Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Normand dördlüyü” Donbasla bağlı müəyyən razılaşmalar əldə edib

“Normand dördlüyü”nün liderləri Paris sammitində, ilk növbədə, Donbasda saxlanılan şəxslərin Yeni ilə qədər dəyişdirilməsi ilə bağlı razılığa gəliblər. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski görüşdən sonra keçirdiyi mətbuat konfransında bəyan edib. Məlumatı TASS verib. 

“Biz konkret müddət barədə razılığa gəldik. Bu, 24 dekabrdır. Ayın ­sonuna qədər bu məsələ həll ediləcək”, – deyə Zelenski bildirib. – Bu, “əsas qələbə” hesab edilə bilər. Biz “hamının-hamıya” prinsipi ilə dəyişməyə razılaşdıq. Bu dəyişmə nəticəsində 72 nəfər öz evinə qayıda biləcək”. 
Onun sözlərinə görə, aparılmış danışıqlar zamanı Ukrayna tərəfi israr edib ki, Donbasda münaqişənin və onunla bağlı bütün məsələlərin kompleks həlli təhlükəsizliyin təminatı ilə bağlıdır. Bundan sonra siyasi məsələləri həll etmək olar: “Ukrayna, Almaniya, Fransa və Rusiya çoxlu məsələ müzakirə etdilər və bir sıra çox vacib detalları razılaşdırdılar. Bu, birinci növbədə Ukraynanın şərqində təhlükəsiliklə bağlı vəziyyəti sabitləşdirmək üzrə təcili tədbirlərin hazırlanmasıdır. 2019-cu ilin axırına qədər atəş tam, hərtərəfli və müddətsiz olaraq dayandırılacaq. Atəşkəslə bağlı monitorinq və nəzarət üçün ATƏT müşahidəçilərinin bütün Ukrayna ərazisində maneəsiz hərəkətinin vacibliyi qeyd edildi. Bunun üçün monitorinq missiyasının mandatı genişləndirilə bilər”.
Zelenski deyib ki, tərəflər Donbas ərazisinin minalardan təmizlənməsi üzrə yeni planın hazırlanması və həyata keçirilməsini də dəstəkləyiblər. Bundan başqa, ukraynalılar üçün vacib əhəmiyyətə malik üç məntəqədə əlavə hərbü güc və vasitələrin geri çəkilməsi məsələsinin təmas qrupu çərçivəsində müzakirəsinin vacibliyi təsdiq edilib. 
Bununla yanaşı, Ukrayna Prezidenti qeyd edib ki, “Normand dördlüyü”nün Paris sammitində bir çox məsələlər açıq qalıb: “Təbii ki, həll edə bilmədiyimiz çox məsələ qalır. Ukrayna sammitdə qəbul edilmiş qərarları yerinə yetirməyə hazırdır. Ancaq Kiyev heç zaman öz ərazilərini güzəştə getməyəcək və ölkənin federallaşmasına razı olmayacaq”. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

10 Dekabr 2019 23:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə