Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni parlamentin formalaşması islahatların dinamizmini daha da gücləndirəcək

Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər.
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti


Məlum olduğu kimi, dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisi buraxılıb, parlamentə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Xatırladaq ki, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının iclası keçirilib və partiyanı təmsil edən deputatlar Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış ediblər. Bundan sonra, Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında YAP-dan olan deputatların təşəbbüsü müzakirə olunub və qərar qəbul edilib. Deputatlar parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət ediblər. Həmin gün Azərbaycan Prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilən parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğunun dəqiqləşdirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Dekabrın 4-də Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib və yekunda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olduğu barədə qərar qəbul edilib. Dekabrın 5-də isə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. 

 

Təbii ki, Milli Məclisin buraxılması ölkədə Azərbaycan Prezidentinin rəhbərliyi və birbaşa təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı islahatlar planının tərkib hissəsidir. Əslində, Prezident İlham Əliyev bu islahatlara hakimiyyətə gəldiyi gündən başlayıb. Sadəcə, 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərindən sonra dövlət başçısı islahatları sürətləndirmək niyyətini bəyan edib və 2019-cu ilin əvvəllərindən etibarən ciddi sosial islahatlara start verilib. Ardınca isə kadr və struktur islahatlarına başlanılıb. Milli Məclisin yeniləşdirilməsi təşəbbüsü də bu islahatların davamıdır. 
Prezident İlham Əliyevin həyata keçirdiyi bütün islahatların məqsəd və məramı, əslində, xalqın həyat şəraitini yaxşılaşdırmaqdır. Parlamentin yeniləşməsi və köhnə məmurların dəyişdirilməsi kursunu da ölkəyə yeni nəfəs verilməsi kimi qiymətləndirmək olar. Artıq dövlət idarəçiliyi sistemi birmənalı olaraq çeviklik və effektivlilik baxımından yeni mərhələyə qədəm qoyur. Bir qədər əvvəl Prezident Administrasiyası, Nazirlər Kabineti və yerli icra hakimiyyətləri səviyyəsində həyata ­keçirilmiş kadr dəyişikliklərini, struktur yeniləşmələrini buna nümunə göstərmək olar. Bir tərəfdən, yüksək vəzifələrə gənc, müasir təhsilli, enerjili kadrlar təyin edilir, digər tərəfdən, iqtisadi sahədə (vergilər, gömrük orqanları və s.) müxtəlif nazirlik və ya dövlət komitələri ya birləşdirmək, ya da ləğv etməklə idarəetmədə təkrarçılıq və paralellik aradan qaldırılır, büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayı azaldılır, dövlət büdcəsi vəsaitlərindən səmərəli istifadə olunması məqsədilə konkret addımlar atılır. 
Əlbəttə, kadr islahatlarında yeni yüksək vəzifələrə təyin olunmuş gənclər, şübhəsiz ki, dünyada və ölkədə baş verən dəyişikliklərə daha çevik reaksiya verəcək, ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrə nail olmaq və dövlət siyasətini düzgün planlaşdırmaq üçün daha sağlam və düzgün qərarlar qəbul edəcəklər. Bütün bunlar Prezident İlham Əliyevin xalqın gözləntilərini və istəklərini dəqiqliklə görüb düzgün nəticələrə gəldiyini göstərir. Ona görə də tam arxayın olmaq mümkündür ki, Azərbaycan Prezidenti ölkəmizin milli maraqları ilə uzlaşan düşünülmüş və uzaqgörən siyasət həyata keçirir. Elə parlamentin ­buraxılması ilə bağlı qərar da bu qəbildəndir və əminik ki, bu addım da son nəticədə müsbət nəticələr verəcək. 
Hazırda siyasi təhlilçilər Milli Məclisin buraxılması ilə bağlı qərarı düşünülmüş addım və uzaqgörən dövlət siyasəti kimi dəyərləndirirlər. Onların fikrincə, Cənubi Qafqaz regionunda aparıcı dövlətə çevrilmiş Azərbaycanda iqtisadiyyat, istehsal, sosial, təhsil və digər sahələrdə aparılan köklü islahatların, eləcə də ciddi struktur və kadr dəyişikliklərinin ardınca parlamentin buraxılması barədə qərar qanunauyğun addımdır, ölkədə keçirilən islahatların ruhuna tam uyğundur. Çünki qanunverici sahədə islahata çoxdan ehtiyac yaranmışdı. Ona görə də dövlət başçısının bu qərarı həm ölkə ictimaiyyəti tərəfindən böyük razılıq hissi ilə qarşılanır, həm də Azərbaycan dövlətçiliyinin qarşısında dayanan məqsəd və vəzifələr baxımından inqilabi xarakterlidir. İnanırıq ki, yaxın aylarda seçiləcək yeni parlament əsasən gənc və müasir düşüncəli insanlardan ibarət olacaq ki, onların gücü ilə ölkəmiz daha  da qüdrətlənəcək. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

9 Dekabr 2019 22:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Sentyabr 2020 | 15:20
Bu gün tarixdə qalacaq
20 Sentyabr 2020 | 10:00
Mənanın sərrafı, sözün vaqifi

Köhnə versiyamızdan xəbərləri izlə