Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün tədbirlər görülür

Azərbaycanda inqilabi xarakterli islahatlar sürətlə davam edir. Milli Məclisin buraxılması və yeni parlament seçkilərinin təyin edilməsi barədə Prezident İlham Əliyevin sərəncamından sonra Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da muxtar respublika parlamentinə yeni seçki təyin etdi. Bununla bağlı sərəncamda deyilir: “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli sərəncamına uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram: Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2020-ci il fevralın 9-na təyin edilsin”.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi məsələsi Mərkəzi Seçki Komissiyasında (MSK) geniş müzakirə olunub. İclasda “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edilib. Eyni zamanda, MSK-nın bəzi normativ xarakterli aktları ilə bağlı da müzakirələr aparılıb.
MSK sədri Məzahir Pənahov bildirib ki, bu il noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının iclası keçirilib. İclasda partiyanı təmsil edən deputatlar Milli Məclisin buraxılması ilə bağlı təşəbbüs irəli sürüblər. Milli Məclisin dekabrın 2-də keçirilmiş plenar iclasında YAP deputatlarının təşəbbüsü müzakirə olunub və müvafiq qərar qəbul edilib. Deputatlar parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət ediblər.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilən parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib. Dekabrın 4-də Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib və iclasın yekununda Milli Məclisin buraxılmasının Azərbaycan Konstitusiyasına uyğun olduğu barədə qərar qəbul edilib.
Prezident İlham Əliyevin dekabrın 5-də imzaladığı “Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.
Sonra Milli Məclisə seçkilərlə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin sistemli, ardıcıl və keyfiyyətlə gerçəkləşdirilməsi, habelə seçki iştirakçılarına metodiki kömək göstərilməsi və onların fəaliyyətlərinin daha da sadələşdirilməsi məqsədilə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı müzakirə olunaraq təsdiq edilib.
Komissiyanın iclasında seçki hüquqlarının pozulması ilə əlaqədar hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb və MSK nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupunun yaradılmasına qərar verilib. Qanunvericilikdə nəzərdə tutulan müddətdən gec olmayaraq dairə seçki komissiyaları nəzdində də 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması dairə seçki komissiyalarına həvalə edilib.
İclasda Milli Məclisə seçkilərdə namizədin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində və onlara əlavə edilən sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu da yaradılıb və MSK üzvü işçi qrupunun rəhbəri təyin olunub.
Təbii ki, bu gün Azərbaycanda ictimaiyyət arasında ən çox müzakirə olunan parlament seçkiləri məsələsidir. 
Siyasi ekspertlər və təhlilçilər də Milli Məclisin buraxılması məsələsini geniş müzakirə etməkdədirlər. Əslində, belə bir fikirdə hamı həmrəydir ki, aparılan islahatların anonsu Prezident İlham Əliyev tərəfindən 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərindən sonra andiçmə mərasimində verilib. Həmin nitqində dövlət başçısı islahatları sürətləndirmək niyyətini bəyan edib və 2019-cu ilin əvvəllərindən etibarən ölkədə ciddi sosial islahatlara start verilib. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə iki böyük sosial paket təqdim edilib. Fevralda birinci böyük sosial paket qəbul edilib və martın 1-dən minimum əməkhaqqı və minimum pensiyalarda ciddi artımlar olub, bütün müavinətlər artırılıb, yeni müavinətlərin tətbiqinə başlanılıb, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin maaşı artırılıb. İlin ortasında ikinci sosial paket qəbul edilib. Bu ilin sentyabrından qüvvəyə minən dəyişikliyə əsasən, pensiya və maaşlar yenidən artırılıb. Nəticədə, minimum əməkhaqqı 250 manata, minimum pensiya isə 200 manata çatdırılıb. Bundan əlavə, ayrı-ayrı sahələrdə çalışan işçilərin əməkhaqlarında növbəti artım olub. 
Şübhəsiz ki, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün hökmən struktur islahatları, kadr dəyişiklikləri, qanunvericilik və digər islahatlar həyata keçirilməli idi. Prezident İlham Əliyev çox uğurlu kadr islahatları həyata keçirir, hakimiyyətdə gəncləşmə siyasəti aparır. Prezident Administrasiyasında, Nazirlər Kabinetində ciddi struktur yeniləşməsi olub. 
Maraqlıdır ki, Azərbaycanda həyata keçirilən islahatlar artıq beynəlxalq reaksiya doğurmaqdadır. Bu günlərdə ATƏT Parlament Assambleyasının Prezidenti Giorgi Sereteli Tbilisidə jurnalistlərə açıqlamasında bildirib: “Azərbaycanda aparılan islahatlar, gənclərin siyasi arenaya daxil olması böyük əhəmiyyət kəsb edir”.
O qeyd edib ki, Azərbaycan rəhbərliyi reallaşdırdığı islahatlar və dəyişikliklərlə demokratik prinsiplərə sadiqliyini nümayiş etdirir: “Bu dəyişikliklər, ilk növbədə, Azərbaycan xalqının maraqlarına cavab verməsi ilə diqqət çəkir. İslahatlar deməyə əsas verir ki, Azərbaycanda seçiləcək yeni parlament daha çevik və daha fəal olacaq”.

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

10 Dekabr 2019 23:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə