Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyətimizin bugünkü uğurları Heydər Əliyevin adı ilə bağlıdır

Mədəniyyətimizin bugünkü uğurları Heydər Əliyevin adı ilə bağlıdır

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
 Heydər Əliyev
Ümummilli lider


Ötən əsrin ortalarından etibarən Azərbaycan xalqının həyatında yeni inkişaf dövrü başlamışdır. Söz yox ki, bu inkişaf ulu öndərin adı ilə bağlıdır. Bu böyük tarixi şəxsiyyət ilk dəfə Azərbaycanda hakimiyyətə gəldiyi vaxtdan milli mədəniyyətimizin əsl mənada himayədarı olmuşdur. Ulu öndər deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.”

Mədəniyyət və incəsənətin bir çox sahələrinin kardinal problemləri haqqında fikir söyləyərkən qənaətlərində Heydər Əliyev xalqımızın mənəvi simasına güzgü tutan dəyərlərin təbliğini milli ideologiyanın, bütövlükdə azərbaycançılıq ideologiyasının vacib və zəruri komponentlərindən biri olmaq şərti ilə ön plana çəkir, mədəniyyəti milli dövlətçilik məfkurəsinin başlıca tərkib hissələrindən biri sayırdı. Ulu öndər yaxşı bilirdi ki, sabahkı uğurlara yeni təminat sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Bu böyük şəxsiyyət mədəniyyəti xalqın tükənməz sərvəti hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə daim böyük ehtiramla yanaşan ulu öndər deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, mili-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir ­insan inkişafının təmin olunması deməkdir.”
Ümummilli liderimiz Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün öz qayğısını əsirgəməmişdir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin heykəllərinin qoyulmasına Heydər Əliyev xüsusi diqqət göstərirdi. Hələ sovetlər dönəmində nə qədər sənətçilərimiz ulu öndərin köməyi ilə SSRİ-nin yüksək fəxri adlarına, orden və medallarına layiq görülmüşdür. Neçə-neçə yazıçı, şair, rəssam, bəstəkar və müğənnilərimiz Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı olmuşdur. Müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə ulu öndər mədəniyyət və incəsənət xadimlərinə öz qayğısını əsirgəməmiş, onların sosial rifah halının yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirmişdir. 
Heydər Əliyev sənət adamları ilə görüşdən xüsusi zövq alırdı. Bu böyük şəxsiyyətin daxilində sənətə böyük sevgi vardı. Təsadüfi deyildi ki, memarlara şəhərsalma ilə bağlı məsləhətlər verirdi. Hər dəfə teatr xadimləri ilə, musiqiçilərlə səhnə arxasında görüşlərində onların problemləri ilə maraqlanır, öz tövsiyə və tapşırıqlarını veridi.
Milli dəyərlərimizə bələd olan ümummilli liderimiz xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq, azərbaycançılıq ideyologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycançılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır.”
Ədəbiyyat və sənətlə, teatr və kino ilə, folklor və yazılı abidələrlə, rəssamlıq və heykəltəraşlıqla, musiqi və ifaçılıqla bağlı qənaətlərində Heydər Əliyev bir tamaşaçı, seyirçi təsəvvürü yaratmırdı, o, incəsənətin daxili qanunauyğunluqlarına və inkişaf perspektivlərinə yüksək peşəkarlıqla yanaşan bir sənət nəzəriyyəçisi kimi çıxış edirdi. 
Unudulmaz Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı və diqqət heç vaxt yaddan çıxan deyil. Belə bir fikir var ki, millət şəxsiyyətini yetişdirir, şəxsiyyət də öz millətini dünyaya tanıdır. Müasir Azərbaycanın memarı olan Heydər Əliyev ümummilli lider və millət qəhrəmanı kimi şərəfli zirvəyə yüksəlib. Ulu öndərin milli mədəniyyətə, mənəviyyata göstərdiyi münasibət və mövqe hər birimiz üçün böyük məktəbdir.
Heydər Əliyevin vaxtilə memarlıq təhsili alması sonralar onun fəaliyyətində yüksək yaradıcılıq əzmini, qurub-yaratmaq şövqünü həmişə qüvvətləndirirdi. 
Ulu öndərimiz deyirdi: “Mədəniyyət və incəsənət kiçik yaşlarımdan qəlbimdə xüsusi yer tutur. Bəlkə də, gənclik illərində arzum rəssam olmaq, yaxud teatra getmək idi, amma qismət başqa cür oldu. Ona görə də hamısı qəlbdən gəlir”. Bu böyük şəxsiyyət, doğrudan da, hər işi qəlbdən, ürəkdən edirdi. Əsl sənət bilicisi idi. Sənətdən, mədəniyyətdən, incəsənətdən danışanda elə məsələlərə toxunurdu ki, hamı heyrətlənirdi.
Heydər Əliyev rəssamlıq sənətinə böyük qayğı ilə yanaşırdı. İncəsənətin bir növü olan bu sahənin milli-mənəvi dəyərlərimiz sırasında əhəmiyyətli yer tutduğunu dəfələrlə qeyd etmişdir. Heydər Əliyev Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə, tanınmış rus rəssamı Nikas Safronovun timsalında çağdaş rəngkarlıq sənətinin nailiyyətlərini yüksək qiymətləndirirdi. 
Eyni zamanda, milli musiqimizin Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Arif Məlikov kimi qüdrətli sənət korifeylərinin əsərlərindəki milli-mənəvi dəyərlərin xalqımız üçün iftixar mənbəyi olduğunu təsdiqləyən fikir və mülahizələri çox əhəmiyyətlidir. 
Milli kino sənətimizin inkişafında ulu öndərin xidmətləri xüsusi qeyd olunmalıdır. Bir sıra filmlərimizin ərsəyə gəlməsində ulu öndərin şəxsi təşəbbüsü olmuşdur. “Uzaq sahillərdə”, “Babək” və s. filmlərimizi qeyd etmək olar. Bəzən sovet senzurasından keçməyən filmlərimizin qəbul olunmasında da Heydər Əliyevin xidmətləri olub. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə kino istehsalı demək olar ki, dayanmışdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra dövlət sifarişi ilə filmlərin istehsalına başlandı, kinostudiyanın fəaliyyəti bərpa olundu, Dövlət Film Fondu yaradıldı. Bütün bunlarla yanaşı, ölkədə beynəlxalq kinofestivallar keçirilməyə, kino günləri, ssenari müsabiqələri və s. təşkil olunmağa başlandı.
Ulu öndərin şəxsiyyəti, Azərbaycan xalqının tarixindəki misilsiz rolu bu gün incəsənətimiz üçün tükənməz mövzu mənbəyidir. Rəssamlarımız dəfələrlə bu böyük şəxsiyyətin obrazını yaratmış, haqqında neçə-neçə musiqi əsəri bəstələmiş, ömür yoluna həsr olunan filmlər çəkilmişdir. Bunların hər biri incəsənət tariximizin qiymətli əsərləri kimi qalacaqdır. 
Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Ulu öndərin mədəniyyət siyasətini uğurla davam etdirən Prezident ­İlham Əliyev milli-mənəvi dəyərlərimizin inkişafına, qorunmasına və xarici ölkələrdə təbliğinə xüsusi önəm verir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da mədəniyyətimizin inkişafında xidmətləri olduqca böyükdür.
Dövlət siyasətində hər bir azərbaycanlının, ən əvvəl, öz ­xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması önə çəkilir: Burada “Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərməğan edilməlidir” prinsipi əsas götürülür. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. 
Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün ulu öndərin adını şərəflə daşıyan fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. 
İndi Bakıda Muğam Mərkəzi fəaliyyət göstərir, Xalça Muzeyi inşa olunub, yeni sərgi salonları yaradılır. Bunlar Heydər Əliyev ideyalarından güc alan dövlət başçımızın həyata keçirdiyi mədəniyyət siyasətinin real nəticələridir.

 

Azad ZEYNALOV, 
Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, professor, Əməkdar rəssam

9 Dekabr 2019 22:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə