Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yevlaxda ulu öndər Heydər Əliyevin anım mərasimi

Yevlaxda ulu öndər Heydər Əliyevin anım mərasimi

Ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşmasının növbəti ildönümü münasibətilə Yevlax şəhərindəki Heydər Əliyev Sarayında keçirilən ümumrayon anım mərasimində ulu öndərin ölməz xatirəsi dərin ehtiramla yad edilib, ideya və əməllərinə sədaqət ifadə olunub.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin, yerli idarə, təşkilat və müəssisə rəhbərlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi mərasimdə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevin bütünlüklə xalqımıza xidmətdə keçmiş zəngin və mənalı ömür yoluna ətraflı nəzər salınıb. Səhnədəki monitorda canlandırılan foto-video görüntülərin fonunda aparıcı, Əməkdar artist Nazir Rüstəmov ulu öndərin zəmanəmizdə dünyanı heyran qoyan həyat və fəaliyyətinin önəmli fakt və hadisələrinin xronikasını səsləndirib.
Mərasimdə bildirilib ki, ulu öndərin 16 il əvvəl dekabrın 12-də müstəqil Azərbaycan dövlətini çağdaş nəsillərə əmanət edərək, əbədiyyətə qovuşması xalqımızın misilsiz itkisi olsa da, ötən illərdə Heydər Əliyevin siyasi xətti və irsi yaşamış, ölkəmizi yeni uğurlara qovuşdurmuşdur. Xalqımız bu illərdə öz qüdrətli oğlunun xatirəsini daim qəlbində yaşatmış, onun qoyub getdiyi yola sadiq qalmışdır. İllər, qərinələr, əsrlər ötüb keçəcək, ulu öndərin arzularına uyğun olaraq, dünyaya Günəş kimi doğan, daim tərəqqi edən Azərbaycanın yeni nəsilləri dərin zəkası və nəhəng xidmətləri ilə bu parlaq gələcəyi təmin etmiş əbədi liderini heç zaman unutmayacaq.
Daha sonra qeyd edilib ki, əsası böyük rəhbər Heydər Əliyevin müstəsna səyləri ilə qoyulmuş müstəqil dövlətçilik siyasətini 16 ildir ki, ümummilli liderin ən layiqli davamçısı Prezident İlham Əliyev yüksək səviyyədə davam və inkişaf etdirir. Ulu öndər bir çox maneə və çətinlikləri dəf edərək, müstəqil Azərbaycanı XX əsrdən XXI əsrə uğurla keçirdiyi kimi, onun ən sadiq varisi Prezident İlham Əliyev də ölkəmizi XXI əsrin yeniləşmə və tərəqqi yolu ilə inamla irəli aparır. 
Mərasim boyu Əməkdar artist Nərgiz Əliyevanın rəhbərlik etdiyi kamera orkestrinin müşayiəti ilə respublikanın populyar sənətçiləri ulu öndərin yüksək dəyərləndirdiyi və xatirəsinə həsr olunmuş seçmə musiqiləri səsləndiriblər. Anım məclisi Əməkdar artist İlham Nəzərovun ifasında Müslüm Maqomayevin dünyaca məşhur və ümummilli lider Heydər Əliyevin çox sevdiyi “Azərbaycan” mahnısı ilə sona çatıb.

 

İsrafil Kərimov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

9 Dekabr 2019 22:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə