliyi”ndən çıxardı. Və bunun nəticəsidir ki, azərbaycanlılar yalnız idarə olunan yox, həm də idarə edən xalqa çevrildilər. Sovetlər Birliyinin dağılması, Azərbaycanda milli müstəqillik (və dövlət müstəqilliyi) uğrunda hərəkatın güclənməsi illərinin sosial-siyasi mənzərəsi də göstərdi ki, Heydər Əliyev Azərbaycan xalqını doğru yolla aparmış həqiqi milli liderdir. 
Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən bir neçə il sonra Azərbaycanın iqtisadi, ictimai-siyasi, mədəni tarixində, həqiqətən, yeni bir dövr başlandı. Bakı hələ Moskva deyildi, sovet hakimiyyəti Bakıya, deyək ki, Tbilisidən, yaxud Yerevandan çox əhəmiyyət verirdi. 1926-cı ildə Bakıda Türkoloji qurultay keçirilmişdi, burada Şərq xalqlarının məclisləri, yığıncaqları olmuşdu. Buradan Şərq dünyasına tarixi yollar uzanırdı, Bakı Şərqin qapısı idi. Heydər Əliyevin Bakıda gözlənilməyən bir sərbəstliklə respublikanı idarə etməyə başlaması nəinki Moskvada, heç Bakının özündə də rahat qarşılanmadı. 
Niyə? Ona görə ki, yeni dövlət başçısı gözlənilməyən bir halda neçə illərin sükunətini hərəkətə gətirdi, milləti oyatdı, türk düşüncəsini silkələdi, pozulmaqda olan ictimai əxlaqı dindirdi. Bu isə özünə möhkəm yer eləmiş gedəni söyüb, gələni öyməklə neytrallaşdıran, müxtəlif millətlərdən ibarət məmurları təmin etmirdi. Belələri şantaja, böhtana əl atdılar, lakin bu türk o biri türklərdən deyildi. 
Azərbaycan rəhbəri respublikanı tezliklə nəhəng tikinti meydanına çevirdi. Bakı şəhəri görünməmiş bir sürətlə abadlaşdırıldı, Naxçıvanda, Gəncədə, Sumqayıtda, respublikanın rayon mərkəzlərində mədəniyyət evləri, məktəblər, inzibati binalar, yaşayış evləri tikildi, kanallar çəkildi, su anbarları yaradıldı və s. Heydər Əliyev bu vaxta qədər ittifaq miqyasında, demək olar ki, adı çəkilməyən respublikanı SSRİ-nin ən qabaqcıl müsəlman-türk respublikasına çevirdi. On ildən artıq müddətdə Heydər Əliyevin Azərbaycanın iqtisadi, mədəni, mənəvi yüksəlişi üçün gördüyü işləri o zaman SSRİ respublikalarından heç birinin rəhbəri görməmişdi. 
Həmin işlərdən, planlardan biri, bəlkə də, birincisi xalqın özünü özünə tanıtdırmaq, onun normal etnokulturoloji həyatını bərpa etmək idi. Heydər Əliyev Azərbaycan tarixinin ən müxtəlif problemlərinin öyrənilməsinə, milli tarixi təfəkkürün oyadılmasına xüsusi əhəmiyyət verdi. İxtisasca tarixçi olan Heydər Əliyev üçün tarix yalnız “üzü keçmişə siyasət” deyildi, həm də və bəlkə də, daha çox millətin öz həqiqi keçmişini dərindən öyrənib gələcəyə hazırlıqlı getməsi üçün bir məktəb, ilham mənbəyi idi. Azərbaycan xalqının mənşəyi, formalaşması, Azərbaycan millətinin təşəkkülü kimi mühüm tarixşünaslıq problemləri məhz 70-ci illərdə bütün elmi-ideoloji kəskinliyi ilə qoyuldu, müşavirələr, müzakirələr keçirildi. 
Yeni milli-mədəni oyanışa yönəlik bu proses Heydər Əliyevin bilavasitə, yaxud dolayısı ilə rəhbərliyi altında gedir, vaxtaşırı ona məlumatlar verilirdi. Onun üçün tarix sosial-siyasi tarixlə məhdudlaşmırdı. Heydər Əliyev milli dil, ədəbiyyat, mədəniyyət və s. tarixinin problemləri ilə də maraqlanır, mütəxəssisləri səfərbər edirdi. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin yalnız tarixi ilə deyil, bugünü ilə də sonsuz enerji ilə məşğul olan, Azərbaycan yazıçıları, mədəniyyət, incəsənət xadimləri ilə ardıcıl görüşən, onların qurultaylarında fəal iştirak edən respublika rəhbəri millətin yaradıcı qüvvələrini əvvəlki illərin ətalətindən çıxardı, onlarla görkəmli yazıçı, incəsənət, mədəniyyət, elm xadiminin sədası məhz respublika rəhbərinin nüfuzu sayəsində qısa bir zamanda SSRİ-nin mərkəzindən gəlməyə başladı.
Azərbaycan Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə təkcə nefti, pambığı, üzümü ilə deyil, mənəvi-intellektual sərvətləri ilə də ittifaq miqyasında məşhurlaşmışdı. Respublikanın müxtəlif rayonlarında dünya mədəniyyətindən, demək olar ki, təcrid edilmiş şəkildə yaşayan, lakin zəhmətkeş, istedadlı xalqın Azərbaycanın mərkəzi ilə əlaqələrinin genişlənməsində də Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Məhz bu görkəmli şəxsiyyətin, böyük dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində Bakı “beynəlmiləl” şəhərdən milli şəhərə çevrilmişdir.
Nəhayət, 80-ci illərdə sovet dövlətinin rəhbərliyində ardıcıl dəyişikliklər getdi. Baş katiblər biri digərini əvəz edir, Siyasi Büronun tərkibi dəyişirdi. Heydər Əliyev belə bir mürəkkəb dövrdə Moskvaya çağırıldı, Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini oldu. Bu, sovet dövləti yaranandan bəri türk-müsəlman dövlət xadiminin gəlib çıxdığı ən böyük vəzifə idi. Artıq Heydər Əliyev sovet dövləti rəhbərliyində yalnız Azərbaycan xalqının yox, ümumən türk-müsəlman xalqlarının lideri idi. Türk dünyasının həm strateji, həm də taktiki problemlərini həll etmək yalnız onun üzərinə düşdü. 
Bütün bunlara görə SSRİ dağıldıqdan sonra Azərbaycanda ən çox xatırlanan, müstəqil respublikanın dövlətçiliyini formalaşdırmağa dəvət edilən, istedadına istinad olunan şəxs Heydər Əliyev olmuşdur. Xalq hərəkatının, müxtəlif xarakterli münaqişələrin təşkili ilə hakimiyyətə gələn qüvvələrin dövlət idarəçiliyi sahəsində təcrübəsizliyi ortaya çıxanda isə Azərbaycanın məhz “Heydər Əliyevin Azərbaycanı” olduğu bütün aydınlığı ilə təzahür etmişdir. 
Siyasi tarixçilər, publisistlər 1993-cü ilin iyun böhranını Heydər Əliyevin hakimiyyətə gəlməsində xüsusi hadisə kimi təqdim edirlər. Lakin Heydər Əliyevin hakimiyyətə gəlişi dövlət müstəqilliyinin ilk aylarından siyasi-mənəvi zərurətə çevrilmişdi. Bir-birinin ardınca baş verən hadisələrin inersiyası, get-gedə güclənən xaos “ölkənin sahibi”ni tələb edirdi. Heydər Əliyevin yaratdıqları xalqın gözləri qarşısında dağıldıqca böyük dövlət qurucusuna, ictimai harmoniya ustasına meyl də güclənirdi. O, Azərbaycan xalqına yalnız bilavasitə idarəedici, dövlət qurucusu kimi yox, Tarix kimi də lazım idi. 
1993-cü ilin ortalarında Azərbaycan cəmiyyəti artıq demokratiyanı hərc-mərclikdən xilas etmək uğrunda mübarizə aparmaq üçün özündə qüdrət tapdı. Bu isə birinci növbədə onda təzahür etdi ki, xalq uzun illər ərzində yetirmiş olduğu tarixi liderə inamını sonsuz bir enerji ilə ifadə etdi. Və həmin inam xırda “xalq qəhrəmanları”nın, heç bir tarixə söykənməyən siyasət dəllallarının “obraz”ını ictimai təfəkkürdən bütünlüklə silib atdı. Təəssüf ki, bu “qəhrəman”ları tarix yox, təsadüflər, mövcud ictimai-siyasi kükrəyiş ortaya çıxarmışdı. Çox keçmədi ki, tarix onları inkar etdi.
Ümummilli fəlakətin astanasında Azərbaycanı və onun yenicə qazanılmış suverenliyini dünya miqyaslı siyasət və dövlət xadimi, xalqımızın qeyrətli oğlu Heydər Əliyev xilas etdi. Azərbaycanın qurtuluşu Heydər Əliyevin şəxsində təzahür edən böyük bir milli, ictimai-siyasi enerjinin fəaliyyəti nəticəsində mümkün oldu. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın xilası üçün o zaman gördüyü işlərin miqyasını müəyyənləşdirmək yox, ancaq təsəvvür etmək mümkündür. Bu, epik bir miqyas olaraq xalqın yalnız o dövrkü taleyini müəyyən etmədi, həm də onun gələcəyinə əhəmiyyətli təsir göstərdi. 
Bu mənada Azərbaycanın o zamankı qurtuluşu gələcəyə getdikcə tarixi məzmunu daha yaxşı dəyərləndiriləcək bir hadisədir. Azərbaycanın qurtuluşunun yekunu, yaxud nəticəsi qurtuluşun Azərbaycanı oldu. O Azərbaycan ki, müxtəlif nəsillərdən olan azərbaycanlılar onu arzulamış, onun qurulması uğrunda mübarizə aparmışlar. Azərbaycan Respublikası parlamentinin 1993-cü il 15 iyun tarixli iclasındakı çıxışında ulu öndər Heydər Əliyev həmin mübarizənin tarixi mahiyyətini ifadə edərək demişdir: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”. 
Bu sözlərin deyilməsindən sonrakı 10 illik müddətdə dahi mütəfəkkir, dövlət qurucusu, həqiqətən, müstəqil Azərbaycan dövlətinin əsaslarını yaratmış, onun demokratik inkişaf yolunu istiqamətləndirmişdir. Heydər Əliyevin zəkası öz nuru ilə yalnız o günləri deyil, bugünümüzü də işıqlandırır, müstəqil respublikanın müasir dünyanın üzvi, tərkib hissəsi olması üçün hər cür stimul verir. Heydər Əliyev müdrikliyi yalnız bir insanın fərdi qabiliyyətinin nəticəsi deyil, bütövlükdə mənsub olduğumuz xalqın tarixi iradəsinin ifadəsi idi. Həmin iradə 1993-cü il 15 iyun tarixli (və tarixi!) iclasında tarixə diqtə etmişdi: “Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir”.
Sovet imperiyasının çöküşü və müstəqillik epoxasının başlanması nə qədər yeni olsa da, aydın baxışlı siyasətçi olan Heydər Əliyev əvvəllər gördüyü işləri yeni tarixi şəraitdə davam etdirdi. Onun əvvəllər gerçəkləşdirdiyi böyük işlər, planlar, proqramlar, tamamilə inkar olunardısa, istər-istəməz, xalqı bir yerə toplamaq, yeni dövlət quruculuğu proqramını həyata keçirmək, iqtisadiyyatı dirçəltmək, cəmiyyəti, onun milli-mənəvi gücünü toplamaq mümkün olmazdı. Ənənə davam etməli idi. Bu ciddi varislik xətti ondan irəli gəlirdi ki, ulu öndər Heydər Əliyev heç bir işini yarımçıq qoymurdu. O hansı işə başlayırdısa, onu, necə deyərlər, yüz ölçüb bir biçir, tələsmədən və gecikmədən həyata keçirirdi. 
Bu həqiqətin sübutu olaraq ümummilli liderin müstəqil Azərbaycan dövlətinin xilas edilməsinə və onun mövcudluğunun əbədiləşdirilməsinə həsr olunmuş son 10 ilinə nəzər salaq. Bu baxımdan bütün ziddiyyətli prosesləri ilə 1993-cü il müstəqil dövlətçilik tariximizdə böyük dönüş ili olaraq xatırlanır. O zaman çərçivəsində cərəyan edən hadisələr dövlətçiliyimizi və insanları ciddi sınaqlarla üz-üzə qoymuşdu. Dövlət müstəqilliyinin ilk aylarından başlayıb şiddətlənən mürəkkəb hadisələr, idarəçilikdə yol verilən nöqsanlar 1993-cü ilin ikinci yarısına doğru siyasi böhran həddinə gəlib çatmışdı.
Hərbi müxalifətin zərərsizləşdirilməsi üçün AXC-Müsavat hakimiyyətinin uğursuz hərbi əməliyyatı nəticəsində Gəncədə qardaş qanı tökülmüş və cəmiyyət, demək olar ki, vətəndaş müharibəsinə sürüklənmişdi. O vaxtkı iqtidarın səriştəsiz və məsuliyyətsiz siyasəti nəticəsində 4 iyundan başlayaraq ölkədə getdikcə geniş miqyas alan anarxiyadan sui-istifadə edən təcavüzkar Ermənistanın silahlı birləşmələri isə cəbhə xəttində həmlələrini gücləndirmişdi. Ötən iki ildə torpaqlarımızın etibarlı müdafiəsi təmin olunmamışdı. Orduda vahid komandanlıq yox idi. 
Belə bir taleyüklü məqamda növbəti yanlış və daha bir məsuliyyətsiz qərar dövlətçiliyimizin məhvi ilə nəticələnə bilərdi. Soydaşlarımızın minbir mərhumiyyətdən keçib gəlmiş azadlıq arzusu, müstəqillik amalı ilk addımlarındaca puç ola bilərdi. Çeşidli daxili və xarici düşmən qüvvələrin dağıdıcı həmlələri Azərbaycanı ölüm kürsüsünə doğru sıxışdırırdı. Xüsusən, kənar qüvvələr Cənubi Qafqaz regionundakı maraqlarını daha böyük perspektivi olan Azərbaycanı parçalamaqla həyata keçirmək niyyətində idilər. Bunun üçün müəyyən ictimai-siyasi zəmin də hazırlanmışdı. 
O zamankı hadisələr ölkədə hakimiyyətlə xalq arasında birliyin olmamasının, dövlət idarəçiliyində boşluğun hökm sürməsinin acınacaqlı nəticəsi idi. Yuxarı rəhbərlik eşelonunda tez-tez dəyişən səriştəsiz kadrların başı kürsü davasına qarışdığından dövlətin müdafiəsi və idarə olunması məsələsi tamamilə unudulmuş, bununla da hakimiyyətin yerlərdə sosial-siyasi dayaqları sarsılmışdı. Orduda yaranmış başıpozuqluq, hər yerdə dövlət əmlakının dağıdılmasından doğan hərc-mərclik milli birliyi pozmuş, düşmən qüvvələr qarşısında ölkənin müdafiə və müqavimət qabiliyyətini tamamilə zəiflətmişdi. 
Belə bir faciəli durumda yaxınlaşan təhlükəni bütün dəhşətləri ilə duyan və anlayan xalq gerçək fəlakətdən – müstəqilliyin itirilməsindən, ərazilərin parçalanmasından, sərvətlərin yağmalanmasından xilas olmağın yeganə düzgün yolunu aydın görə bildi. Cəmiyyətin mütləq çoxluğu öz düşüncəsi, ağlı ilə xilasolma istiqamətini – qarşıdurmadan milli birliyə, xaosdan sabitliyə, dağıntılardan quruculuğa aparan yolu seçdi. Xalq bu yola keçidin yeganə bələdçisi və təminatçısının ümummilli lider Heydər Əliyev olduğuna birmənalı qərar verdi. 
Beləliklə, Azərbaycana rəhbərliyi dövründə onu öz əlləri ilə qurub-yaratmış, iqtisadiyyatını və mədəniyyətini əsaslı surətdə inkişaf etdirmiş, ümummilli lider məqamına yüksəlmiş Heydər Əliyev xilaskarlıq missiyası ilə yenidən respublikanın ali idarəçiliyi sükanı arxasına qayıtdı. İdarəetmənin iflic vəziyyətə düşdüyü günlərdə xalqın istəyi və iradəsi dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevi ikinci dəfə hakimiyyətə gətirdi.
Bu mərhələdə Heydər Əliyev ilkin olaraq xalqı vətəndaş müharibəsi təhlükəsindən, dövləti ağır siyasi, iqtisadi böhrandan qurtarmaqla böyük vətənpərvərlik, iradə və zəka nümayiş etdirdi. Çox keçmədən xalqın mütləq əksəriyyətinin iradəsi ilə müstəqil Azərbaycanın həqiqi lideri etimadı qazanan Prezident Heydər Əliyevin legitim rəhbərliyi, gərgin, çoxyönlü fəaliyyəti ilə respublikanın ictimai-siyasi həyatında sürətli sabitləşmə, hərtərəfli dirçəliş, böyük quruculuğun əsaslarının müəyyənləşdirilməsi proseslərinə start verildi. Məhz bu taleyüklü məsələlərin reallaşmasından sonra bütün diqqət cəbhə xəttində müdafiəyə və bununla yanaşı, iflic olmuş iqtisadiyyatın sahmana salınmasına yönəldildi. 
Böyük qurtuluşdan dərhal sonra xalqın həqiqi lideri olduğunu hər işdə sübuta yetirən Heydər Əliyev böyük quruculuğun, daxili vəziyyətin stabilləşməsi tədbirlərini gerçəkləşdirməyə başladı. 1994-cü ilin mayından cəbhə xəttində atəşkəs barədə razılığın əldə olunması ilə ölkə yeni bir mərhələyə daxil oldu. Əslində, işğalçı Ermənistan cəbhədə daha irəliləyə bilmədiyini, itkilərinin artdığını görüb atəşi dayandırmağa məcbur oldu. Müharibədən hər evə, ailəyə boylanan göz yaşı, qan-qada kəsildi. Vətəndaşların rahat gün-güzəranına qənim kəsilmiş, yenicə təşəkkül tapan milli dövlətçiliyin möhkəmlənməsinə hər vəchlə mane olmağa çalışan qanunsuz silahlı dəstələr zərərsizləşdirildi və ictimai asayiş bərpa olundu. 
Millət fasiləsiz hüznü unudub gələcək haqqında, azadlıq və müstəqillik arzularının daha gerçək ifadəsi barədə düşünməyə macal tapdı. Artıq xarici investisiyaların Azərbaycana təhlükəsiz axını üçün ümid körpüsü salındı. Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı dünyanın diqqətini Azərbaycana cəlb edə bildi və bu mənada qısa zamanda ölkəmiz beynəlxalq iqtisadi sistemə daxil oldu. Bu inteqrasiyanın 1994-cü ildə Qərbin iri neft şirkətləri ilə imzalanmış məşhur “Əsrin müqaviləsi” kimi böyük bir başlanğıcı var. Xəzər hövzəsinin Azərbaycan sektorunda zəngin enerji ehtiyatlarının işlənilməsi ideyası dünyamiqyaslı kompleks iqtisadi layihələrin birbaşa respublikamızla bağlanmasını real müstəviyə çıxardı. 
Belə bir siyasətin sayəsində iqtisadiyyatımızın daha yüksək formada təkamülünü həyata keçirmək və yeni təşəbbüslərlə çıxış etmək Azərbaycanda sabitliyin, ictimai təhlükəsizliyin dönməz xarakter almasına güclü təsir göstərdi. Lakin bütün bu zəruri tədbirlərlə hesablaşmaq istəməyən, iddiası özündən böyük olan dağıdıcı qüvvələr iki dəfə– 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə cəhd etdilər. Lakin yenə də mahir siyasətçi Heydər Əliyevin öz liderinə axıradək sadiq qalan xalqla birliyindən yaranan möhtəşəm siyasi iradə hakimiyyəti qeyri-qanuni yolla ələ keçirməyə göstərilən cəhdlərə üstün gəldi. 
Bununla da cəmiyyətin həyatı yenidən təbii axarına düşdü. Dağılmış iqtisadiyyatı müasir dünyanın tələbləri səviyyəsində bərpa etmək, ordu quruculuğu prosesinə keçmək mahiyyət etibarilə gələcək inkişaf üçün təməl addımlar idi və bütün bunların hamısı cəbhədə atəşkəsin əldə olunmasından sonra həyata vəsiqə ala bildi. Azərbaycanın Avropa dəyərlərinə inteqrasiyası prosesinin ilk təcrübələrinin görünməsinə və dünyanın qabaqcıl strukturları ilə əlaqələrin qurulmasına start verildi. 
Bütün bu proseslər sonrakı illərdə davamlı surətdə bir-birini əvəzləyən uğurların təminatçısı və müjdəçisi oldu. İctimai qayda-qanun mühitinin, qanunçuluğun aliliyinin bərpası ona imkan yaratdı ki, müstəqil dövləti beynəlxalq aləmin hüquqi subyekti kimi tanıdan, ictimai quruluşu müəyyən edən əsas amil olan yeni Konstitusiya qəbul edildi. Prezident Heydər Əliyevin bir epoxadan digərinə ahəngdar keçidi təmin edən çevik təfəkkürlü, modern rəhbər obrazı xarici arenada cəmiyyətimizin həyatındakı həqiqi azadlıq arzusunun, dünyaya inteqrasiya seçiminin görünməsinə, iqtisadi, elmi, mədəni, mənəvi potensialın açılmasına, hüquqi baxımdan köklü dəyişikliklərin yalnız inkişaf səciyyəsi daşımasına böyük bir impuls verdi.
Bununla belə, Heydər Əliyev bildirirdi ki, Azərbaycanın müstəqilliyini, sadəcə, elan etmək nə qədər sevindirici olsa da, müstəqillik uğrunda mübarizə illər boyu, tədricən-- həm tələsmədən, həm də gecikmədən aparılacaq. Odur ki, qurtuluşun Azərbaycanı taleyin ixtiyarına buraxılmış bir dövlət təsəvvürü olmadı. Dünyanın böyük dövlət qurucusunun, dahi mütəfəkkirin düşünüb müəyyənləşdirdiyi “ritm” üzrə hərəkət edən, get-gedə möhkəmlənən elə bir sosial-siyasi reallıq oldu ki, bizim hər birimizin azərbaycanlı kimi vətəndaş xoşbəxtliyi ondan asılı idi. Heydər Əliyev yaxşı bilirdi ki, “Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da olmalıdır. Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malik olmalıdır”. 
Sonrakı proseslər də göstərdi ki, etnik münasibətlər sahəsində 1991--1992-ci illərdə, 1993-cü ilin birinci yarısında buraxılmış səhvlər fəlakətlə nəticələndi. Azərbaycan dövlətinin qurucusu bir neçə il məhz keçmiş səhvlərin düzəldilməsi ilə məşğul oldu. Qurtuluşun Azərbaycanı yalnız 1995-ci ildən sonra normal inkişaf yoluna düşməyə başladı ki, bunun da ilk rəsmi ifadəsi Azərbaycan Respublikasının Konstitusiyası oldu. 
Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya məhv olmaqdan xilas edilmiş, qurtulmuş Azərbaycanın “pasport”u idi. Artıq 3 onilliyə yaxın bir müddətdir ki, müstəqil Azərbaycan Respublikası yaşayır, dünyanın üzvi tərkib hissəsi olmaq uğrunda mübarizə aparır. Bu mübarizənin qalibiyyətini təmin edən əsas qüvvə isə heç şübhəsiz, Heydər Əliyevin şəxsiyyətində təzahür edən milli iradə, möhtəşəm xalq ruhudur ki, Azərbaycanı hər cür iqtisadi, sosial-siyasi problemlərdən çıxararaq gələcəyə–əbədi müstəqilliyə aparır. 
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olaraq hakimiyyətə gələn Heydər Əliyev başladığı millət quruculuğu prosesini yeni tarixi şəraitdə daha inamla davam etdirərək ən tendensiyalı və ya qısqanc tarixçinin belə etiraf etməli olduğu həqiqətən, cahanşümul işlər gördü ki, buraya aşağıdakılar xüsusilə aiddir: milli mütəşəkkilliyin müstəqil dövlətçilik səviyyəsində təmin olunması; dünya azərbaycanlılarının mədəni, ictimai- siyasi birliyinin gücləndirilməsi; türk dünyasının etnik- mədəni birliyinin siyasi birlik səviyyəsinə yüksəldilməsi. Bütün bunlar isə Azərbaycan xalqının dünya miqyasında özünə get-gedə daha möhkəm mövqe tutmasını təsdiq etməklə böyük milli inkişaf perspektivləri müəyyənləşdirir. 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişafında, yeni tarixi şəraitə uyğun interpretasiya edilməsində-- modern səviyyədə təfsirində və həmin ideologiyanın tarixdə ilk dəfə əbədi (və dönməz) olaraq həyata keçirilməsində mənsub olduğu millətlə birlikdə apardığı mübarizə, ən nihilist “dostlarımızın” (və düşmənlərimizin) belə inkar edə bilməyəcəyi bir hadisədir. 
Heydər Əliyevin nə səviyyədə bir azərbaycançı olması, milli ideologiyamızın inkişafı, həyata keçirilməsi tarixindəki rolu barədə danışarkən yalnız bircə gerçəkliyi yada salmaq kifayətdir ki, o, məfkurə olaraq meydana çıxandan bəri həmişə istər ədəbi, istər romantik siyasi təsəvvürlərin tərənnüm obyekti olmaqdan o yana keçməmiş azərbaycançılıq ideallarına bir millətin müqəddəratını təyin edəcək qədər rəsmi məzmun-mündərəcə verdi. 
Azərbaycançılıq Heydər Əliyevin genişmiqyaslı fəaliyyətinin, sadəcə, tərkib hissələrindən biri deyil, həmin fəaliyyətin (əslində, mübarizənin!) əsası, başqa sözlə, mahiyyətidir. Və bu həm sovet dövründə, həm də müstəqillik illərində belə olmuşdur. Sovet dövrünün milli idealların həyata keçirilməsi üçün olduqca məhdud şəraitdə Azərbaycan rəhbəri respublikanın iqtisadi- təsərrüfat həyatının canlandırılması, - elmin, təhsilin inkişafı, ana dilinin, ədəbiyyatın, incəsənətin mövqeyinin yüksəldilməsi, milli hərbi kadrların yetişdirilməsi, Azərbaycanın beynəlxalq miqyasda tanıdılması və s. kimi əhəmiyyətli tədbirlər görmüşdür. Və böyük mütəfəkkir bütün bunları elə etmişdir ki, görülən tədbirlər sovet rejiminin əks reaksiyası, dağıdıcı müqaviməti ilə qarşılaşmasın. 
Müstəqillik illərində Azərbaycan qabaqcıl Avropa dövlətləri cərgəsində özünə layiqli mövqe qazanmış, bərabərhüquqlu sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hakimiyyətin və xalqın həmrəyliyi kontekstində ölkəmizin inkişaf edən dünyanın harmoniyası ilə, demokratik dəyərlərə uyğun olaraq yaşaması ideologiyasının möhkəm əsaslarını yaratmışdır. 
İctimai-siyasi, iqtisadi, mədəni-mənəvi həyatda gedən reablitasiya işləri elə uğurla və sistematik şəkildə aparılmışdır ki, xalq bütün istiqamətlərdə potensialını, bütövlükdə, ortaya qoymaq imkanı qazana bilmişdir. Eyni zamanda, bu proseslərin yalnız normal axarda getməsi ilə yanaşı, ulu öndərin qurduğu milli dövlət kompleks iqtisadi, hüquqi, aqrar islahatların həyata keçirilməsini də himayə etmişdir. 
Azərbaycanda Heydər Əliyevin yaratdığı müasir dövlətçiliyin inkişafı və möhkəmlənməsi ideyalarının özəyini təşkil edən demokratiya, ədalət və humanizm prinsipləri keçid dövründən normal, az itkilərlə ötüşməyi, vətəndaş cəmiyyəti yaradılmasını ümumi quruculuğun tərkib hissəsinə çevirməyi təmin etmişdir. Böyük öndərimiz insan hüquq və azadlıqlarının etibarlı qorunmasını Azərbaycanda demokratik, hüquqi dövlət quruluşunun əsas strateji amillərindən biri hesab etmiş və bunun hüquqi aspektlərini müəyyənləşdirmişdir. Bu amil isə dünyanın həlledici siyasi dairələrində ölkəmizin nüfuzunun möhkəmlənməsində, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına qəbul olunmasında digər prinsiplərlə yanaşı, xüsusilə mühüm rol oynamışdır.
Heydər Əliyev Azərbaycanda böyük siyasətə yenidən ölkənin, ümumən, məhv olmaq təhlükəsi altında olduğu zaman gəlmişdi. 
Azərbaycan artıq 16 ildir ki, ümummilli lider Heydər Əliyevin ideya və əməllərinin ən layiqli davamçısı, yeni tipli siyasət və dövlət xadimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə inkişaf və hərtərəfli yeniləşmə yoluna qədəm qoyub. Qazanılan uğurlar bütün sferalarda özünü göstərir. Ulu öndər Heydər Əliyevin parlaq ideyaları bu inkişaf və tərəqqinin lokomotividir. 
Təbii ki, bütün bu tarixi nailiyyətlər və bundan sonrakı dövrlərdə qazanacağımız uğurlar ümummilli lider Heydər Əliyevin yaratmış olduğu fundamental əsaslara söykənir. 

 

Nizami CƏFƏROV, 
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik

 

12 Dekabr 2019 10:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə