Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

10 dekabr Ümumdünya İnsan Hüquqları günüdür

Azərbaycan insan hüquqlarının qorunması sahəsində mühüm uğurlara imza atmışdır

10 dekabr dünyada Ümümdünya İnsan Hüquqları günü kimi qeyd olunur. “Bütün insanlar azad və bərabərdir” tezisinə əsaslanan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 10 dekabr 1948-ci ildə bu günü Ümümdünya İnsan Hüquqları Günü olaraq qəbul etmişdi.

Dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulmuşdur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuş, hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan vermiş, mühüm normativ-hüquqi aktlar və dövlət proqramları qəbul edilmiş, insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası dəqiq müəyyənləşdirilmişdir.

Ümumiyyətlə, universal insan hüquqları konsepsiyasının tarixi qədim deyil. Belə ki, insan hüquqları üzrə müzakirələrin əsl dönüş nöqtəsi Avropa maarifçilik dövründəki məşhur orta əsr təbii hüquq ənənəsinin bir hissəsi kimi yaranan təbii hüquqlar konsepsiyası olmuşdu. XVIII əsrdə ABŞ-da (1776) və Fransada (1789) iki böyük inqilab baş vermiş və müvafiq olaraq ABŞ İstiqlal Bəyannaməsi və İnsan və vətəndaş hüquqları Bəyannaməsi qəbul edilmişdi. 1919-cu ildə – Birinci dünya müharibəsi başa çatdıqdan sonra Versal sülh müqaviləsi üzrə müzakirələr aparılan zaman yaradılmış Millətlər Liqasının məqsədi silahsızlanma, kollektiv təhlükəsizlik vasitəsilə müharibənin qarşısının alınması, danışıqlar, diplomatiya və qlobal rifahın yaxşılaşdırılması nəticəsində ölkələr arasındakı mübahisələrin həll olunması idi. İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hamıya aid edilir. Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq, təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.

BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas prinsipləri olan ayrı-seçkiliyin yolverilməzliyi və hüquq bərabərliyi bir çox dövlətlərin Konstitusiyasında, beynəlxalq konvensiyalarda təsbit olunduqdan sonra, bu sənəd icrası mütləq statusu almışdır. Həmin prinsiplər adı çəkilən Bəyannamədən hələ 30 il əvvəl Şərqdə ilk parlamentli dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan olunmuş və bir çox dövlətlərdən əvvəl qadınlara kişilərlə bərabər seçki hüququ verilmiş, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqları tanınmışdır. 1995-ci il noyabrın 12-də qəbul olunmuş ilk Konstitusiyası sonrakı dövrlərdə referendumlar nəticəsində daha da təkmilləşmiş, insan hüquqlarının səmərəli təmininə zəmin yaratmışdır.

Avropa Şurasına üzv olduqdan sonra Azərbaycanda Ombudsman haqqında Konstitutsiya Qanunun qəbul edilmiş, bunun əsasında ilk Ombudsman təsisatı yaradılmışdı. Xüsusilə qeyd etmək lazımdır ki, respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olmuşdu. İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması nəzərdə tutulmuşdu.

Bundan başqa, Azərbaycanda insan hüquqları sahəsində yol xəritəsi rolunu oynayan üç mühüm strateji sənəd - “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006) və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (2011) qəbul edilmişdir. Qeyd etmək zəruridir ki, 18 iyun Milli İnsan Hüquqları Günü kimi elan edilmişdir və bu, Azərbaycanda insan hüquqları ilə bağlı fəaliyyətin dəyərləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 65 əfv sərəncamı imzalanmış, 11 amnistiya aktı qəbul edilmiş və bunlar on minlərlə insana şamil olunmuşdur. Bu da təsadüfi deyil, ona görə ki, dövlətimizin ali məqsədi insan hüquqlarının müdafiəsidir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs ölkədə dayanıqlı inkişafa, insanların həyat səviyyəsinin yüksəlməsinə, hüquq bərabərliyinin təmininə imkan yaratmışdır. Ölkəmizdə hüquqla bağlı çoxsaylı qanunvericilik aktları qəbul olunmuşdur. Fəxrlə qeyd etmək olar ki, bu gün Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri bərabər şəkildə yaşayırlar. Azərbaycanda insan hüquqlarının müdafiəsini təmin edən çox mükəmməl qanunvericilik bazasının yaradılması ölkədə belə əlverişli mühitin formalaşmasına imkan vermişdir.

Təbii ki, Azərbaycanın qanunvericilik bazası insanların hüquqlarının bərabər şəkildə təmin edilməsini gerçəkləşdirən mühit formalaşdırır. Bugünkü nailiyyətlər bu uğurların əldə edilməsinə töhfə verən Azərbaycan vətəndaşlarının iştirakı ilə əldə olunmuşdur. Aydındır ki, xalqın mütləq dəstəyi olmadan hər hansı ideyanı gerçəkləşdirmək qeyri-mümkündür və Konstitusiyada hüquq bərabərliyi və onun dövlət tərəfindən təmin edilməsi öz təsbitini tapmışdır. Xarici mütəxəssislər də etiraf edirlər ki, Azərbaycan insan hüquqlarının qorunması sahəsində çox fəaldır və Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn öhdəlikləri yerinə yetirir. Bundan əlavə, Azərbaycan insan haqları ilə bağlı tövsiyələrə əməl edir, insan haqlarına hörmətini nümayiş etdirir, bir çox beynəlxalq sazişlərə qoşulmuşdur. Xatırladaq ki, BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” Memorandum imzalanmışdır.  2006-cı ildə Azərbaycanın insan hüquqları sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri ölkəmizin BMT-nin yeni yaradılmış İHŞ-yə  üzv seçilməsi olmuşdur. BMT Baş Assambleyasının A/60/L.48 saylı Qətnaməsinə əsasən yaradılan İHŞ İnsan Hüquqları Komissiyasını əvəz etmişdir. Azərbaycan İHŞ-nin ilk 47 üzv dövlətindən biri olmuşdur. İHŞ 19 iyun 2006-cı ildə fəaliyyətə başlamışdır.

Bu gün heç kimə sirr deyil ki, dayanıqlı inkişaf üçün yoxsulluğun aradan qaldırılması insan hüquqlarının yaxşılaşmasına yönəlmiş addımdır. Aparılan məqsədyönlü sosial siyasət nəticəsində insanların maddi rifah halı yüksəlmiş, hüquq və azadlıqların qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsi kimi məşğulluq probleminin həlli mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, insanlar dünyada baş verən proseslərdən, dəyişikliklərdən, qeyri-müəyyənliklərdən əziyyət çəkirlər. İnsan hüquqlarının qorunması bu mənada çox vacibdir. Azərbaycan bu sahədə də böyük uğurlar qazanmışdır, çox fəal şəkildə müntəzəm olaraq aidiyyəti qurumlara hesabatlar təqdim edir.

Xatırladaq ki, Azərbaycan 27 il bundan əvvəl BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuşdur. Azərbaycan hökuməti konvensiyadan irəli gələrək uşaqların ibtidai təhsil almaları, ölüm hallarının azaldılması və erkən nikahların qarşısının alınması istiqamətində işlər görmüşdür. Azərbaycan hökuməti və parlamenti birgə fəaliyyətlə həssas ailələrdəki uşaqlara xüsusi diqqət yetirir. Bununla yanaşı, Azərbaycan hökuməti qadınların və uşaqların müdafiəsi sahəsində güclü hüquqi baza yaratmışdır. Belə ki, qadınların hüquqlarının müdafiəsi sahəsində iki mühüm qanun – “Gender siyasəti haqqında” və “Məişət zorakılığı haqqında” qanunlar qəbul edilmişdir.

Azərbaycanda azad mətbuatın fəaliyyət göstərməsi, söz və fikir azadlığının təmin olunması, sürətli internetə çıxış imkanlarının yaradılması insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan ümümmilli lider Heydər Əliyevin imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoymuşdur. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradılmışdır. Ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqləmişdir. “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” buna əyani sübutdur. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və beynəlxalq standartların tələblərinə uyğunlaşmasına ehtiyacın yarandığı müasir dövrümüzdə həyata keçirilən bu cür tədbirlər insan hüquqlarının qorunması istiqamətində atılan ən düzgün addım kimi ölkə ictimaiyyəti tərəfindən dəstəklənmişdir.

 

“Xalq qəzeti”

10 Dekabr 2019 11:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə