Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Müstəqilliyimizin xilaskarı, müasir dövlətimizin qurucusu”

Azərbaycanın ötən əsrin 60-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin böyük bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib möhkəmləndirilməsi, ölkəmizin müstəqilliyinin gücləndirilməsi, onun əbədi xarakter alması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.
Dekabrın 11-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Müstəqilliyimizin xilaskarı, müasir dövlətimizin qurucusu” adlı elmi sessiya ­keçirildi. Muzeyin direktoru, akademik Rafael Hüseynov tədbiri “İstiqlal tariximizdə həmişə yaşayacaq ad” məruzəsi ilə açaraq, milli dövlətçilik tarixində xüsusi bir mərhələni təşkil edən Heydər Əliyev siyasi təfəkkürünün, azərbaycançılıq ideologiyasının müasir dövrün iqtisadi, mədəni, siyasi dirçəlişindəki mühüm rolundan danışdı, bu uzaqgörən siyasətin həmçinin xalqın milli özünüifadə və milli qürur hissinin yüksəlişində də danılmaz amil olduğunu vurğuladı.
Natiq qeyd etdi ki, Heydər Əliyev 1969-cu ildə birinci dəfə hakimiyyətə gələndə Azərbaycan keçmiş ittifaq respublikaları arasında sonuncu yerlərdən birini tuturdu. Onun həyata keçirdiyi düşünülmüş siyasət, aparılan gərgin iş qısa müddətdə öz bəhrəsini verdi. Azərbaycanda ittifaq əhəmiyyətli müəssisələr açıldı, ali hərbi məktəb fəaliyyətə başladı. Hər il xeyli azərbaycanlı keçmiş SSRİ-nin müxtəlif şəhərlərinin ali məktəblərinə oxumağa göndərildi. Bu gün müstəqil Azərbaycanın dövlət strukturlarında ümummilli liderin qayğısı sayəsində ökəmizdən kənarda təhsil alan xeyli insan çalışır.
R.Hüseynov Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən birinin Azərbaycanın müstəqilliyini qoruyub möhkəmlətməsi olduğunu bildirdi. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının birlikdə müstəqilliyimizi cəmi 23 ay yaşatdıqlarını xatırladan muzeyin direktoru Heydər Əliyevin bu işi təkbaşına və daha uzunömürlü etdiyini vurğuladı. Artıq 28 ildir Azərbaycan müstəqil dövlət olaraq dünyanın inkişaf etmiş ölkələri arasında özünə layiqli yer tutur.
Akademik sonda bu gün Heydər Əliyevin Azərbaycanın hər yerində izinin yaşadığını, Prezident İlham Əliyevin böyük tarixi şəxsiyyətin ideyalarını ləyaqətlə davam etdirdiyini dedi.
Sonra AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin “Heydər Əliyevin ədəbiyyata münasibəti”, “Komparativistika və bədii tərcümələr” şöbəsinin müdiri, professor Şəfəq Əlibəylinin “Heydər Əliyev epitetləri” adlı məruzələri dinlənildi.
Tədbirdə, həmçinin, ömrünü xalqın tərəqqisinə həsr edən ulu öndərin həyatının müxtəlif anlarını əks etdirən sərgi də nümayiş olundu.

 

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

12 Dekabr 2019 10:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə