Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər”

Azərbaycan- Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzində AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent, nəsimişünas alim Səadət Şıxıyevanın  bu adda  yeni  kitabının təqdimatı keçirilmişdir.

Kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Mirzə İbrahimov adına Kitab Fondu" İctimai Birliyinin "Nəsimi yaradıcılığının elmi -nəzəri tətqiqi" layihəsi əsasında çap olunmuşdur.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri və kitabın elmi redaktoru Esmira Fuad bildirmişdir  ki, Azərbaycan və türk dünyasında nəsimişünaslıq  elminə öz tövhəsini vermiş Şəadət Şıxıyevanın bu kitabı uzun illər gərgin zəhmətinin məhsuludur: "Səadət xanım ömrünü Nəsimi yaradıcılığına həsr edən, hər sözün üstündə əsən dəyərli araşdırmaçıdır. “Nəsimi ili”ndə görülən ən böyük işlərdən biri də  Səadət xanımın bu kitabıdır.

Səadət xanımın sözə, Nəsimi irsinə olan böyük dəyərinin sayəsində biz bu kitabı 4 ildir ki, gözləyirdik. O, məqalələrində, araşdırmalarında sözə çox böyük həssaslıqla yanaşır”.

Azərbaycan-Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin rəhbəri Toğrul Allahverdiyev yeni yaradılan mədəniyyət mərkəzi haqqında məlumat verərək bildirmişdir  ki, “Nəsimi ili” ilə bağlı mərkəz yaxın günlərdə "Nəsimi-650" adlı yeni kitab dərc etmişdir.

Orta əsrlər ədəbiyyatının bilicisi Nəzakət Məmmədli bildirdi ki, bu gün Nəsimisevərlərin bayramıdır: "Səadət Şıxıyevanın Nəsimi irsi ilə bağlı araşdırmaları, əziyyətləri əvəzsizdir. Bu kitabda zəhmətdən əlavə sevgi və sistemli araşdırmalar yer alıb. Bu il Nəsimi haqqında çox kitab dərc olunsa da, bu kitabda Nəsimi hərtərəfli verilib."

Təqdimatda iştirak edən filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayeva qeyd etmişdir ki,  bizim qısqanclıqla dolu ədəbi mühitimizdə bu kitabın dərc olunması böyük  uğurdur.

Sonda çıxış edən müəllif  təqdimatda iştirak edən hər kəsə öz təşəkkürünü bildirmişdir: "Kitab Nadir Məmmədli və Esmira Fuad sayəsində dərc olunmuşdur. Kitabın ilkin variantı mənim diplom işimdir. Bu kitabı böyük sevgi ilə yazdım."

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

11 Dekabr 2019 12:04 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə