Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Sumqayıt şəhərinin Cümə məscidində moizə edib

Azərbaycan İlahiyyat İnstitutunun dörd tələbəsi Sumqayıt şəhərinin Cümə məscidini ziyarət edib, namaza qatılıb. Bölgə qazısı Hacı Rauf Sərdarov tələbələrin moizə etməsi üçün şərait yaradıb. İnstitutun Dinşünaslıq ixtisası üzrə ikinci kurs tələbəsi Fərid Qasımzadə inanclılar qarşısında “Ailə və cəmiyyət” mövzusunda xütbə ilə çıxış edib.

F.Qasımzadə xütbədə İslam dininin sağlam cəmiyyət qurmaq məqsədi ilə ailə müəssisəsinin möhkəm təməllər üzərində qurulmasına xüsusi əhəmiyyət verdiyini qeyd edib. Bildirib ki, ailə münasibətlərini İslamın bizə tövsiyə etdiyi mənəvi tellər üzərində qurduğumuz təqdirdə, cəmiyyət üçün milli-mənəvi  dəyərlərə sahib çıxan fərdlər yetişdirmək mümkündür. Ailənin sağlam cəmiyyətin və güclü dövlətin təməli olduğunu bildirən F. Qasımzadə insanın şəxsiyyət kimi yetişməsində, sosiallaşmasında, xalqın milli-mənəvi dəyərlərinin gələcək nəsillərə ötürülməsində ailənin xüsusi rol oynadığını bildirib.

Fərid Qasımzadənin çıxışı moizədə iştirak edən insanlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda iki – Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. İnstitutda din xadimi kimi fəaliyyət göstərəcək tələbələrin hazırlığına xüsusi diqqətlə yanaşılır. Onlara dəstək üçün müxtəlif tədbirlər həyata keçirilir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

10 Dekabr 2019 16:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə