Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran qəzeti: Azərbaycanın qət etdiyi uğurlu yol Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir

İran qəzeti: Azərbaycanın qət etdiyi uğurlu yol Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir

Azərbaycanın İranın Təbriz şəhərindəki Baş konsulluğunun təşəbbüsü ilə “Məhde Təməddon” (Mədəniyyət beşiyi) qəzetinin 9 dekabr tarixli sayında ümummilli lider Heydər Əliyevə həsr olunan məqalə dərc edilib. Məqalədə ulu öndərin həyat və siyasi fəaliyyətindən bəs ­olunur.

Yazıda ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri qeyd edilir. Bildirilir ki, Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb, müasir Azərbaycan Respublikası adlandırdığımız müstəqil dövlətin bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaradıb. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş ulu öndərin adı ilə bağlıdır.
Ümummilli liderimizin siyasi hakimiyyətə gəlişi ilə ölkəmiz bəlalardan xilas olub, öz tarixi taleyinin sahibinə çevrilib.
Bu böyük şəxsiyyət ali dövlət vəzifələrində olmadığı dövrlərdə belə xalqımız qarşısında xidmətlərini davam etdirib, həyatını təhlükə qarşısında qoyaraq 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə o zamankı Sovet rəhbərliyini ittiham edib. Heydər Əliyev 1990-cı ilin iyul ayının 22-də Naxçıvana gələrək buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik edib. Üçrəngli bayrağımız ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin iclas zalında qaldırılıb. Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə cəsarətli addımlar atılaraq Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürülüb. Blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər həyata keçirilib.
Lakin 1990-1993-cü illərdə Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qalıb, ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsi ilə qarşılaşıb. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə dəvət edilib. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri həmin ilin oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilib. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə əsl dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğunun əsasını qoyub.
Heydər Əliyevin xarici siyasət məsələlərinə, qonşu ölkələrlə əlaqələrə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub. Prezident Heydər Əliyevin 1994-cü il iyunun 29-da İran İslam Respublikasına rəsmi səfəri Azərbaycan-İran münasibətlərində yeni bir mərhələnin başlanğıcı olub. Bu gün Prezident İlham Əliyev tərəfindən həmin siyasət uğurla davam etdirilir.
Ötən dövr ərzində Azərbaycan Respublikasının qət etdiyi uğurlu yol Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir. Ulu öndərin xatirəsi həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda dərin ehtiramla yad edilir. O, hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır!

 

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

 

9 Dekabr 2019 21:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə