Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müasir, inkişaf edən Azərbaycan – Heydər Əliyevin gerçəkləşən arzusu

Müasir, inkişaf edən Azərbaycan – Heydər Əliyevin gerçəkləşən arzusu

Taleyinə bir əsrdə iki dəfə özünün dövlət müstəqilliyini elan etmək düşmüş Azərbaycanın ilk müstəqilliyinin ömrü cəmi 23 ay oldu. 1991-ci ildə ölkəmiz yenidən müstəqillik qazandı. Lakin bir tərəfdən erməni təcavüzü, digər tərəfdən səriştəsiz hakimiyyətlərin, antimilli qrupların xəyanəti nəticəsində mütəqilliyimiz yenidən itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Qısa müddət ərzində bir-birini əvəz edən iqtidarları xalqın, ölkənin taleyi deyil, yalnız hakimiyyət hərisliyi düşündürürdü. Xüsusilə, Xalq Cəbhəsinin qeyri-peşəkarlardan ibarət iqtidar komandasının birillik hakimiyyəti dövründə ölkədə talançılıq baş alıb getmiş, cəmiyyətdə xaos, anarxiya hökm sürmüşdür. Ölkədə nəinki qanunun aliliyindən söhbət getmir, hətta ayrı-ayrı hakimiyyət nümayəndələri xoşlarına gəlməyən media nümayəndələrini, ziyalıları döyməkdən, hədələməkdən belə çəkinmirdilər. Siyasi opponentlərinə qarşı barbar mübarizə üsullarından gen-bol istifadə edirdilər.

Belə bir vəziyyət cəmiyyəti qane edə bilməzdi. Ölkəni ağuşuna almış hərc-mərclik, ölkə həyatının bütün sahələrində baş verən tənəzzül xalqı, cəmiyyətin ziyalı kəsimini çıxış yolu axtarmağa sövq edirdi. Çıxış yolu isə bir idi: idarəetmə sükanını ölkənin düşdüyü bu ağır sosial-iqtisadi, mənəvi-psixoloji, hüquqi böhrandan çıxara biləcək və xalqın etimadını doğrulda biləcək sınanmış liderə vermək. Ölkədə bu keyfiyyətləri özündə birləşdirən yeganə lider isə təcrübəli siyasətçi Heydər Əliyev idi. Beləliklə, cəmiyyət, ziyalılar ciddi-cəhdlə onun ölkənin siyasi həyatına qayıtmasını, ölkənin idarəetmə sükanını öz əlinə almasını Heydər Əliyevdən xahiş etdilər.
Heydər Əliyev Bakıya qayıdaraq, sonradan Azərbaycan xalqının Qurtuluş tarixinə çevrilmiş 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçildi. Oktyabrın 3-də isə xalqın böyük əksəriyyətinin – 98,84 faizinin səsini qazanaraq ölkə ­Prezidenti seçildi. 
Heydər Əliyev siyasi hakimiyyətə qayıdarkən onu hansı çətinliklərin gözlədiyini yaxşı dərk edirdi. Belə ki, respublikanın iqtisadiyyatı çökmüş, ölkə açıq şəkildə Ermənistanın aqressiyası ilə qarşı-qarşıya qalmışdı. Ordu quruculuğunda acınacaqlı vəziyyət hökm sürür, hüquqi nihilizm baş alıb gedirdi. 
Sadalanan problemlər sırasında ən ciddisi Ermənistanın getdikcə artan təcavüzü idi. Belə ki, havadarlarının dəstəyi və ölkədə yaranmış başıpozuqluqdan istifadə edən düşmən Azərbaycanın rayonlarını bir-bir işğal edirdi. Heydər Əliyev, ilk növbədə, düşmənin bu aqressiyasına son qoymağı qarşıya məqsəd qoymuşdu. Heydər Əliyev yaxşı dərk edirdi ki, ölkədə digər sahələrdə tənəzzülün qarşısını almaq, islahatlar aparmaq, inkişafı təmin etmək üçün düşmənlə müvəqqəti də olsa, atəşkəs bağlamaq vacibdir. Heydər Əliyevin qısa müddətdə ordu quruculuğunda həyata keçirdiyi tədbirlər nəticəsində ordumuz cəbhə bölgəsində vəziyyəti dəyişməyə nail oldu və erməni işğalçılarının hücumlarının qarşısı alınaraq, əks hücumlarla bir sıra işğal edilmiş kənd və qəsəbələr geri alındı. Bu isə Ermənistanı atəşkəs sazişini imzalamağa məcbur etdi. Beləliklə, 1994-cü il mayın 12-də Bişkekdə Azərbaycan və Ermənsitan Rusiyanın vasitəçiliyi ilə atəşkəs sazişi imzaladılar. Məhz bundan sonra ümummilli lider Heydər Əliyev bütün diqqətini ölkənin qarşısında duran problemlərin həlli yollarının tapılması və onların reallaşdırılmasına yönəltdi. 
Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatının əsasını hər zaman neft sənayesi təşkil etmişdir. SSRİ-nin dağılmasından sonra neft sənayesində də durğunluq yaşanmış və büdcə gəlirləri ciddi şəkildə azalmışdır. Ölkənin düşdüyü ağır iqtisadi durumdan çıxarılmasının yeganə yolu isə neft sənayesinin dirçəldilməsi, bu sahəyə beynəlxalq investisiyanın cəlb edilməsi idi. Heydər Əliyev bütün gücü ilə buna çalışırdı. Nəhayət, onun zəhməti öz bəhrəsini verdi, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı.
 Ölkəyə rəhbərlik etməyə başladığı ilk gündən Heydər Əliyevin qarşısında duran ən vacib məsələ Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq idi. Ulu öndər problemin ədalətli həllini və ölkənin ərazi bütövlüyünün təmin olunması ilə bağlı fəaliyyətini bütün müstəvilərdə ardıcıllıqla həyata keçirmişdir. Xüsusilə, beynəlxalq tribunalardan, sammitlərdən bu məqsədlə məharətlə istifadə etmiş və Ermənistanın işğalçılıq siyasətini ifşa etmişdir. Bu istiqamətdə ATƏT-in Lissabon sammiti xüsusilə yaddaqalan olmuşdur. 
1996-cı il dekabrın 2–3-də Lissabonda 52 Avropa dövləti, ABŞ, Kanada və 10 Asiya–Afrika dövləti başçılarının müşahidəçi statusunda iştirakı ilə ATƏT dövlət və hökumət başçılarının Zirvə toplantısı keçirilmişdir. Qafqaz regionu, xüsusilə, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yüksək səviyyədə ilk dəfə geniş müzakirə olunduğu Lissabon sammitindəki nitqində Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin ATƏT prinsipləri, BMT Nizamnaməsi və beynəlxalq hüququn ümumi qaydalarına uyğun olan müddəaları diqqətə çatdırmışdır.
Heydər Əliyev Lissabon sammitinin nəticələrini aşağıdakı kimi dəyərləndirirdi: “Lissabon Zirvə görüşünün Azərbaycan üçün böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, biz həmin toplantıda Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini açıb həm zirvə görüşünün iştirakçılarına, həm də bütün dünya ictimaiyyətinə bildirdik”.
Ümummilli liderin ölkə həyatının dirçəldilməsinə verdiyi mühüm töhfələr sırasında həyata keçirdiyi iqtisadi islahatlar və onların hüquqi bazasının yaradılması mühüm yer tutur. Liberal iqtisadi siyasət nəticəsində ölkənin maliyyə sistemində sabitlik yarandı, investisiyaların həcmi artdı ki, bu da əhalinin həyat səviyyəsinin yüksəlməsilə nəticələndi. Beləliklə də ölkənin iqtisadi transformasiyası istiqamətində vacib mərhələ geridə qaldı, bazar iqtisadiyyatına keçidin əsası qoyuldu.
Ümummilli liderin müstəqil dövlət quruculuğu siyasəti çərçivəsində hüquqi islahatlar strategiyası özünəməxsus yer tutmuşdur. Ölkədə bu sahədə həyata keçirilən ən mühüm addım kimi, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi idi. Məhz ulu öndərin böyük zəhməti və yorulmaz fəaliyyəti sayəsində Konstitusiyanın hazırlanması və ümumxalq səsverməsinə çıxarılması mümkün olmuşdur.
Müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbulu ilə ölkəmizdə hüquqi islahatların əsası qoyuldu. 
Konstitusiyanın qəbul edilməsinin ardınca, hüquqi islahatların həyata keçirilməsinə başlanmışdır. “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında” qanunlar və digər qanunların qəbul edilməsi Heydər Əliyevin həyata keçirdiyi hüquqi islahatlar çərçivəsində mümkün olmuşdur.
Ümummilli liderin müstəqil ölkəmizin hüquq sisteminə töhfələrindən biri də əfv institutunun bərpası olmuşdur. Qeyd edək ki, Azərbaycan Respublikasında məhkum edilmiş şəxslərin əfv olunması Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aiddir. 
Bundan başqa, insan hüquqları sahəsində mühüm addımlar atılmışdır. 1998-ci ildə Hеydər Əliyеvin təsdiq etdiyi insan hüquqları sahəsində ilk fundmental sənəd olan Milli Dövlət Proqramında bu sahəyə nə qədər böyük önəm verdiyini görmək olar. Bu tədbirlər çərçivəsində ilk dəfə Azərbaycanda İnsan hüquqları Müvəkkili (Ombudsman) təsisatı yaradılmışdır. 
1998-ci il noyabr ayının 30-da ümummilli lider Hеydər Əliyеv “İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında” sərəncam imzalamışdır. İnsan hüquqları və demokratiya sahəsində elmi araşdırmalar, analitik tədqiqatlar aparmaq məqsədilə Milli Elmlər Akademiyasında belə bir institutun yaradılması da mühüm addım kimi qeyd edilə bilər. 
Ümumilikdə, Heydər Əliyevin ölkədə həyata keçirdiyi ­hüquqi islahatları təhlil edərkən, belə qənaətə gəlmək olar ki, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum dərəcədə müdafiəsi üçün çevik mexanizmlərin yaradılması, habelə qanunun aliliyinin təmin olunması islahatların mühüm istiqamətini təşkil etmişdir. 
Heydər Əliyevin həyata keçirdiyi demokratiya və söz azadlığı istiqamətindəki islahatları da öz ardıcıllığı və sistemliliyi ilə seçilmişdir. Belə ki, demokratik siyasi təfəkkür sahibi olaraq Heydər Əliyev Azərbaycanda siyasi plüralizmin, söz və mətbuat azadlığının təmin edilməsinin qətiyyətli tərəfdarı kimi böyük nüfuz qazanmışdır.
Bu istiqamətdə həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm kütləvi informasiya vasitələrinin maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Ümummilli liderin imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsi ləğv edildi. Hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edildi. Bundan başqa, 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoyuldu. Beləliklə də ölkəmizdə söz və mətbuat azadlığının qarşısında olan maneələr aradan qaldırılmaqla onun müstəqil inkişafına təminat yaradıldı. 
Ulu öndərin 2000-ci il 6 mart tarixli sərəncamı ilə təsdiq edilən “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” isə milli mətbuatın maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynamışdır. 
Ümumilikdə, Azərbaycan cəmiyyətinin, ölkə həyatının elə bir sahəsi, sferası yoxdur ki, Heydər Əliyevin diqqətindən, onun həyata keçirdiyi islahatlar strategiyasından kənarda qalsın. Ölkədə siyasi, sosial, iqtisadi, hərbi, mədəni-humanitar və digər başqa sferalarda həyata keçirilən siyasət ölkənin gələcək inkişafının təməlini qoydu. 
Təbii ki, burada Heydər Əliyevin inkişaf strategiyasının əsaslandığı möhkəm təməllərlə yanaşı, bu siyasətdə varislik prinsipinin əhəmiyyətinin layiqincə dərk edilməsi və reallaşdırılmasında nümayiş etdirilən əzmkarlıq da həlledici rol oynadı. Başqa sözlə, 2003-cü ildə ölkə Prezidenti seçilən İlham Əliyevin əfsanəvi Heydər Əliyev dövlətçilik məktəbinin, obrazlı desək, “əlaçı” məzunu olması öz sözünü dedi. Həmçinin İlham Əliyevin malik olduğu yüksək intellekt, bacarıq, əzmkarlıq, qətiyyət, daxili və beynəlxalq siyasi arenalarda qazandığı siyasi təcrübə ölkənin uğurlu inkişafının davam etdirilməsinin zəmanəti idi. 
Bütün bunlar İlham Əliyevə Heydər Əliyevin başladığı zəfər yürüşünün estafetini böyük məharətlə təhvil alaraq, ölkəni daha böyük uğurlara aparmağa imkan verdi. Təsadüfi deyildir ki, ümummilli lider də İlham Əliyevə ölkənin gələcək inkişafının təmin edilməsində böyük inam bəsləyirdi. 
İlham Əliyevin prezidentliyə namizəd olarkən elan etdiyi “mən hər bir azərbaycanlının prezidenti olacam” – devizinə hakimiyyətdə olduğu 16 il ərzində daim sadiq qalması da onun uğurlarının əsaslarından biri kimi dəyərləndirilməlidir. Belə ki, bu deviz xalqın onun ətrafında sıx birləşməsində böyük rol oynadı. Fəaliyyəti dövründə xalqın dəstəyini daim hər şeydən üstün tutan Prezident İlham Əliyevə xalq-iqtidar birliyi Heydər Əliyev ideyalarının reallaşdırılmasında, Azərbaycanın yeni inkişaf strategiyasının həyata keçirilməsində yardımçı oldu. 
Dövlətimizin başçısı qısa müddət ərzində Azərbaycanı regionun lider dövlətinə, Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm körpüyə çevirməyə nail oldu. Həm enerji resurslarının nəqlinin diversifikasiyasını uğurla reallaşdırmaqla, həm də əhəmiyyətli tranzit ölkəyə çevirməklə bir növ, Azərbaycanı enerji habına çevirmişdir. 
Ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində respublikamız hazırda Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin aparıcı vəzifəsi rolunu oynayır. Bakı–Tbilisi–Ceyhan neft kəmərinin, Bakı –Tbilisi–Qars dəmir yolunun, TAP və TANAP layihələrinin günün reallığına çevrilməsi, ölkəmizin üç süni peykinin orbitə buraxılması ilə kosmik dövlətlər klubuna daxil olması Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasətinin real nəticəsi olmaqla  Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərinin daha da güclənməsinə gətirib çıxarmışdır. Təsadüfi deyildir ki, Azərbaycan artıq Avropa və dünyanın aparıcı enerji təchizatçılarından birinə çevrilmişdir. 
Ölkənin nüfuzunun və gəlirlərinin artması Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində mühüm amilə çevrilmişdir. Bu gün dünyada müstəqil siyasət yeridən dövlət azdır. Bunlardan biri də məhz Azərbaycandır. Bu isə təsadüfi deyildir. Çünki dövlətimizin başçısının apardığı düşünülmüş siyasət nəticəsində ölkənin iqtisadi və siyasi cəhətdən xarici asılılığı tamamilə aradan qaldırılmışdır. Bu da Azərbaycan dövlətinə digər güc mərkəzlərinin diktəsi ilə deyil, öz milli maraqlarından çıxış edən siyasət yürütməsinə imkan verir. Təsadüfi deyildir ki, Prezident ­İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb.
Prezident İlham Əliyevin Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasına dəvət edilən azsaylı prezidentlərdən biri kimi etdiyi çıxışı ilə uzun müddət beynəlxalq ictimaiyyətin diqqətində olması Azərbaycanın beynəlxalq nüfuzunun daha da güclənməsinə şərait yaratmışdır. 
Azərbaycanın beynəlxalq nüfuzunun artmasından bəhs edərkən, ölkəmizin 155 üzv dövlətin dəstəyi ilə BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi və bu mötəbər quruma sədrlik etməsini, Qoşulmama Hərəkatına sədr seçilməsini, “Eurovision” və Avropa Oyunları, Qlobal Humanitar Forum və s. kimi nüfuzlu qlobal tədbirlərin ölkəmizdə ən yüksək səviyyədə keçirilməsini də qeyd etmək lazımdır. 
Respublikamızın rəhbəri ölkənin regional və beynəlxalq nüfuzunun artırılması, uğurlu neft-qaz strategiyası, çoxşaxəli tranzit layihələri və s. ilə yanaşı, daxili siyasətdə də ciddi uğurların əldə edilməsinə nail olmuşdur. Əgər 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi təqribən 1,5 milyard dollar idisə, 2020-ci ilin dövlət büdcəsi 24 milyard manatdan artıqdır. Yoxsulluq səviyyəsi 2003-cü ildə 45 faiz idisə, hazırda 5 faizdən də aşağı düşmüşdür. Ölkəmizin valyuta ehtiyatları 27 dəfədən çox artaraq hazırda 50 milyard dollara çatmışdır. 
Azərbaycanda idarəetmə və vətəndaşlara xidmət sferasında həyata keçirilən işlər ölkəmizə dünyaya innovasiya ixrac edən dövlətlər sırasında layiqli mövqe qazandırmaqdadır. Bu sırada xüsusilə “ASAN xidmət” innovasiyası mühüm yer tutur. Qeyd etmək lazımdır ki, dünyanın bir sıra ölkələrində “ASAN xidmət” təcrübəsinin öyrənilməsinə və tətbiqinə başlanmışdır. Məsələn, artıq Əfqanıstanda eyniadlı qurum təsis edilib. Bundan başqa, müxtəlif Avropa ölkələrində “ASAN xidmət” təqdimatları keçirilmiş və maraqla qarşılanmışdır. Dünyanın qabaqcıl ölkələrinin və beynəlxalq qurumlarının nümayəndə heyətləri mütəmadi olaraq “ASAN xidmət”in fəaliyyəti ilə tanış olmaq üçün mərkəzləri ziyarət edirlər. Yarandığı gündən bu günə qədər bir çox xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan 600-dən çox nümayəndə heyəti “ASAN xidmət” mərkəzlərinə baş çəkib. Həmçinin “ASAN” innovasiyası mühüm aparıcı beynəlxalq qurumlar tərəfindən mükafatlara, sertifikatlara layiq görülüb. 
 2019-cu ildə ölkədə sosial siyasət sahəsində həyata keçirilmiş addımlar isə misilsizliyi ilə yadda qalmışdır. Belə ki, il ərzində minimum əməkhaqqı 2 dəfə artırılaraq, 130 manatdan 250 manata qaldırılmışdır. Bundan başqa, əhalinin sosial rifahının yüksəldilməsi çərçivəsində dövlət büdcəsindən maliyyələşən müxtəlif sahələrdə əməkhaqlarının artırılması ilə bağlı bir gündə – 2019-cu il iyunun 19-da 18 Prezident sərəncamı imzalanmışdır. Bu isə 1 milyondan çox insanın əməkhaqqının əhəmiyyətli dərəcədə artması deməkdir. 
Əlbəttə ki, həyata keçirilən bu siyasət xalqın ciddi dəstəyinə söykənir. Bunu xarici araşdırma mərkəzlərinin keçirdiyi sorğular da təsdiq edir. Belə ki, ­2019-cu ilin fevral – mart aylarında Azərbaycan ərazisində Fransanın “Opinion Way” şirkətinin apardığı rəy sorğusu zamanı “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualı respondentlərin 85,1 faizi tərəfindən “müsbət” olaraq qiymətləndirilib. Prezidentin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair suala isə respondentlərin 75,6 faizi müsbət cavab verib. Prezident ­İlham Əliyevin kadr islahatlarını isə 78,8 faiz respondent bəyəndiyini bildirib. 
Bu gün Azərbaycanın müasir, sivil dövlətə çevrilməsi, onun beynəlxalq imicinin möhkəmləndirilməsi istiqamətində əldə olunan uğurlarda ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzedilməz rolu vardır. Mehriban xanım Əliyeva uzun illər ərzində Heydər Əliyev Fondunun prezidenti kimi ölkədə milli-mədəni irsin qorunmasında, qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həll edilməsində, təhsilin, səhiyyənin və s. sahələrin inkişafında mühüm rol oynamışdır. Fondun xeyriyyəçilik fəaliyyəti ölkə hüdudlarından kənarda da geniş-əks-səda doğurmuşdur. 
Bu yaxınlarda Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri, keçirdiyi yüksək səviyyəli görüşlər onun ölkəmizin daxili həyatı ilə yanaşı, xarici siyasətində oynadığı əhəmiyyətli rolu da bir daha ortaya qoydu. Belə ki, Rusiya kimi dünyanın nəhəng dövlətinin Prezidenti tərəfindən yüksək səviyyədə qəbul edilməsi, “Dostluq” ordeninə layiq görülməsi nadir hadisələrdən olmaqla, onun fəaliyyətinə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu, həm də onu göstərir ki, Rusiya dövləti və onun siyasi elitası Mehriban xanım Əliyevanı parlaq siyasətçi kimi qəbul edir və onunla mühüm məsələlər ətrafında müzakirələr aparmaq və razılaşmalar əldə etməyə hazırdır. 
Azərbaycanın yarım əsrlik tarixinin adı ilə bağlı olduğu ümummilli lider Heydər Əliyevin ideyaları, irsi bu gün ləyaqətlə davam və inkişaf etdirilir. Heydər Əliyevin təməlini qoyduğu inkişaf etmiş, güclü, modern Azərbaycan dövləti artıq dünya miqyasında özünü təsdiq etmişdir. Bu isə onu göstərir ki, Heydər Əliyevin möhkəm özüllər üzərində qurduğu Azərbaycan dövləti və onun irsi etibarlı əllərdədir. 

 

 Aytən MUSTAFAZADƏ,
AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor, V çağırış Milli Məclisin deputatı

11 Dekabr 2019 00:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə