Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

90 yaşlı universitetin 100 yaşlı kafedrası yubileyini qeyd edir

ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının yaradılmasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransı  universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq hər kəsi salamladı. Dövlət himni səsləndirildikdən sonra  rektor 100 yaşlı kafedranın fəaliyyətinə qısa nəzər saldı. Bildirdi ki, Azərbaycan Tibb Universitetinin 90 yaşı olmasına baxmayaraq onun kafedrası 100 illiyini qeyd edir. Çünki bu kafedra Bakı Universiteti (indiki Bakı Dövlət Universiteti) və onun Tibb fakültəsinin nəzdində “Normal anatomiya kafedrası” adı altında 1919-cu ildə yaradılıb. 1930-cu il may ayının 9-da Tibb fakültəsinin maddi-texniki və professor-müəllim heyətinin bazaları əsasında yaradılan Azərbaycan Dövlət Tibb İnstitutunun tərkibində  fəaliyyət göstərib. Rektor qeyd etdi ki,  bu kafedra yetirmələri ilə həmişə fərqlənib. Belə ki, yarandığı vaxt cəmi 6 əməkdaşı olan kafedranın işçilərinin sayı Kamil Balakişiyevin rəhbərliyi dövründə 25 nəfərə çatıb. Həmçinin kafedranın çox sayda əməkdaşı doktorluq və tibb elmləri namizədliyi üzrə dissertasiya müdafiə edib. Kafedranın maddi-texniki bazası tədricən genişləndirilib, lakin müxtəlif illərdə onun yeri beş dəfə dəyişdirilib və nəhayət, 1953-cü ildə 300 yerlik yüksək akustikalı mühazirə zalına malik anatomiya korpusu istifadəyə verildikdən sonra kafedra əməkdaşları üçün normal şərait yaradılıb.

Təhsil naziri Ceyhun Bayramov universitetin kollektivini, qonaqları yubiley toplantısı münasibətilə təbrik etdi. Kafedranin fəaliyyətindən, orada çalışan əməkdaşlardan, onların əməyi ilə nəşr edilən unikal dərs vəsaitlərindən söz açdı. Bildirdi ki, Əməkdar elm xadimi, görkəmli cərrah-anatom, professor, Bakı Dövlət Universitetinin ilk rektoru Vasili Razumovski, eyni zamanda, normal anatomiya kafedrasının da ilk müdiri olub. Onun “Tibbə və anatomiyaya giriş” mövzusunda oxuduğu ilk mühazirə ilə Azərbaycanda ali tibb təhsilinin təməli qoyulub. Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra o, Vətəni Saratova qayıdıb. Bundan sonra anatomiya kafedrasına müxtəlif elm adamları rəhbərlik ediblər. 
 Nazir kafedranın tarixinə nəzər saldıqdan sonra onun bugünkü fəaliyyətindən söz açdı. Kafedraya rəhbərlik edən Vaqif Şadlinskinin əzmkarlığından, prinsipiallığından, tələbkarlığından bəhs etdi. Bu keyfiyyətlərin işin gedişinə müsbət təsir etdiyini vurğuladı. 
Səhiyyə nazirinin müavini Elsevər Ağayev öncə nazir Oqtay Şirəliyevin salamlarını və təbrikini çatdıraraq, Azərbaycan Tibb Universitetində bu kafedranın özünəməxsus yeri olduğunu dilə gətirdi. Bildirdi ki, rəhbərlik iradəli, işə can yandıran olanda keyfiyyət də dəyərli olur. Vaqif müəllimin kafedraya rəhbərliyinə bu mənada qibtə etmək olar. O, 90-cı illərin səhiyyəsini xatırlatdı və bu günlə müqayisə etdi. Yubiley münasibətilə təbriklərini söyləyən, kafedranın işinə uğurlar arzulayan E.Ağayev diqqətə çatdırdı ki, insan öz yerində olanda, peşəsinə sədaqət göstərəndə onun ətrafındakılar da həmin yolla gedirlər. Bu mənada kafedra işçilərinin fəaliyyəti alqışa layiqdir.
 AMEA-nın müxbir üzvü, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov öncə Təhsil nazirinin və Səhiyyə nazirinin müavininin kafedranın yubiley tədbirində iştiraklarından məmnunluq duyduğunu bildirdi. Bunu Vaqif Şadlinskinin nüfuzu ilə əlaqələndirərək dedi ki, bu kafedra çox böyük işlərə imza atıb. Ölkəmizdə və onun sərhədlərindən uzaqlarda beynəlxalq konfranslarda iştirak edən əməkdaşlar elmi məruzələri ilə diqqət çəkiblər. Kafedra əməkdaşlarının monoqrafiya, dərslik, albomları xüsusi seçilib. O, 1932-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun ilk rektorlarından olan görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyevin bütün kafedralarda milli dildə dərsliklər yazılmasına göstəriş verdiyini xatırlatdı. Normal anatomiya kafedrasında bu işin kafedranın dosenti Kamil Balakişiyevə tapşırıldığını, alimin keçən əsrin 30-cu illərində ilk dəfə Azərbaycan dilində latın qrafikası ilə dərslik və dərs vəsaitləri yazaraq azərbaycanlı tələbələrin, eləcə də müəllimlərin işini xeyli asanlaşdırdığını dedi. M.Mərdanov 1937--1973-cü illərdə kafedraya Əməkdar elm xadimi, professor Kamil Balakişiyevin rəhbərlik etdiyi dövrdən etibarən həm kafedrada milli kadrların hazırlanmasına, həm də onun nəzdində fəaliyyət göstərən tədris muzeyinin zənginləşdirilməsinə və inkişafına xüsusi diqqət yetirildiyini nəzərə çatdırdı. 
REA-nın akademiki, Azərbaycan AHE Elmi Cəmiyyəti İctimai Birliyinin sədri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski dəvəti qəbul edib tədbirə gələn hər kəsə təşəkkürünü bildirdi. Xatirələrlə kafedranın ötən illərinə qayıtdı. Professor K.Balakişiyevin 1953-cü ildə Azərbaycan Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyətini yaradaraq, həyatının sonuna qədər cəmiyyətə rəhbərlik etdiyindən söz açdı. Onun 1948--1959-cu illərdə yazdığı dördcildlik “İnsanın normal anatomiyası” adlı unikal dərsliklərin, “Anatomiya, histologiya, embriologiya” adlı terminologiya kitabının, Paris Anatomik nomenklaturası əsasında Azərbaycan, latın və rus dillərində yazılmış “Anatomik nomenklatura” kitabının, muzey haqqında kitabçanın, çoxsaylı dərs vəsaitləri və digər kitabların, 110-a qədər elmi işin müəllifi olduğunu vurğuladı. Bildirdi ki, K. Balakişiyiyev 250-ə qədər elmi işin, monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifi olub, çox sayda namizədlik dissertasiyasının elmi rəhbəri olub.
Əməkdar elm xadimi, 1990-1995-ci illərdə kafedraya rəhbərlik edən professor Rafiq Əsgərov çıxışında maraqlı məqamlara toxundu. Xatirələrə dalaraq, kafedranın o illəri ilə bu gününü müqayisə etdi. Əməkdar elm xadimi, professor Vaqif Şadlinskinin rəhbərlik etdiyi dövrü kafedranın ikinci fundamental inkişaf dövrü adlandırdı. Məhz bu dövrdə kafedrada yeni “Dayaq-hərəkət aparatı muzeyi”nin, unikal tədris və elm mərkəzinin təşkil edildiyini bildirdi. Dedi ki, tədris otaqları ən yeni tədris ləvazimatları, kompüterlər, videoların nümayişi üçün televizorlarla təchiz olunub. Kafedrada həm tələbələr, həm də müəllimlər üçün ayrılıqda iş aparmaq üçün elmi laboratoriya otaqları təşkil edilib. O, Vaqif müəllimin tələbkarlığının bütün müsbət xasiyyətlərindən öndə olduğunu qeyd etdi. 
Türkiyədən, Başqırdıstandan, Gürcüstandan gələn qonaqlar Vaqif Şadlınski ilə həmkar olmaqdan, əməkdaşlıq, dostluq etməkdən qürur duyduqlarını, ondan çox şey öyrəndiklərini dedilər.
 Konfrans elmi işlərin müzakirəsi ilə davam etdi.

 

Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”

 

12 Dekabr 2019 09:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 İyun 2020 | 17:05
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə