Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mingəçevir Dövlət Universitetində elmi konfrans

Mingəçevir Dövlət Universitetində “Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” mövzusunda respublika elmi konfransı keçirilib. Konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2019-cu ildə keçirilməli olan beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumlar çərçivəsində təşkil olunub.
 Tədbiri giriş sözü ilə açan universitetin rektoru Şahin Bayramov tədbirin təşkil olunmasında əsas məqsədin hazırkı mərhələdə şəxsiyyət, cəmiyyət və dövlət arasında qarşılıqlı münasibətlərin məzmunu, xarakteri və inkişaf istiqamətləri üzrə elmi diskussiyaların aparılmasından, eləcə də mövzu üzrə müasir yanaşmalar və yeni nəzəri konsepsiyalar haqqında elmi məruzələrin dinlənilməsindən ibarət olduğunu bildirib. Ş.Bayramov doqquz elmi istiqaməti əhatə edən konfransa respublikanın 22 ali təhsil müəssisəsindən, AMEA-nın 16 sahə elmi-tədqiqat institutundan və 5 digər təşkilatdan ümumilikdə 300-ə yaxın məqalə və tezis daxil olduğunu diqqətə çatdırıb.
Konfransın plenar iclasında Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “İctimai-siyasi proseslərin inkişafında postmodern şəxsiyyətin rolu və əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Müasir elmi yanaşmalardan bəhs edən İ.İsmayılov müasir cəmiyyətin inkişafında mühüm rol oynayan şəxsiyyət amili barədə ətraflı məlumat verib. Ümummilli lider Heydər Əliyevin postmodern şəxsiyyətlər arasında müstəsna yer tutduğunu vurğulayan İ.İsmayılov dahi şəxsiyyətin müasir Azərbaycan cəmiyyətinin uzunmüddətli və davamlı inkişafı istiqamətindəki misilsiz xidmətlərindən danışıb. İ.İsmayılov XXI əsrdə Azərbaycanın yeni dövrün tələblərinə uyğun hərtərəfli tərəqqisinin təmin olunmasında ölkə başçısı cənab İlham Əliyevin həlledici rolundan bəhs edib.
“Müasir dünyanın multikultural xarakteri: mövcud vəziyyət və Azərbaycan reallıqları” mövzusunda məruzə edən rektor Şahin Bayramov müasir dünyada daimi sülh, davamlı tərəqqi və qarşılıqlı anlaşma mühitinin formalaşması və dayanıqlı inkişafın təmin olunması zərurəti nəticəsində yaranan multikulturalizm fenomeni barədə ətraflı məlumat verib. Natiq cəmiyyətlərin hansı istiqamətlərdə inkişaf etməsindən asılı olmayaraq multikultural dəyərlərin və prinsiplərin təsir mexanizmlərini qoruyub saxladığını diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin hələ XX əsrin 60-cı illərində multikulturalizmin alternativsiz olduğunu bəyan etdiyini vurğulayan Ş.Bayramov dahi rəhbərin tolerantlığı və multikulturalizmi müstəqil Azərbaycanın demokratik inkişafının əsas tərkib hissəsi hesab etdiyini bildirib. Prezident İlham Əliyevin rəhbərliyi altında artıq tarixi həqiqətə çevrilmiş Azərbaycan multikulturalizminin xüsusiyyətlərindən bəhs edən Ş.Bayramov 2016-cı ilin ölkəmizdə “Miltikulturalizm ili” elan edilməsinin əhəmiyyətindən danışıb. O, düşünülmüş və uzaqgörən dövlət siyasətinin nəticəsi olaraq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş postmodern, tolerant və multikultural Azərbaycan cəmiyyətinin gündən-günə qüdrətləndiyini bildirib.
“Qloballaşma şəraitində dinin cəmiyyətdə yeri və rolu” mövzusunda məruzə edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov müasir Azərbaycan cəmiyyətində dinin əhəmiyyətindən və bu sahəyə göstərilən yüksək dövlət qayğısından bəhs edib. Dini fəaliyyətin idarə edilməsi sahəsində bir sıra ölkələrdə mənfi təcrübənin mövcudluğunu vurğulayan C.Məmmədov ölkəmizdə müşahidə olunan dözümlülük və milli-mənəvi dəyərlərə göstərilən yüksək diqqət barədə ətraflı məlumat verib. Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının əhəmiyyəti, dini sahədə maarifləndirmə işinin gücləndirilməsi məsələlərinə toxunan C.Məmmədov müasir Azərbaycan cəmiyyətində dinlərarası dialoqa, tolerantlığın inkişafına və birgəyaşayış normalarının təmin olunmasına xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb.

 

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

 

9 Dekabr 2019 22:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 09:24
SOS: Dərmanların yan təsiri...

Köhnə versiyamızdan xəbərləri izlə