Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Sarı Aşıqdan Aşıq Şəmşirə: girov ruhlar işığında yaradıcılıq festivalı” layihəsinə yekun vurulub

“Sarı Aşıqdan Aşıq Şəmşirə: girov ruhlar işığında yaradıcılıq festivalı” layihəsinə yekun vurulub

Aydınlar Ocağı humanitar ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Sarı Aşıqdan Aşıq Şəmşirə: girov ruhlar işığında yaradıcılıq festivalı” layihəsinə yekun vurdu.

Layihənin məqsədi XVII əsrdə yaşayıb yaratmış, Azərbaycanın şer və aşıq sənətinin parlaq simalarından olan, məzarı işğal olunmuş Laçın rayonunda ermənilər tərəfindən vandalizmə uğrayan Sarı Aşığın və XX əsrdə yaşayıb yaratmış, işğal altında qalan Kəlbəcər rayonunda eyni aqibəti yaşayan Aşıq Şəmşirin yaradıcılığının təbliği, böyüməkdə olan nəslə dahi sənətkarların tanıdılması, girovluqda qalan müqəddəs və narahat ruhlar vasitəsilə ermənistanın təcavüzünün və işğalçı xislətinin, mədəniyyət abidələrinə olan vandalist münasibətlərinin Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaqdır.

Layihə çərçivəsində Laçın rayon əhalisinin kompakt məskunlaşdığı Ağcabədi rayonu, Taxta-körpü qəsəbəsində yerləşən Laçın rayon Mədəniyyət Mərkəzində laçınlı aşıqların iştirakı ilə Sarı Aşığın və Aşıq Şəmşirin yaradıcılığına həsr olunmuş festival keçirildi. İki yüz  nəfərdən artıq rayon sakininin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə folklorşünas, əməkdar mədəniyyət işçisi Məhəmmədəli Məşədiyev açaraq Azərbaycan aşıq sənətinin və bayatı janrının parlaq nümayəndələrindən olan, haqq aşığı kimi tanınan Sarı Aşığın və XX əsrin yetişdirdiyi, istər Kəlbəcər ədəbi mühitinin, istərsə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən, söz sənətkarı kimi öz məktəbini yaratmış Aşıq Şəmşirin həyat və yaradıcılığı barədə geniş məlumat verdi. Belə bir layihəni dəstəklədiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına ictimai birlik adından təşəkkür etdi. Tədbirdə rayon ziyalılarıının, mədəniyyət işçilərinin çıxışları ilə bərabər Laçın rayon aşıqlarının ifasında Sarı Aşığın bayatılarına və Aşıq Şəmşirin şerlərinə bəstələnmiş aşıq havaları səsləndirildi. Növbəti tədbir Gəncə şəhərində, əksəriyyətinin Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbədə yerləşən Kəlbəcər rayon Mədəniyyət Mərkəzində keçirildi.

Altı yüz nəfərdən çox insanın iştirak etdiyi tədbiri giriş sözü ilə folklorşünas, əməkdar mədəniyyət işçisi Məhəmmədəli Məşədiyev açaraq hər iki aşığın doğulub, yaşayıb-yaratdığı torpaqların işğal altında olmasının böyüməkdə olan nəslin yaradıcılığına da öz mənfi təsirini göstərdiyini bildirdi. Buna baxmayaraq,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində mədəniyyətin bütün sahələri ilə bərabər aşıq sənətinin də inkişafına hər çür şərait yaradıldığını və həyata keçirilən bu layihənin də məhz aparılan məqsədyönlü işin bir nümunəsi olduğunu bildirdi. Kəlbəcər rayon aşıqlarının yüksək əhval-ruhiyyə ilə, coşğuyla Sarı Aşığın və Aşıq Şəmşirin yaradıcılığına həsr etdikləri ədəbi-musiqili proqram qəlbi vətən nisgili ilə yanıb qovrulan məcburi köçkünlərimizdə böyük bir ruh yüksəkliyi yaratdı. Laçınlı Sarı Aşığın və kəlbəcərli Aşıq Şəmşirin narahat ruhlarının tezliklə rahatlıq tapacağını, işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunacağı günün uzaqda olmadığı aşıqların ifa etdikləri cəngi sədalarından doğan bir inam kimi tədbir iştirakçılarında böyük bir ruh yüksəkliyinin yaranmasına səbəb oldu. Tədbirdə Kəlbəcər rayon icra hakimiyyəti başçısının müavini İkram Salmanov, Aydınlar Ocağı humanitar ictimai birliyinin layihə koordinatoru Elxan Qədirov, rayon ziyalıları, mədəniyyət işçiləri, məcburi köçkünlər və s. iştirak edirdilər.

 

Əfsanə BAYRAMQIZI,
 “Xalq qəzeti”

11 Dekabr 2019 17:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə