Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslam Əməkdaşlıq Təşkilatının ilk nazirlər konfransı keçirilir

İslam Əməkdaşlıq Təşkilatının ilk nazirlər konfransı keçirilir

Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sosial inkişaf üzrə ilk nazirlər konfransında Azərbaycan Respublikası tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimlinin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

İƏT-ə üzv dövlətlərdən 30-dan çox dövlətin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi konfransın plenar iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İƏT-in sosial inkişaf üzrə ilk nazirlər konfransının əhəmiyyətini vurğulayıb. O, İƏT-ə bu tədbirin təşkilində və təşkilata üzv olan dövlətlərə tədbirdə nümayəndələri ilə təmsil edildiklərinə görə minnətdarlığını bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfransın məqsədi İƏT-ə üzv dövlətlərlə və tərəfdaş qurumlarla ailələrin, uşaqların rifahının, yaşlıların, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsini, bu sahədə əldə edilmiş irəliləyişləri, o cümlədən müsəlman dünyasında sosial inkişafın qarşısında duran əsas maneələri və çətinlikləri müzakirə etməkdən ibarət olub.                  

M.Kərimli İƏT-in üzv ölkələrdə sosial inkişaf üçün vacib məsələlərin həll yollarının müzakirəsi, bu konteksdə fəal təcrübə və məlumat mübadilələri üçün faydalı platforma olan belə tədbirlərin önəmini vurğulayıb. O, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətləri, ölkəmizdə sosial inkişafa nail olunması istiqamətində mühüm irəliləyişlər, Azərbaycanda aparılan sosial islahatlar, ölkəmizin sosial sahədə innovativ yenlikləri barədə məlumat verib. Həmçinin İslam dəyərlərinin təbliğinə, dünyada İslam həmrəyliyinin güclənməsinə dəyərli töhfələr verən Azərbaycanın İƏT-lə,  İSESCO ilə uğurlu əməkdaşlığını qeyd edib. İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv dövlətlərin əməkdaşlığının genişlənməsində fəal və müstəsna rol oynayacağını vurğulayıb.

Tədbirdə İƏT-ə üzv dövlətlər üçün sosial sahədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və konfransın yekunlarına dair İstanbul Bəyannaməsi qəbul olunub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 Dekabr 2019 12:52 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə